Bu gün sosial şəbəkələrin və həmin şəbəkələrdə yaradılan qrupların cəmiyyətdə təsirsiz olmadığı hamıya yaxşı məlumdur. Ancaq heç də yaradılan qrupların hamısı dövlətinə sədaqəti, millətinə məhəbbəti, Azərbaycanın inkişafına sevinci, vətənpərvərliyi, sədaqəti və səmimiyyəti ilə gündəmə qalmır. Məkrli niyyətlə yaradılan, ağı həmişə qara görən, böhtan və nifrətlə dolu olan qruplar, lap elə qruplaşmalar da az deyil. Təbii ki, müdrik xalqın müdrikləri bunları ayıra bilir və həqiqətin harda olduğunu, necə göründüyünü dərk edir.

2016-cı ildə yaradılan və qısa zaman kəsiyində ətrafına 9 minə yaxın fəal toplayan və İlhamsevərlər adlanan qrup haqqında xeyli vaxt idi fikir bildirmək istəyirdim və artıq bu niyyətimi indi reallaşdırmaq istəyirəm. Qrupun yaradıcısı və rəhbəri Mirisa Heydərov sadə, olduqca vətənpərvər, sözünü bütün dönəmlərdə cəsarətlə deyən bir ziyalıdır. Əslən Qərbi Azərbaycanın müqəddəs Zəngibasar mahalınını Dəmirçi kəndindəndi Mirisa müəllim. Tanınan seyid nəslindəndir, halal bir kişinin övladı, təpədən dırnağa haqq, ədalət, müsəlmançılıq olan yurdun oğludur. Bakı Dövlət Universitetini bitirib. Riyaziyyatçıdır. 59 yaşı var. Özünü dərk edəndən haqq deyib, haqqa söykənib, onun müdafiəsində olub qardaşları ilə birgə. Torpaqlarımızın qorunmasında könüllü iştirak edib, xalqın ağır günlərində ziyalılığını, müəllimliyini silahla əvəz edib, Vətənin müdafiəsinə qalxıb.

Mirisa müəllim Ulu öndərə, onun siyasi iradəsinə, təcrübəsinə, idarəetmə qabiliyyətinə bağlılığı ilə də tam fərqli bir insandır. Təmənnası olmayan, çörəyini zəhməti ilə qazanan insan kimi də həmişə seçilib, adı hörmətlə anılıb. O, Heydər Əliyev böyüklüyünü görməyənlərin gözünü, eşitməyənlərin qulağını açıb, onları ayıldıb, bu dahiyə qarşı duranların önünü kəsib həmişə. Bu gün isə İlhamsevərlər qrupu ilə birgə Azərbaycanın dünya miqyasında tanınmasına sevinir, onun təbliğatçısı kimi şərəfli bir missiyanı yerinə yetirir. Yenə də təmənnasız görür bu işləri. Dövlətimizə qara yaxmağa çalışanların layiqli cavabını verir qrup üzvləri ilə birgə. Onu hədələyən, çörəyinə əngəl törətməyə çalışanlar da az deyil. Ən dəhşətlisi budur ki, ona qarşı yönələnlərin əksəriyyəti vəzifə sahibidi və açıq mübarizə aparmaqdan qorxaraq anonym formada təzyiqlərini davam etdirir. Amma Mirisa müəllim rudan düşmür, qorxmur, dala çəkilmir, əksinə daha qətiyyətli və cəsarətli formada mübarizəsini aparır, təbliğatını genişləndirir. Hər dəfə də deyir ki, biz bu gün yalnız qrupumuzla, onların fəalları ilə güclüyük və fəxr edirik ki, sağlam düşüncəli adamlar cəm olub ətrafımızda. Bu da qədir bilən xalqın rəhbərinə inamından, onun apardığı siyasəti bəyənməyindən irəli gəlir.
Məlumat üçün bildirim ki, tanınan elm adamları, akademiklər, təhsil-mədəniyyət işçiləri, Milli Məclis üzvləri, hüquqşünaslar, jurnalistlər, bir sözlə, bütün zümrələrdən olan insanlar birləşib bu qrupda. Onların hər biri də Heydər Əliyev ideyalarına sadiqliyini, Prezident İlham Əliyevin siyasətini dəstəklədiyini qrupda paylaşdıqları rəylərdə sübuta yetiriblər və bu fəaliyyəti haqq işi biliblər. Sosial şəbəkələrdə Prezidenti dəstəkləyən ən böyük qrup kimi hər zaman prezidentin yanında olublar.
Sonda əminliklə deyə bilərəm ki, bu qrupa heç kim bu və ya digər formada dəvət olunmayıb. İnsanlar könüllü şəkildə bir araya gəlib və nəticədə belə bir qrup alınıb. Qrupun hər bir üzvü də burda olmağından məmundur və ürəklərinə yazdığı, əməllərində yaşatdığı şərəf işini, haqq işini ləyaqətlə icra edirlər.
Qalib Rəhimli,
“Moderator.az”-ın baş redaktorunun müavini,
İlhamsevərlər qrupunun üzvü.