Cavad xan – Şahverdi xan oğlu Ziyadoğlu Qacar 1748-ci ildə Gəncə şəhərində doğulub. Qacarlar nəslindəm olan böyük Azərbaycan sərkərdəsi, dövlət xadimi, Gəncə xanlığının sonuncu xanı olub. Cavad xanın atası Şahverdi xan 1756-cı ildən 1761-ci ilə qədər Gəncənin xanı olub. Cavad xanın anası Şərəf Cahan bəyim də əsil-nəcabətli bir nəsildən idi. Cavad xandan başqa ailənin Tuti bəyim, Xurşid bəyim və Heyransa xanım adında üç qızı da vardı. 1780-ci ildə Cavad xan adi bir kəndli qızı olan Şükufə xanımla, 1790-cı ildə isə Şəki xanının bacısı Məliknisə xanımla ailə qurub. Cavad xanın üç oğlu Uğurlu xan, Əliqulu xan və Hüseynqulu xan, dörd qızı-Tuti Bikə, Püstə bəyim, Xatun bəyim, Balaca bəyim doğulublar.
Cavad xan, Gəncədə XVI əsrdən hökmranlıq edən Ziyadoğlular nəslindəndir. Ziyadoğlular ilk doqquz Qızılbaş tayfalarından olan Qacarların bir qoludur. Cavad xan o dövrdə sürətlə bir-birini əvəz edən mürəkkəb hadisələr fonunda öz fəal siyasi fəaliyyəti ilə digər Azərbaycan xanlarından seçilirdi. 1786-cı ildən Gəncəni idarə edən Cavad xan 1804-cü il yanvarın 3-dən 4-nə keçən gecə general Sisianovun başçılığı etdiyi uzun müddət şəhəri mühasirədə saxlayan rus işğalçı qoşunları ilə qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.
Cavad xan türbəsi Gəncə şəhərində, Şah Abbas meydanında, Şah Abbas məscidinin yaxınlığında yerləşir.
SSRİ dövründə Şah Abbas məscidinin həyətində fəvvarə inşa etmək məqsədi ilə aparılan qazıntılar zamanı təsadüfən bir maneəyə tuş gəlinib və təcili qazıntılar dayandırılıb. Ərazidən üstü ərəb dilində yazılmış baş daşı və məzar aşkarlanır. Yazılar məzarın şəhid Gəncə xanı Cavad xana aid olduğunu göstərir və məzar maneələrə rəğmən bərpa edilir.
Nəhayət 2005-ci ildə Heydər Əliyev Fondunun dəstəyi ilə məzarın üstündə xana layiq türbə inşa edilərək Cavad xanın xatirəsi əbədiləşdirilir. Türbə Arran memarlıq məktəbi üslubuna uyğun bişmiş kərpicdən dördkünc formada inşa edilib. Türbənin üstü gümbəzlə örtülüb. Türbənin mərkəzində Cavad xanın məzarı durur. Cavad xanın məzarının köhnə baş daşı isə qiymətli eksponat kimi Gəncə Tarix Diyarşünaslıq Muzeyində saxlanılır.