Gəncə Dövlət Universitetində semestr imtahanları-həqiqətlər və miflər

Respublikamızın ali təhsil ocaqlarında qış imtahan sessiyası  davam edir. Təhsil ocaqlarında imtahanların şəffaf keçirilməsi, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunmasında ictimai nəzarətin gücləndirilməsi ilə bağlı KİV-də, sosial şəbəkələrdə geniş səpkili materiallar dərc edilməkdədir. İctimai nəzarətin məqsədi bu proseslərdə insanların məlumatlandırılmasının təmin edilməsi məqsədi daşıdığından bu sahədə şəffalığın və obyektivliyin nə dərəcədə önəm daşıdığı  bu gün öz çılpaqlığı ilə nəzərə çarpmaqdadır.

Digər tərəfdən, universitet tələbələrinin imtahanlarda kütləvi surətdə kəsildiyi xəbərləri də KİV səhifələrində yer almaqdadır. Ortaya suallar çıxır. İllər ərzində tədris işinin düzgün qurulması haqda media nümayəndələrinə məlumatlar “ötürən” bəzi universitet rəhbərləri bu gün bu acınacaqlı faktlar qarşısında aciz qalmışlar. Onların təhsildə hökm sürən bu müdhiş mənzərədən nə dərəcədə sarsıldığı, yaxud qayğılandığı bizim üçün bundan sonra da bir sirr olaraq qalacaqdır. Hər jurnalist bu sahədə səhih məlumatlara malik olmaq şansına malik deyildir…

Bəs, təhsilin, tədrisin keyfiyyətinin səviyyəsini daim yüksəklərdə saxladığını bəyan edən təhsil ocaqlarında tələbələr  qiymətləndirmə prosesində nə səbəbdən passivlik və ya acizlik göstərirlər? Bu halın səbəblərini açıqlayan müxtəlif versiyalar mövcud olsa da, onların içərisində ictimaiyyət arasında ən populyar fikir –tədrisin səviyyəsinin aşağı olması, bir çox dekanlıq və ya kafedraların bu işə barmaqarası yanaşması, bəzi yerlərdə rüşvətin və korrupsiyanın açıq şəkildə ayaq açıb, yeriməsi kimi göstərilir. Bunula bağlı sosial şəbəkələrdə səsləndirilən fikirlər, KİV səhifələrində yer alan yazılar günbəgün artmaqdadır.

GDU-nun müəllimlərinin sosial şəbəkələrdə çıxışları xüsusilə maraq oyadır.-“…42  bal alanı 16 bala endiriblər”, “30 nəfərdən 21 tələbə kəsilib”,” Mənə təsir edən odur ki, 30 saatı böyük əziyyətlə tədris et, tələbənin 90 %-i dərs fəalı olsun, dərəcəsizin biri, öz dərslərini normal tədris etməyən gəlib sənin 24 ildir tədris etdiyin fənnin başına oyun açsın, kiməsə xoş gəlsin deyə məqsədli olaraq, 21 tələbə kəssin… Hətta həmin müəllimin əmrdə adı da yoxdur” kimi fikirlər söyləyən müəllimlər də var və biz heç də bu insanları qınamaq fikrində deyilik. Əlbəttə ki, sosial şəbəkə KİV deyil və insanlar burada öz fikirlərini açıq şəkildə ifadə etmək hüququna malikdirlər. Bəs, GDU-nun müəllimlərinin və tələbələrin yazdıqlarında nə həqiqətdir və nə, heç də həqiqətə oxşamır.

“Hər kəsin bir həqiqəti var” – deyiblər. Bütün bu imtahan epopeyası gələcəkdə tədrisin, təhsilin keyfiyyətinin daha da artırılacağına böyük ümidlər yaradır. Lakin, başqa suallar da insanları narahat etməkdədir.- Axı, illər ərzində rüşvət, korrupsiya məkanı olmuş ali təhsil ocaqları atılan bu mütərəqqi addıma nə dərəcədə hazırdırlar? İmtahanlara  “baxış keçirən”  ictimai nəzarət şurasının üzvləri və media nümayəndələri bu proseslərdən nə qədər halidirlər və onların hansısa proseslərə müdaxilə etməyi( əlbəttə ki, yaxşı mənada və qanun çərçivəsində) mümkün sayılırmı?

İstənilən suallarla bağlı müraciət etməli olduğumuz yer-Universitetlərin Mətbuat Xidmətləri belə – bu istəyə müsbət addım atmaq iqtidarında olmadığını daim nümayiş etdirməkdədir. Hər addımda yazarlara “ağıl dərsi” keçən, ömründə bir nəzərə çarpan işlə yadda qalmayan bu “xidmət”lər əslində hansısa proseslər barədə açıqlama vermək, yaxud, bu proseslərə təsir etmək imkanlarından da məhrumdurlar. Bu səbəbdən, müstəqil yazarlar müstəqil araşdırmalar ovuna çıxmaq məcburiyyətində qaldığından, cəmiyyəti çaşdıran bir çox məlumatların KİV səhifələrində yer almasına da şərait yaradırlar.

Biz, “Etmtv. news” olaraq, GDU-da gedən imtahan prosesinin şəffaf və obyektiv keçirilməsi barədə yazı ilə çıxış etmiş və GDU-nun müəllimlərinin də bu xəbərləri dəstəkləyən çıxışlarına da yer ayırmışıq. Bu, əlbəttə ki, təqdirə layiq bir iş sayılmalıdır. Cəmiyyəti təmsil edən insanlar bu kimi xəbərlərə heç də etinasız yanaşmırlar. Bununla belə, biz də öz növbəmizdə, yazının əvvəlində verilən suallara cavab axtarışı ilə bağlı  GDU -da araşdırma aparmalı olduq.

GDU-da “İctimai Nəzarət” heç də sözü yetərli nüfuza malik deyilmiş. Kimliyindən asılı olmayaraq, KİV-i təmsil edən heç bir kəs universitetin qapısından icazəsiz içəri keçə bilməz.

– “Bu rektorun tapşırığıdır”- qapıçı Napaleon görkəmi və ədası ilə bildirir- “Valideynsənsə, kimliyini qoyub içəri keçə bilərsən.”

Əlbəttə ki, istənilən şəxs, hətta ən sevilən bir şəxs olsa belə, bu haldan sarsılmamış olmaz. Uzun gözləmədən sonra içəri keçə bilirik. Sonda bizdə simpatiya və hörmət hissləri yaradan yeganə insan-fakültə dekanı özü gəlib bizi içəri dəvət edir. Ötür-ötür oyunu öz qızğın çağında- dekan kafedra müdirinə, kafedra müdiri müəllimə istinad edir. Bildiyimiz, məlumatlı olduğumuz bu haldan  çıxış yolu axtarırıq.-Tələbələr dərs keçməli olan müəllimi tanımırlar. Bir neçə gündən sonra imtahan olacaq. Mühazirə mətnləri kafedranın elektron səhifəsində hələ də yerləşdirilməyib. -deyirik. – Tələbələrin dərslərə davamiyyəti pis olub. Daha doğrusu, dərslərə heç gəlməyiblər. – cavabını alırıq.

Bəs, çıxış yolu nədədir? Heç kim bilmir. Bu, jurnalistə, vətəndaşa məlumat vermək yox,  “məlumatları gizlətmək “ xarakterli “şou”. Dekan yenə də işə qarışmalı olur. Sonda, yenə də bildiyimiz həqiqət öz yerini tapır(dekana öz minnətdarlığımı bildiririk).- Sabah mühazirələr kafedranın məlumat bazasında yerləşdiriləcəkdir- sevindirici cavab alırıq…

Sevinməliyikmi?… Bu sualın cavabı imtahana biliksiz, hazırlıqsız qatılan tələbələrdə olacaqdır.

Mövzuya qayıdacağıq…

Ruhulla Zahidov, yazıçı-jurnalist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.