Bu günkü uşaqlar sabahın quruculardır. Bu səbədən onların təlim- tərbiyəsi günümüzün ən vacib məsələlərinin biridir.Təhsildə digər sahələr kimi vətənpərvərlik tərbiyəsi də təlim-tərbiyədə önəmli yer tutur. Ona görə də gənc və yeniyetmələrə bu tərbiyəni aşılarkən onları düzgün, faydalı yola istiqamətləndirmək lazımdır.Uşaqlarımızı, gənc nəsli tərbiyə etmək – onları ölkəmizdə baş verən bütün yenilikləri, yüksəlişi səmimi qəlblə görməyi, öz xalqını və dövlətini bütün qəlbi ilə sevməyi, yaşadığı torpağı, xalqımızı, onun adət-ənənəsini, musiqisini, mədəniyyətini, bu gününü, xoşbəxt gələcəyini sevməyi öyrətmək deməkdir.
Müasir zamanda radio və televiziyanın verdiyi geniş informasiya axını uşaqlarımızın həyatına, psixologiyasına, düşüncəsinə böyük yeniliklər gətirir və dəyişikliklər yaradır. Uşaqlar indi öz valideyinlərinin həmin yaş dövründən fərqli olaraq daha çox məlumatlıdırlar. Zaman dəyişdikcə onun qanunauyğunluqları da dəyişir. Əlbəttə ki, bu bizim həyatımızda, məişətimizdə, psixologiyamızda böyük dəyişikliklərə də səbəb olur. Dəyişməyən isə bir şeydir. Bu-bütün zamanlarda öz aktuallığını itirməyən Vətən və Vətənə məhəbbət mövzusudur.Təlim-tərbiyə ilə bağlı bütün məsələlər isə Vətəni sevmək, Vətənə layiqli övlad yetişdirmək, onun təlim və tərbiyəsinə var gücünü həsr etməkdir.
Vətənə məhəbbət, milli iftixar, öz xalqının adət və ənənələrinə onun keçmişinə hörmət azərbaycan xalqına xas olan xüsusiyyətlərdir.Bu hisslər hələ uşaq yaşlarından formalaşır və tədricən onun ağıl və düşüncəsinə həkk olunur, hopur. Məhz buna görə də, uşaqlarda bu hissləri hələ erkən yaşlardan inkişaf etdirmək, öz xalqını uşaqlara sevdirmək, onun keçmişinə hörmətlə yanaşmağı öyrətmək lazımdır. Axı keçmişə hörmət yaratmadan xalqının bu gününü də sevdirmək mümkün deyil . Xalqımızın şanlı keçmişi ilə tərbiyə olunmuş gənclərimiz həyatın bütün sınaqlarında vətənpərvərlik hissləri ilə alışıb-yanan gənclər olacaqdır.
Bizlərin çoxunu yəqin ki, belə bir sual düşündürür: – Biz, ata və babalarımızın sələfləri,onların bizə qoyub getdikləri mənəvi dəyərləri lazımınca qoruya bilirikmi? Öz övladlarımızı onlara layiq böyüdürükmü? Bundan sonra xalqımızın tarixi, keçmişi kimi şərəfli və şanslı olacaqmı?
Ömrünü gənc nəslin təlim-tərbiyəsinə həsr edən bütün zəhmətkeş insanlar bu sualın cavabını bilirlər. Gənc nəslin gələcəyi onların əlindədir. Gələcək onların bu işə hansı dərəcədə can atacağı, bu işə hansı dərəcədə töhvə verəcəyindən asılıdır.
Bizim ölkəni bürüyən yeniləşmə prosesləri, şəhər və kəndlərimizin görkəmini günü-gündən dəyişir. Biz bu dəyişiklikləriə çox sevinirik. Bu gün gördüklərimiz (elə öz doğma rayonumuzda da) bizim qəlbimizi fəxr hissləri ilə doldurur. Lakin çiçəklənən bu günümüzün hansı əzablı və keşməkeşli günlərdən keçərək əldə edildiyini də unutmamalı, onu yetişən gənc nəsilə də anlatmalıyıq. Əlbəttə ki, müstəqillik qazandığı ilk günlərdən bu günümüzədək xalqımızın apardığı mübarizə, verdiyi qurbanlar, erməni faşistləri ilə qanlı müharibədə tökülən şəhid qanları haqda yetişən gənc nəsl ətraflı məlumatlandırılmalıdır. Keçirilən dərslərdə, təşkil olunan tədbirlərdə, məktəbdaxili və məktəbdənkənar işlərdə orta təhsil ocaqlarının müəllim və pedaqoq heyəti bu işə var gücünü sərf etməlidir.
Təmsil etdiyim Şəmkir rayon İsrafil Məmmədov adına Qapanlı kənd tam orta məktəbdə şəhidlərlə bağlı geniş, silsilə şəkilini almış tədbirlər keçirilir. Bu, şagirdlərimizin yaddaşında böyük iz qoyur, onları yaxşı oxumağa, gələcəkdə öz xalqının layiqli övladları olmağa, məhz qəhrəmanlara oxşamağa, onlar kimi olmağa həvəsləndirir. Sadalanan bu işlərdə valideynlərin də rolu böyükdür. Uşaqlar öz valideynlərinin timsalında onları yeni həyata hazırlayan şəxslər, onları təhsilə, vətənpərvər və vicdanlı olmağa, yaxşı oxumağa həvəsləndirən şəxslər görməlidirlər.
Uşaqlar böyüdükcə dünyanı dərk etməyə, böyük şəxsiyyətlərin həyatı, onların keçmişi ilə maraqlanmağa başlayır. Uşaq marağından ətrafa və onu əhatə edən dünyaya məhəbbət başlayır. Bu marağı vaxtında sezmək və onu Vətəni sevməyə, layiqli vətəndaş olmağa yönəltmək çox vacibdir. Ata-babalarımızın şan-şöhrətə layiq işləri keçmişdə qalmışdır. Lakin indinin özündə də onlar övladlarımızın təlim-tərbiyəsində bizə xidmət edir. Qoy bizim övladlarımız tariximizi bilsinlər. Qoy tarixi keçmişimizlə fəxr etsinlər. Uşaqları keçmişimizə hörmət etməyi öyrədin. Çünki tarixi keçmişinə hörmət etməyən şəxs, hörmətin nə olduğunu bilməz, bu gününə də hörmətlə yanaşmaz.
Bu gün övladlarımız hər cür qayğı ilə əhatə olunub. Dövlətimiz onların rahat təhsili üçün heç nə əsirgəmir. Şagirdlərimiz hər cür maddi-tədrisi bazaya, hər cür şəraitə malik məktəblərdə təhsil alırlar. Dövrün ən müasir təhsil sisteminə məxsus milli təhsilimiz özünün çiçəklənən dövrünü yaşayır. Müasir tədris binalarının daxili və xarici görkəminin özü belə uşaqların zövqünü oxşayır, onları yaxşı oxumağa, nümunəvi həyata səsləyir. Gəlin ətrafa boylanaq, gəlin fikirləşək: Bizə – Azərbaycanımızın xoşbəxt övladlarına doğma Respublikamızda baş verən yeniliklər, yeniləşən şəhərlər, abadlaşan küçələr, yeni tikilmiş və ya dünya standartları səviyyəsində təmir olunmuş tədris binaları nə verir? Və biz dövlətimizin bizim üçün gördüyü bu işlərə hansı işimizlə cavab verməliyik. Əlbəttə ki, günümüzün ən vacib məsələlərinə həsr olunmuş işlərimizlə. Bu-hər hansi peşəni təmsil edən insan üçün özünəməxsusluq təşkil edir.Təhsil işçiləri üçün isə bu – şagird dünyagörüşünün düzgün formalaşdırıması, onların təlim-tərbiyəsi ilə sidq-ürəklə məşqul olmaq kimi məsələlərdir.
Bu gün məzunların ali təhsil ocaqlarına qəbulu göstəricilərinə görə məktəbimiz ön sıralardadır. İl ərzində şagirdlərimiz bilik yarışlarının, olimpiadaların, müxtəlif məzmunlu və müxtəlif səviyyəli yarışların qalibləri olurlar. Adlı-sanlı müəllimlərimizi indi gənc, enerjili, savadlı kadrlar əvəz edir. Onlar da məktəbin doğma ənənələrini qoruyub saxlamaq üçün əzmlə çalışırlar. Göstərilən bu faktlar məktəbdə təlim-tərbiyənin yüksək peşəkarlıqla həyata keçirildiyinin göstəricisidir.
Həyatda özünü uğurlu yolda tapmış adlı-sanlı peşə sahiblərinə bu yolun cığırında ilk addımını atmaqda köməkçilər məhz müəllimləri olmuşlar. Həyatı, Vətəni, xalqı, dövlətimizi, mədəniyyətimizi…onlara məhz doğma, sevimli müəllimləri öyrətmişlər. Məktəbdə aparılan məqsədyönlü işlər öz bəhrəsini vermişdir. Bunları sevmədən onlar seçdikləri peşəni də sevməz, özlərini bu sənət və peşələrdə görməzdilər. Bu gün onlar seçdikləri peşə ilə məhz Vətənlərinə xidmət edirlər.
Vətənpərvərlik və hərbi-vətənpərvərlik tərbiyəsi həmişə gündəmdə olan məsələlərdəndir. Məktəbimizdə keçirtdiyimiz tədbirlərdə şagirdlərimiz bu ruhda tərbiyə olunur, milli-mənəvi dəyərlərimizin təbliğinin şagirdlərin vətənpərvərlik tərbiyəsində mühüm əhəmiyyət daşımasına can atırıq. Bu səbəbdən məktəbimizdə keçirilən tədbirlər həmişə böyük tərbiyəvi xarakteri ilə seçilir.
Məktəbimizdə şagirdlərin bədii-estetik tərbiyəsinin inkişafına da böyük üstünlük verilir.Tez-tez rəsm, şer müsabiqələri, əl işlərindən ibarət sərgilər təşkil edilir. Bu, istedadlı şagirdlərin aşkara çıxarılmasına xidmət edir. Bütün bunlar şagirdlərimizin bizi əhatə edən gözəl dünyamız haqqında düzgün və hərtərəfli biliyə malik olması üçündür.
Tacirə Alıyeva, Şəmkir rayon İsrafil Məmmədov adına Qapanlı kənd tam orta məktəbin direktoru.