Azərbaycanın keçmiş xarici işlər naziri, Macarıstandakı səfirimiz Vilayət Quliyev Facebook səhifəsində 2001 – ci ildə Azərbaycan və Ermənistanın o vaxtkı prezidentləri Heydər Əliyev və Robert Köçəryan arasında olmuş bir dialoq barədə xatirələrini bölüşüb. Bu haqda məlumatı Virtualaz. orq öz səhifəsində yayıb.
V. Quliyev yazıb: “Erməni işğalına qədərki Şuşanın simvollarından biri də ana dilimizin böyük ustadı, məhəbbət və gözəllik şairi Vaqifin əzəmətli məqbərəsi idi. Məqbərənin tikintisi 1982-ci ildə başa çatmışdı. 1983-cü ilin yanvarında respublika rəhbəri H.Ə.Əliyevin iştirakı ilə təntənəli açılışı olmuşdu. Hər il burada ənənəvi Vaqif poeziya günləri keçirilirdi.
2001-ci ildə Strasburqda Prezident Heydər Əliyevin Köçəryanla görüşünün rəsmi hissəsindən sonra aralarında belə bir söhbət oldu:
-Mənim təşəbbüsümlə Şuşada Vaqifin məzarı üzərində məqbərə tikilmişdi. Vaqif bizim böyük şairimizdir, Qarabağ xanlığının vəziri olub. Məqbərə nə vəziyyətdədir? Onu da dağıtmısınız?
-Başımız açılana qədər bütün alüminium hissələrini, mərmər üzlükləri söküb aparmışdılar. Karkası isə durur.
-Ümidvaram ki, bu işdə sənin əlin olmayıb…
-Nə danışırsınız, Heydər Əliyeviç…
Prezidentin sifətindəki ifadədən qarşısında dayanan bu məxluqdan iyrəndiyi açıq-aşkar oxunurdu.
Erməni heyəti aralanandan sonra mərhum Prezident heç kəsə müraciət etmədən sanki öz-özü ilə danışırmış kimi: “Gözünün içinə qədər yalan deyir. Quldurbaşının böyüyü özüdür” – dedi.
Ümidvaram ki, Vaqifin məqbərəsi yenidən əvvəlki gözəlliyinə qayıdacaq…”.