Gəncə Dövlət Universitetində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” Gənclərin İnkişaf Mərkəzi(GİM) İctimai Birliyinin sədri Kamil Həmidovun gənc psixoloq tələbələr üçün “Kitabla terapiya” layihəsi çərçivəsində qrupşəkilli biblioterapiya baş tutub.
Tədbirdə Humanitar məsələlər üzrə prorektor Gülsüm Fətəliyeva, “Addım” Gənclərin İnkişaf Mərkəzi İctimai Birliyinin sədri Kamil Həmidov və tələbələr iştirak ediblər.
Prorektor Gülsüm Fətəliyeva bildirib ki, hər bir toplumun inkişafı, dünya arenasında yeri təkcə onun iqtisadi nailiyyətləri, biznes imkanları ilə deyil həm də fərdlərinin dünyagörüş səviyyəsi və ən əsası kitaba olan münasibəti ilə əlaqəlidir. Son dövrlərdə insanların kitaba marağının artırılması, onların mütaliə vərdişlərinin formalaşdırılması istiqamətində aparılan işlər diqqəti cəlb edir.
Tədbirdə GİM İctimai Birliyinin sədri Kamil Həmidov qeyd edib ki, bu tip işlərin içərisində “Addım” Gənclərin İnkişaf Mərkəzinin gənc psixoloq tələbələr üçün “Kitabla terapiya” adlı proqram xarakterli layihəsi özünəməxsusluğu ilə seçilir. Kitabla terapiyalarda daha çox qrupşəkilli biblioterapiyalar keçirilir. Qrup terapiyasının iştirakçıları əvvəlcədən elan edilmiş kitabı oxuyaraq psixoloqun moderatorluğu ilə onu müzakirə edirlər. Müzakirələrdə tətbiq edilən psixoterapevtik metodikalar sayəsində yanlış stereotiplər qırılır, motivasiya gücləndirilir, davranış pozuntuları korreksiya edilir, pozitiv düşüncələr formalaşır, yeni sərvət dəyərləri, mənəvi əxlaqi keyfiyyətlər qazanılır. İctimai Birlik hesab edir ki, gələcəyin psixoloqlarının praktik peşə bacarıqlarının arıtırılması istiqamətində geniş işlər aparılarsa cəmiyyətdə sosial fobiya, uşaq depresiyaları, sosial adaptasiya problemləri, intiharlar və digər neqativ halların sayı minimuma enər.
Gələcəyin psixoloqları Kamil Həmidovun moderatorluğu ilə Frans Kafkanın “Çevrilmə” novellasının psixoloji müzakirəsi sayəsində əyani olaraq Biblioterapiya metodunu öz üzərilərində tətbiq etmişlər. Onlara psixoloq Kamil Həmidovun müəllifi olduğu “Kitabla terapiya”-nın nəzəri və praktik aspektlərinin əhatəli təsvir olunduğu kitab da paylanılmışdır.
MƏTBUAT VƏ İCTİMAİYYƏTLƏ ƏLAQƏLƏR XİDMƏTİ