Gəncə Dövlət Universitetində Filologiya fakültəsinin təşəbbüsü ilə dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilmiş “İki cahana sığmayan fəlsəfə” adlı ədəbi-bədii tədbir keçirilib.
Tədbiri açan universitetin Humanitar məsələlər üzrə prorektoru Gülsüm Fətəliyeva Prezident İlham Əliyevin dahi Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi və 2019-cu ilin Azərbaycan Respublikasında “Nəsimi ili” elan edilməsi haqqında müvafiq sərəncamlarını ölkəmizdə humanist və azad fikrə, ədəbiyyatımıza göstərilən böyük diqqət və qayğının nümunəsi olduğunu deyib.
Bildirilib ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə İmadəddin Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib və 1973-cü ildə beynəlxalq miqyasda qeyd olunub. Nəsimi yaradıcılığı Azərbaycan dilinin və ədəbiyyatının inkişafında mühüm yer tutub.
Prorektor Gülsüm Fətəliyeva dövlət başçısının müvafiq sərəncamlarından irəli gələrək universitetdə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr edilən silsilə tədbirlərin keçirildiyini diqqətə çatdırıb.
Tədbirdə Prezident təqaüdçüsü, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan dili və dünya ədəbiyyatı kafedrasının dosenti Qivami Qazıyev “Nəsimi rədifli qoşma”, həmin fakültənin baş müəllimi Aygün Əhmədova “Nəsimi qəzəllərinin poetik xüsusiyyətləri” mövzularında çıxış ediblər.
Filologiya fakültəsinin tələbələrinin hazırladıqları bədii hissə maraqla qarşılanıb.
Nəsiminin “Sığmazam” qəzəli Xarici dillər fakültəsinin tələbələrinin ifasında fransız, rus, alman və ingilis dillərində səsləndirilib.
Şairin həyat və yaradıcılığına həsr olunmuş tədbirdə “Nəsimi” filmindən fraqmentlər, Fikrət Əmirovun “Nəsimi dastanı” baletindən videoçarx, şairin qəzəllərindən ibarət kitab sərgisi nümayiş etdirilib.