İmadəddin Nəsimiyə həsr olunmuş fərdi jurnalist yazıları müsabiqəsinin qalibləri mükafatlandırılıb

İyulun 12-də Rəşid Behbudov adına Azərbaycan Dövlət Mahnı Teatrında  “Nəsimi ili: klassik ədəbi irsə müasir baxış, milli və bəşəri ideyaların təbliği” mövzusunda fərdi jurnalist yazıları müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Müsabiqə Mədəniyyət Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) təşkilatçılığı ilə gerçəkləşib.

Mərasimdə mədəniyyət naziri Əbülfəs Qarayev, nazir müavini Rafiq Bayramov, KİVDF-nin icraçı direktoru Vüqar Səfərli, millət vəkili, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu və media nümayəndələri iştirak ediblər.

Jurnalist yazıları müsabiqəsi haqqında verilən məlumatda qeyd olundu ki, müsabiqə Prezident İlham Əliyevin “Nəsimi ili” ilə bağlı 11 yanvar 2019-cu il sərəncamından irəli gələrək jurnalistləri stimullaşdırmaq məqsədilə təşkil edilib.

Tədbirdə sonra bədii hissə təqdim edildi. İmadəddin Nəsiminin qəzəlləri səsləndirildi, muğam ifaçılarının dahi şairin qəzəlləri üstündə musiqi nömrələri alqışlarla qarşılandı.

Daha sonra Azərbaycan Respublikasının Mədəniyyət naziri Əbülfəs Qarayev səhnəyə dəvət olunub. Nazir çıxışında bildirdi ki, Mədəniyyət Nazirliyinin hər il Milli Mətbuat Günü ərəfəsində jurnalist yazıları müsabiqəsi keçirməsi ənənəvi hal alıb: “Lakin builki təqdimat keçən illərdəkindən bir sıra nüanslarına görə fərqlənir. Çünki bu müsabiqə böyük Azərbaycan şairi İmadəddin Nəsimiyə həsr olunub. Onu da diqqətinizə çatdırım ki, “Nəsimi ili” ilə bağlı keçirilən tədbirlər bununla yekunlaşmayacaq. Şəhər və rayonların mədəniyyət müəssisələrində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş ədəbi-bədii gecə, konfrans, dəyirmi masa, kitab sərgiləri və digər tədbirlər ilin sonuna kimi davam edəcək”.

Nazir  dahi şairin yubileyi və “Nəsimi ili”nin bu ilə təsadüf etməsinin xüsusi əhəmiyyəti qeyd edib: “İki gün sonra biz Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi qeyd edəcəyik. O vaxt Heydər Əliyev hakimiyyətə gəlməsəydi, bu gün nə Nəsiminin yubileyini belə təmtəraqla, beynəlxalq səviyyədə qeyd edərdik, nə də başqa dahilərimizi dünyaya tanıdardıq. Məlumdur ki, Azərbaycan xalqının keçdiyi yola bəşəriyyətin verdiyi qiymət heç də hər zaman istədiyimiz kimi olmamışdır. Ona görə də Azərbaycan xalqının öz tarixi-mədəni keçmişinə qayıdışı dünyaya sübut edir ki, biz böyük mədəniyyətə malikik”.

Əbülfəs Qarayev bildirib ki, ümummilli lider Heydər Əliyev sovet Azərbaycanına rəhbərliyə gəldikdən sonra ilk addımlarından biri Nəsiminin adının UNESKO-da tanıtdırılması olub. Ulu öndərin təşəbbüsü və səyləri ilə 1973-cü ildə dahi şairin anadan olmasının 600 illiyi UNESKO-da təntənə ilə qeyd olunub: “İndi isə UNESKO-nun mötəbər tədbirləri Azərbaycanda keçirilir. Bu da Azərbaycanın yarım əsrdə keçdiyi möhtəşəm inkişaf yolunun göstəricisi, ölkəmizlə bu təşkilat arasında əlaqələrin möhkəm özülünün təsdiqidir”.

Nazir müsabiqədə qalib olan jurnalistləri təbrik edib, yeni yaradıcılıq uğurları arzulayıb.

KİVDF-nin icraçı direktoru Vüqar Səfərli hər il Mədəniyyət Nazirliyi ilə birgə təşkil olunan müsabiqələrdən söz açmış, Fond ilə fəal əməkdaşlığa görə nazirliyə təşəkkürünü bildirmişdir. Daha sonra qalib jurnalistlər mükafatlandırılmışdır.

Onu da bildirək ki, “Xalq cəbhəsi” qəzetinin müxbiri Elçin İmaməliyev (Qaliboğlu) birinci, “Mədəniyyət” qəzetinin müxbiri Gülcahan Umudlu və “525-ci qəzet”in müxbiri  Şahanə Mahmudzadə ikinci yerə layiq görülmüşlər. “Kaspi” qəzetinin müxbiri Fərid Hüseynov, “Şərq” qəzetinin redaktoru Ayyət Abdullayev və “Bakı-Xəbər” qəzetinin baş redaktor müavini Samirə Səfərova isə  üçüncü yerin sahibi olmuşlar. On nəfər jurnalistə isə həvəsləndirici mükafat təqdim edilmişdir. Birinci yerin qalibinə 1000 manat, ikinci yerin qaliblərinə (iki yer) hər biri 800 manat, üçüncü yerin sahiblərinə (üç yer) hər birinə 500 manat məbləğində pul mükafatı verilmişdir. Həvəsləndirici yerlərin sahiblərinin hər biri 200 manat məbləğində mükafatlandırılmışdır.

Sonda çıxış edən nazir Əbülfəs Qarayev qarşıdan gələn 22 iyul – Milli Mətbuat Günü münasibətilə bütün jurnalistləri təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.