GƏNCƏDƏ RAYON İCRA HAKİMİYYƏTLƏRİNİN LƏĞVİ İNZİBATİ İDARƏETMƏNİ BÜTÖVLƏŞDİRƏCƏK

1980- ci ilə qədər Gəncə şəhərində  rayon olmayıb, şəhər yalnız  o vaxtkı Şəhər  Partiya  Komitəsi tərəfindən idarə olunurdu. 1980-ci ildə Azərbaycan SSR Ali Sovetinin fərmanı ilə  Gəncə və Kəpəz  rayonları  yaradıldı. Kəpəz rayonunun ərazisi 7064, Nizami rayonunun ərazisi isə 3926 hektardır.  İki rayonda birlikdə 300 mindən artıq  əhali yaşayır.

Gəncə şəhərinin iki rayona bölünməsindən 40 ildən artıq vaxt keçmişdir. Bu qədər müddət ərzində bu rayonların partiya komitəsi, partiya komitəsinin katibləri, müstəqillik dövründə İcra Hakimiyyəti oldu, amma bunlar formal olaraq fəaliyyət göstərdilər.

Bu gün Gəncədə  Kəpəz və Nizami rayon İcra Hakimiyyətlərinin  olması günün tələblərinə cavab vermir.  Bunlarda  mərkəzi İcra Hakimiyyətlərindəki qurumların  çoxusu  yoxdur. Məsələn, təhsil, səhiyyə, mədəniyyət və s.kimi qurumlar  yalnız Şəhər İcra Hakimiyyətindədir. Adicə bir kommunal problemin həlli ilə bağlı rayon icra hakimiyyətinin  nə fəhləsi, nə  də bir strukturu var. Faktiki olaraq  bu rayon icra hakimiyyətləri mənasız  bir  quruma  çevrilmişdir, demək olar ki, heç bir fəaliyyətləri  yoxdur.

Bu qədər ərazi və əhali üçün  iki  rayon  icra hakimiyyəti  strukturunun olması dövlət vəsaitlərinin səmərəsiz xərclənməsinin  göstəricisidir. Bunlardan başqa  İcra hakimiyyətlərindən əlavə hər rayon üzrə müxtəlif  nazirliklərin  rayon şöbələri də fəaliyyət göstərir. Bu isə yüzlərlə əlavə ştatın saxlanması deməkdir.

Ümumiyyətlə, Gəncədə  rayon İcra Hakimiyyətlərinin mövcudluğu problemləri həll etməkdən çox, vətəndaşlara  əngəl törədir. Formal olaraq, vətəndaş  hər hansı bir məsələnin  həlli ilə  bağlı əvvəlcə  yaşadığı  rayon  İcra Hakimiyyətinə  müraciət etməlidir, daha sonra bu qurum vətəndaşın  müraciətini  öz məktubu  ilə  birgə Şəhər İcra Hakimiyyətinə  göndərməlidir. Bundan sonra  Şəhər İcra Hakimiyyəti məsələ ilə bağlı qərar verməlidir. Bu da idarəçilikdə həm operativliyi  ləngidir,  həm də vətəndaşların problemlərinin  həlli  gecikir. Göründüyü kimi, rayonlara  bölünmə faktiki olaraq formal xarakter daşıyır.

Ona görə də bir ziyalı kimi hesab edirəm ki, Gəncədə bir İcra Hakimiyyətinin olması daha məqsədəuyğundur, bu böyük həcmdə  dövlət  vəsaitinə  qənaət  etməyə imkan verər. Onsuz  da  bütün vətəndaşlar  müraciətlərini  şəhər İcra Hakimiyyətinə edirlər. Şəhərin bütün iqtisadi, sosial, siyasi tədbirləri Gəncə şəhər İcra Hakimiyyəti tərəfindən təşkil olunur və həyata keçirilir.

Gəncə Şəhər İcra Hakimiyyəti isə şəhəri saat mexanizmi kimi idarə edir. Kəpəz və Nizami rayon icra hakimiyyətlərinin ləğv olunub, bütün səlahiyyətlərin Gəncə Şəhər İcra Hakimiyyətinə veriləcəyi təqdirdə  düşünürəm ki, idarəetmə daha çevik olacaq,  bütün problemlər və müraciətlər vaxtında öz həllini tapacaqdır. Həmçinin, büdcə vəsaitlərinə qənaət ediləcək, qənaət edilən  həmin xərclər isə  şəhərin digər problemlərinə yönləndiriləcək.

Miili Məclisin bu yaxınlarda keçirilən iclasında Gəncədən olan millət vəkilləri çox doğru olaraq bu məsələni qaldırdı. Mən də  Gəncədə yaşayan  bir vətəndaş kimi, bir  ziyalı kimi Gəncə şəhərinin Nizami və Kəpəz  rayonlarının  inzibati  vahid  kimi ləğv edilməsi və səlahiyyətlərinin  Gəncə Şəhər İcra Hakimiyyətinə verilməsi təklifini  geçikmiş çox düzgün  təklif   hesab edirəm  və dəstəkləyirəm. Ümid edirəm ki, bununla  bağlı müvafiq qərar yaxın günlərdə qəbul ediləcəkdir.

ELÇİN  CAVADOV,

 Gəncə Dövlət Universitetinin dosenti,

 texnika elmləri doktoru

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.