Gənclər və İdman Nazirliyi ilin idman yekunları ilə bağlı 09 yanvar 2025-ci il tarixində qala mərasimi təşkil edib.
Tədbirə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, idman təşkilatları, federasiyalar, media qurumlarının rəhbərləri, idmançılar, məşqçilər və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Mərasimdə federasiyalar, idman jurnalistləri arasında və sosial mediada aparılmış sorğu əsasında müəyyənləşmiş müxtəlif nominasiyalar üzrə ilin qaliblərinin mükafatlandırılması mərasimi olub. Mükafat alanlar sırasında Gəncənin yetirməsi, Paris-2024 Paralimpiya Oyunlarında qızıl medal qazanan parataekvandoçu İmaməddin Xəlilov da yer alıb. Belə ki, o, “İlin ən yaxşı kişi paralimpiyaçısı” mükafatına layiq görülüb.
