Gəncənin doğma kanalı olan ‘Kəpəz Tv’ 26 yaşında

Bu gün doğma telekanalın 26 yaşı tamam olur. Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz Müstəqil Teleradio Şirkəti” 1993-cü ildə yaradılıb və 46-cı kanalla yayımlanıb. 2008-ci ilin iyunun 4-də Kəpəz TV-də yeni dövr başlanıb. Təşkilati-hüquqi forması dəyişdirilən televiziyaya yeni kadrlar cəlb olundu, yeni verilişlər hazırlandı.

2009-cu ilin 4 iyun tarixindən etibarən telekanalın www.kepeztv.az saytı istifadəyə verildi. İzləyicilər həmin vebsayta daxil olaraq ölkədə və regionda baş verən ən son xəbərləri, istədikləri verilişləri izləyə bilərlər…

2008-ci ildən başlanan dəyişikliklərin davamı olaraq Kəpəz televiziyası üçün yeni bina inşa edildi. 2012-ci ilin sentyabr ayından istifadəyə verilən möhtəşəm binada fəaliyyətinə davam edən Kəpəz TV ən müasir televiziya avadanlıqları ilə təchiz olunaraq, “Cinegy” texnologiyası əsasında Azərbaycanda ən böyük avtomatlaşdırılmış yayım sisteminə malik telekanallar sırasına daxil olub.

Kəpəz MTRŞ MMC-də daha bir yenilik isə 93.3 MHz tezliyində Kəpəz FM-in istifadəyə verilməsi olub. 2013-cü ilin fevral ayından yayımına başlayan regionun ilk radiosu bu gün kifayət qədər dinləyici auditoriyası toplamağı bacarıb. Eyni zamanda radionun www.kepezfm.az saytı da dinləyicilərin ixtiyarına verilib. Qazax, Tovuz və Ağstafa rayonlarında 102.7 MHz tezliyində yayımlanan radio bütün dinləyicilərinə ən yaxın yoldaş olub.

Böyük inkişaf yolu keçən “Kəpəz” Müstəqil Teleradio Şirkəti 2014-cü ilin mart ayının 14-də bölgələrdə yerləşən digər 5 televiziya ilə birləşərək (RTV-Xaçmaz, CTV- Lənkəran, ELTV- Yevlax, Kanal S- Şəki və TTV-Tovuz) Milli Teleradio Şurasının keçirdiyi tenderdə iştirak edib. Nəticələrə əsasən Azərbaycan üzrə yayım hüququ əldə olunaraq Region TV-nin yaradılmasına nail olundu. “Region TV” 2014-cü ilin may ayından ümumrespublika yayımına başladı və yayım mərkəzi Kəpəz TV-nin bazasında yaradıldı. Sonradan “Region TV ”-nin adı dəyişdirilib “ARB” olduğundan televiziya “ARB KƏPƏZ ” olaraq 2019-cu ilədək fəaliyyətini davam etdirib.

Televiziya Qərb bölgəsində analoq yayımından tam olaraq rəqəmsal yayıma keçib. Rəqəmsal yayımda Gəncə şəhəri və ətraf rayonlarda 24-cü kanalda, Qazax, Tovuz və Ağstafa rayonlarında isə 56-cı kanalda və Tovuz şəhərində 36-cı kanalda ARB Kəpəz televiziyasını izləmək mümkündür.

Beləliklə, uzun və keşməkeşli yol qət edən doğma telekanal bu gün də sizin ixtiyarınızdadır. GanjNews.az saytı olaraq bizdə Azərbaycanın ilk müstəqil televiziya kanalı olan “Kəpəz televiziyası” nın rəhbərliyini və əməkdaşlarını ürəkdən təbrik edir,gələcək işlərində müvəffəqiyyətlər diləyirik!

Ad gününüz mübarək!

GəncəNews.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.