Azərbaycan Respublikasının ikinci böyük elm, təhsil, mədəniyyət və incəsənət mərkəzi olan qədim və həmişəcavan Gəncədə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni il münasibəti ilə ümumşəhər bayram tədbirlərinə start verildi.
Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin təşəbbüsü və dəstəyi ilə şəhərin baş meydanında ümumşəhər bayram tədbirləri əvvəlki illərdən fərqli olaraq daha maraqlı və yaddaqalan formada təşkil olunmuşdur.
Gəncə Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının solistlərinin bir-birindən maraqlı ifaları, Gəncə Dövlət Dram Teatrı aktyorlarının ifasında Şaxta baba və Qar qızın bayram təbrikləri, eləcə də Dövlət Kukla Teatrı aktyorlarının, “Gəncland” əyləncə və istirahət mərkəzinin əməkdaşların ifasında nağıl qəhrəmanlarının çıxışları meydanda toplaşan gəncəlilərin, xüsusən də balacaların bayram sevinclərinə xoş ovqat qatdı.