GƏNCƏSƏNƏT – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasının açılışı olub

Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə İctimai İştirakçılq Məclisinin təşəbbüsü, Gəncə Regional Mədəniyyət İdarəsi, Gəncə Destinasiya Menecmenti Təşkilatı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin birgə təşkilatçılığı, “Sahibkar Qadınlar” və “Gəncə Maarif Evi” ictimai birliklərinin, habelə “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun tərəfdaşlığı ilə “GƏNCƏSƏNƏT” – Gəncə incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkası təşkil olunub.
Gəncə Dövlət Filarmoniyasının yaxınlığındakı Urban Mərkəzində baş tutan açılış mərasimində Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Kamran Məhərrəmov, Millət vəkilləri Müşfiq Cəfərov və Pərvin Kərimzadə, Türkiyənin Gəncədəki Baş Konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Gəncə Destinasiya Menecmenti Təşkilatının direktoru Zaur Bayramov, “Cavad Xan” Tarix və Mədəniyyət Fondunun birinci vitse-prezidenti Müzadil Həsənov və başqaları iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Qeyd olunub ki, Gəncə tarixən mədəniyyət beşiyi hesab edilir. Burada hələ qədim dövrlərdən xeyli sayda sənətkarlar fəaliyyət göstərib, müxtəlif sənətkarlıq və incəsənət növləri inkişaf edib. Hazırda Gəncə şəhəri və ümumilikdə Qərb regionunda incəsənət və sənətkarlıq nümunələrinin satış-sərgi məkanının olmaması bu sahəyə olan marağın azalmasına gətirib çıxarıb.
Sərgi-yarmarkanın həyata keçirilməsinin əsas məqsədi vaxtı ilə Gəncədə, eləcə də ətraf bölgələrdə mövcud olmuş, bugünki dövrə gəlib çatmamış və ya çox az sayda sənətkar tərəfindən qorunub saxlanan bir sıra sənət ənənələrinin dirçəldilməsi və yaşadılmasıdır. Bununla yanaşı sərgi-yarmarka alıcılarla sənətkarlar arasında körpülərin salınmasına, yaradıcılıqla məşğul olanlar arasında inkişaf yönümlü dialoqun qurulmasına, əhalidə sənətkarlıq və incəsənətə olan marağın artırılmasına, müxtəlif istiqamətli sənət növlərinin yaşadılması və inkişafına, eləcə də şəhərin mədəni həyatının canlandırılmasına xidmət edir.
GƏNCƏSƏNƏT – incəsənət, sənətkarlıq və yaradıcılıq sərgi-yarmarkasında Gəncə şəhəri və Qərb regionunda yaşayan sənətkarlara, rəssamlara aid bir çox növdə sənətkarlıq və rəngkarlıq nümunələri, həvəskar şəkildə yaradıcılıqla məşğul olan şəxslərin müxtəlif janrlarda əl işləri, həmçinin Gəncə mətbəxinin nümunələri tədqim olunub.
İki gün davam edəcək sərgi-yarmarkanın gələcəkdə mütəmadi şəkildə keçirilməsi planlaşdırılır.
  

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.