Gəncənin musiqi tarixi – Gəncə Dövlət Filarmoniyası

Bu gün Ulu Şeyx Nizami yurdu olan qədim Gəncə sürətlə müasirləşir, abadlaşır, inkişaf edir və öz yeni simasına qovuşur. Xüsusi olaraq qeyd etmək lazımdır ki, bütün bunlar dövlət başçısı cənab İlham Əliyevin Gəncəyə olan tükənməz qayğısının bariz nümunəsi və nəticəsidir. Məhz Prezident İlham Əliyevin diqqət və qayğısı, proqram xarakterli tövsiyələrinin nəticəsi olaraq qədim Nizami yurdu olan Gəncə vaxtilə malik olduğu tarixi şöhrətini yenidən özünə qaytarıb, bölgənin əsas iqtisadi və mədəni mərkəzinə çevrilə bilib. Gəncə bu gün Azərbaycanın ən gözəl ünvanlarından biri olmaqla qloballaşan dünyamıza inamla qovuşan şəhər görkəmi alıb, mühüm sənaye mərkəzinə çevrilib.

Regionların sosial-iqtisadi inkişafı dövlət proqramının həyata keçirilməsi istiqamətində Gəncə kimi 4000 ildən artıq bir tarixi olan qədim və böyük bir şəhərdə son illərdə aparılan işlərin həcmi o qədər böyükdür ki, bu barədə günlərlə söhbət açmaq olar. Gəncəni gəzdikcə bu möhtəşəmliyə valeh olmamaq mümkün deyil. Bu yeni tarixi haqlı olaraq Gəncənin qızıl tarixi kimi də adlandırmaq olar. Çünki tarix illərlə yazılır, tarix qiymət verir illərə.

Gəncədə fəaliyyət göstərən mədəniyyət ocaqları sırasında öz möhtəşəmliyi ilə hər zaman diqqəti cəlb edən əzəmətli bir bina var. Bu möhtəşəm bina müasir Gəncəmin gözəlliyinə başqa bir rəng qatır. Söhbət Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının yeni tikilən binasından gedir.

Qeyd edim ki, qədim Nizami yurdu olan Gəncədə Dövlət Filarmoniyası hələ 1935-1936-cı illərdə müasir Azərbaycan peşəkar musiqi sənətinin və müsəlman şərqində ilk milli operasının banisi kimi tanınan Üzeyir bəy Əbdülhüseyn oğlu Hacıbəyovun (18 sentyabr 1885, Ağcabədi – 23 noyabr 1948, Bakı) təşəbbüsü ilə yaradılıb. Bir müddətdən sonra çox qısa zamanda Filarmoniya öz fəaliyyətini dayandırmaq məcburiyyətində qalıb. 1941-ci ildə orduya çağrılan və 1942-ci ildə ağır xəstəliyi üzündən cəbhədən qayıdan Fikrət Əmirov bir müddət Gəncədə qalır. Gəncə Dövlət Dram Teatrında baş rejissor Mehdi Məmmədovla birgə işləyərək, bir neçə tamaşaya musiqi yazır. Sonra Bakıya qayıdır, konservatoriyada təhsilini başa vurur. Onu işləmək üçün Gəncəyə göndərirlər.  Burada Fikrət Əmirov, xalq artisti Məhəmməd Burcəliyev və bəstəkar Qəmbər Hüseynli yenidən 1946-cı ildə Dövlət Filarmoniyasını bərpa etmək qərarına gəliblər. Bu zaman Fikrət Əmirov bədii rəhbər, xalq artisti Məhəmməd Burcəliyev isə Filarmoniyanın direktoru təyin olunublar. Gəncə Dövlət Filarmoniyası 1949-cu ilə kimi fəaliyyət göstərib. 1949-cu ildə Filarmoniyanın fəaliyyətinə yenidən xitam verilib.

Sonradan Dövlət Filarmoniyasının Gəncədə yaradılması 1968-ci ildə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının (indiki Musiqi Akademiyasının) xor-dirijorluğu fakültəsini əla diplomla bitirən, 1968-69-cu illərdə Konservatoriyada müəllim, 1969-74-cü illərdə isə Gəncə orta ixtisas Musiqi məktəbinin direktoru və xor-dirijoru müəllimi kimi fəaliyyət göstərən, 1969-cu ildəGəncədə ilk dəfə Simfonik Orkestr yaradan və onun baş dirijoru kimi 1980-ci illərin sonlarınadək fəaliyyət göstərən, respublikanın əməkdar mədəniyyət işçisiŞirin Rzayevin üzərinə düşüb.Azərbaycan SSR Mədəniyyət Nazirliyinin 228-K saylı 27 avqust 1990-cı il tarixli qərarı və Şirin Rzayevin rəhbərliyi ilə1985-ci ildə tikilən Gəncə çayının sol sahilində yerləşən konsert binasında“Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblının bazası əsasında Gəncədə Dövlət Filarmoniyası yenidən fəaliyyətə başlayıb.O illəri xatırlayan Şirin Rzayev deyir: “Konservatoriyanın rektoru Soltan Hacıbəyovun təşəbbüsü və təklifi ilə Gəncə Musiqi Texnikomunun direktoru kimi fəaliyyətə başladım. Gəncəyə gəldikdən sonra şəhərin birinci katibi Ələsgər Əlizadə mənim qarşımda bir tələb qoydu ki, Gəncədə yeni musiqi kollektivlərinin yaradılması işini başlamalıyam. Beləoldu ki, bundan sonra mən Gəncədə ilk Sinfonik orkestr yaratdım. 1969-cu ilin oktyabr ayının 6-da Gəncəyə gəlib artıq dekabr ayının 16-da bu qeyd etdiyim Sinfonik Orkestrla Xor kollektivi Bakıda Gəncə günlərində iştirak etdi. Sonradan Gəncədə müəllimlərin köməyi və Kamal Şirinovun rəhbərliyi ilə “Gəncə qızları” adlı bir vokal kvarteti ərsəyə gətirdik. Hətta xatırlayıram ki, ilk dəfə olaraq Gəncədə “Leyli və Məcnun” operasını bizim Sinfonik Orkestrın ifasında konsert formasında “Şərəfxanlı” El nəğmələri Teatrında Gəncə Dövlət Dram Teatrının mərhum rejissoru, respublikanın əməkdar incəsənət xadimi Həsən Ağayevin və aktyorların köməkliyi ilə ifa etdik. 1980-ci ildə Gəncəyə rəhbərlik edən Həsən Həsənovun təşəbbüsü ilə biz Folklor xorunu yarada bildik. Daha sonra Gəncədə 1959-cu ildə bəstəkar Xəlil Cəfərovun rəhbərliyi ilə yenidən mahnı və rəqs ansambılı fəaliyyətə başladı. Bu prosesdə bir neçə ildən sonra özünü doğrultmadı. Daha sonra 1969-cu ildə xalq artisti Fikrət Verdiyevin rəhbərliyi ilə “Göy-göl” mahnı və rəqs ansambılı özfəaliyyət olaraq fəaliyyətə başladı. 1977-ci ildə “Göy-göl” mahnı və rəqs ansambılına ulu öndər Heydər Əliyevin təşəbbüsü və köməkliyi ilə dövlət statusu verildi. Həmçinin bu dövrdə Gəncədə Kamera Orkestrı da fəaliyyət göstərirdi. Daha sonra 1990-cı ildə Gəncədə Dövlət Filarmoniyası mənim rəhbərliyim ilə yenidən yaradıldı. Mən Filarmoniyaya direktor təyin olunduqdan sonra Xalq Çalğı Alətləri Orkestrini respublikanın əməkdar artisti Elçin Elçiyevin köməkliyilə yaratmağa müvəffəq oldum. Bundan sonra “Ulu Gəncə” ansamblını Namiq Verdiyevin yaxından köməkliyi ilə yarada bildik”.

Gəncə Dövlət Filarmoniyasının yeni binasının təməli Prezident İlham Əliyev tərəfindən 21 yanvar 2012-ci ildə Gəncəyə səfəri zamanı Nizami rayonu ərazisində, Cavad xan və Heydər Əliyev prospektinin  kəsişməsində, əvvəllər Bakı kinoteatrının yerləşdiyi ərazidəmemar Ramiz Hüseynovun orjinal layihəsi əsasında qoyulub.Tikinti işləri 2017-ci ilin noyabr ayınadək davam etdirilib və 10 noyabr 2017-ci ildə prezident İlham Əliyevin iştirakı iləyeni binanın açılış mərasimi olub.Bu gün şəhərin memarlıq görünüşünə xüsusi estetik gözəllik bəxş edən,klassisizm üslubunda inşa edilmiş altımərtəbəli bu mötəbər bina bir sıra mədəni tədbirlər, festivallar, həmçinin ölkə və beynəlxalq əhəmiyyətli müsabiqələrin keçirilməsi üçün əvəzsiz məkana çevrilib.Filarmoniya binasının inşasında Qərb Renessans arxitekturasının bir çox elementlərinin Şərq memarlıq ənənələri ilə üzvi şəkildə birləşməsi də xüsusi olaraq diqqəti cəlb edir. 1200 nəfərlik tamaşaçı auditoriyası üçün nəzərdə tutulan binada həm də iki kinozal, açıq havada yay estrada meydanı, eləcə də bir çox studiya və məşq otaqları var. Burada, eyni zamanda 10 loja və 1 VİP loja vardır. Binanın üçüncü mərtəbəsinin eyvanında Üzeyir Hacıbəyovun, Fikrət Əmirovun, Qara Qarayevin, Niyazinin və Arif Məlikovun heykəlləri ucaldılıb. Ərazidə açıq havada yay konsert meydançası ilə yanaşı həmçinin baxış qülləsi və ümumi sahəsi 2 min kvadratmetr olan iki korpusdan ibarət ikimərtəbəli qalereya inşa edilib.Filarmoniyanın ətrafında geniş abadlıq-quruculuq işləri aparılıb, dekorativ gül kolları əkilib. Binanın qarşısında iki fəvvarə quraşdırılıb və milli ornamentlərlə bəzədilib.

Bu gün Gəncə Dövlət Filarmoniyanın nəzdində 58 nəfərdən ibarət“Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblı, 44 nəfərdən ibarət Xalq Çalğı Alətləri Orkestri, 25 nəfərdən ibarət Kamera Orkestri fəaliyyət göstərir. Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi, respublikanın əməkdar artisti Elçin Elçiyev söhbət zamanı bu barədə dedi: “Bu gün Xalq Çalğı Alətləri Orkestri44 nəfərdən ibarətdir. Ancaq əsas heyyət bu Orkestrdə 25 nəfərdir. Səbəbdə bundan ibarətdir ki, Xalq Çalğı Alətləri Orkestrinin tərkibində həmçinin “Xəmsə” Estrada qrupu da ictimai əsaslarla fəliyyət göstərir. Bu estrada qrupu ötən il xalq artisti Samir Cəfərov Filarmoniyaya rəhbərlik etdiyi dövrdə onun təşəbbüsü ilə yaradılıb. Bu ildən isə həmçinin Gəncə Dövlət Filarmoniyasının tərkibində Xor kollektivi mənim təşəbbüsümlə ictimai əsaslarla yaradılıb. Hətta bu yaxınlarda cənab Mədəniyyət naziri Əbülfəs Qarayev Gəncədə olarkən yeni yaranan Xor kollektivinin Orkerstrlə birgə Aqşin Əlizadənin “Ana torpaq” əsərini dinlədi. Bildirim ki, bu gün Gəncə Dövlət  Filarmoniyası üçüncü katiqoriyada olaraq fəaliyyət göstərir. İkinci kateqoriyada fəaliyyət göstərməmiz üçün bir neçə şərtlər var ki, bunlardan biri də burada beş kollektivin fəaliyyət göstərməsinin vacibliyidir. Bununla bağlı cənab Mədəniyyət naziri Əbülfəs Qarayevə müraciətimiz olub. O, da öz növbəsində məsələyə müsbət fikrini bildirərək bu təklifə yaxın vaxtlarda baxılacağını bildirib. Həmçinin ictimai əsaslarla “Gülşən” Uşaq Rəqs Ansamblı daSalam Cavadovun rəhbərliyi ilə fəaliyyət göstərir.Məlumat üçün bildirim ki, qarşıdan sentyabr ayında hər il dahi Üzeyir bəy Hacıbəyovun anadan olduğu gün müsiqi günü kimi qeyd edilir. Bu münasibətlə Dövlət Filarmoniyası “Arşın mal alan” üzərində işləyir. İlk dəfə bu əsərə 1991-92-ci illərdə mənim tərəfimdən Dövlət Filarmoniyasının səhnəsində müraciət olunmasına baxmayaraq aktyor heyyətinin lazımi səviyyədə olmaması üzündən hazırlanması yarımçıq qaldı. Hətta 1990-cı ildəmüəllimim olan, görkəmli bəstəkarımız Süleyman Ələsgərov öz imzası ilə həmin əsərin partiturasını mənə göndərib. Qeyd edim ki, bu partituranı 1936-cı ildə Moskva dekadasında böyük sənətkarımız Səid Rüstəmov Xalq Çalğı Alətləri Orkestri üçün işləyib. İndi də məşqlər elə bu partitura əsasında aparılır. Artıq bu barədə Mədəniyyət Nazirliyinə də məlumat verilib”.

“Göy-göl” Dövlət Mahnı və Rəqs Ansamblı dəfələrlə Türkiyə Respublikasında, müxtəlif Beynəlxalq Festivallarda eləcə də “Dədə Qorqud” Festivalında, Azərbaycan Xalq Rəqsləri Festivalında, “Giresun-Aksu Beynəlxalq Festivalında”, “Türksoy Novruz şənlikləri”ndə Azərbaycanı böyük uğurla təmsil edib. Burada həmçinin Xalq Çalğı Alətləri Orkestri tarixi bayramlar və əlamətdar günlərdə, yubileylərdə, şəhər günlərində hər zaman müvəffəqiyyətlə çıxışlar edir.Gəncə Dövlət Kamera Orkestrininrepertuarında Azərbaycan bəstəkarları ilə yanaşı xarici bəstəkarların əsərləri əsas yer tutur.

Qeyd etmək lazımdır ki, 1990-1996-cı illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru vəzifəsində respublikanın əməkdar mədəniyyət işçisi Şirin Rzayev daha sonra1996-2016-cı illərdə Gəncə Dövlət Filarmoniyasının direktoru, “Göy-Göl” Dövlət Mahnı və Rəqs Ansamblı və Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbər vəzifəsində Azərbaycan Respublikasının xalq artisti Şahnaz Haşımova fəaliyyət göstərib.23 iyun 2017-ci ildən 05 iyul 2018-ci ilədəkAzərbaycan Respublikasının xalq artisti Samir CəfərovGəncə Dövlət Filarmoniyasına rəhbərlik edib. 09 iyul 2019-cu ildən isə respublikanın əməkdar artisti Elçin Elçiyev GəncəDövlət Filarmoniyasına direktor müavini təyin olunmaqla direktor səlahiyyətlərini icra edir.

Bu gün Gəncə Dövlət Filarmoniyasının yeni binasında mədəni tədbirlərin yüksək səviyyədə keçirilməsi, əməkdaşların və yaradıcı kollektivlərin səmərəli fəaliyyəti üçün hərtərəfli şərait yaradılıb.Gəncə Dövlət Filarmoniyasının yeni binasının istifadəyə verilməsi bir daha Azərbaycanda mədəniyyət sahəsinə göstərilən dövlət qayğısının əyani təsdiqinin təzahürü kimi dəyərləndirilməlidir.

Anar Burcəliyev

Teatrşünas

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.