Torpaqlarımızın işğaldan azad olunması zamanı hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət nümayiş etdirmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.
Gəncə şəhəri Heydər Əliyev adına istirahət parkında Nizami və Kəpəz Rayon İcra Hakimiyyətlərinin, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Nizami və Kəpəz rayon şöbələrinin birgə təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş qəhrəmanların valideynlərinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirilib.
Kəpəz rayonu üzrə ümumilikdə 123 təltif edilmiş müharibə iştirakçısına 152 medal və 1 orden, onlardan 51-i şəhid olmaqla ölümündən sonra 80 medal və 1 orden ailələrinə təqdim olunub. Nizami rayonu üzrə isə ümumilikdə 64 təltif edilmiş müharibə iştirakçısına 75 medal onlardan 20-si şəhid olmaqla ölümündən sonra 36 medal ailələri və yaxınlarına təqdim olunub.
“Vətən uğrunda” medalı və 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuş şəhid Mirhüseyn Seyidzadənin atası Miryunis Seyidzadəıi bu gün həm qürurlu, həm də sevincli olduğunu deyib: “Oğlumla fəxr edirəm ki, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması uğrunda öz canından keçib. Bu, mənim üçün nə qədər ağır olsa da, bir o qədər də sevindiricidir. Sağ olsun Müzəffər Ali Baş Komandan İlham Əliyev ki, bizi həm diqqətdə saxlayır, həm də övladlarımızın bu qəhrəmanlıqlarını qiymətləndirir”.
Şuşa uğrunda gedən döyüşlərin iştirakçısı, “Vətən uğrunda” medalı ilə təltif olunmuş Cəbrayılov Emin Cavanşir oğlu da öz təəssüratlarını bölüşüb: “Sevincimin həddi-hüdudu yoxdur. Danışanda belə kövrəlirəm. Dövlətimizə xüsusilə Müzəffər Ali Baş Komandana öz minnətdarlığımı bildirirəm”, – deyə Vətən müharibəsi iştirakçısı bildirib.


