24 dekabrda Gəncədə “Qarabağ qaziləri” İctimai Birliyinin Gəncə filialının ofisinin açılışı münasibətilə tədbir keçirildi. Görüşdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin şəhərin mərkəzi meydanında ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzdülər. Sonra Gəncə şəhərindəki Şəhidlər Xiyabanını ziyarət edərək torpaqlarımız uğrunda şəhid olmuş vətən oğullarını yad etdilər və monumentin qarşısana gül əklilləri düzdülər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlandı. Daha sonra Vətən uğrunda canlarını fəda etmiş şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə “Qarabağ qaziləri” İB-nin Gəncə filialının sədri Eyvaz Hüseynov açaraq, qazilərimizə məxsus ofisin açılışı barədə məlumat verdi. O Azərbaycan Respublikası Prezidentinin və Birinci vitse-prezident Mehriban Əliyevanın qazilərimizə göstərdiyi diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi. Eyvaz Hüseynov çıxışında Müzəffər Ali Baş Komandan İlham Əliyevi qazilərimiz adından ad günü münasibətilə təbrik etdi.
O həmçinin, yeni ofisin açılışında qazilərimizə göstərdiyi dəstəyə görə Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramova qazilərimiz adından minnətdarlığını bildirdi.
Tədbirdə Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Seymur Abdullayev, şəhid Hacı Rauf Əsgərovun anası Brilliant Əsgərova, Azərbaycanın Milli Qəhrəmanı Asif Məhərrəmov (Fred Asif) Fondunun rəhbəri Ədalət Məhərrəmov, Gəncə şəhər icra hakimiyyətinin şahid ailələri və müharibə veteranları şöbəsinin rəhbəri Mahir Hüseynov, əfsanəvi komandir Rasim Əkbərov və ADAU-nun prorektoru Əhməd Məlikov çıxış edərək qazilərimizə məxsus ofisin açılışı münasibətilə onları təbrik etdilər və Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə, qazilərimizə və Vətən müharibəsi iştirakçılarına göstərilən diqqət və qayğıdan söhbət açdılar.
Tədbirdə Birliyin həyatında yaxından iştirak edən ictimai fəallara Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin Gəncə filialının sədri Eyvaz Hüseynov tərəfindən təşəkkürnamələr təqdim olundu.
Belə möhtəşəm bir gündə bir qrup gəncəli qaziyə Azərbaycan Respublikası “Qarabağ qaziləri” İctimai Birliyinin sədr müavini Seymur Abdullayev tərəfindən filialın üzvlük vəsiqələri təqdim olundu.
Tədbirin sonunda Müzəffər Ali Baş Komandan İlham Əliyevin ad gününə qazilərimiz tərəfindən hazırlanmış tort kəsildi.
Sonda qonaqlar yeni açılmış ofislə yaxından tanış oldular. Müəllif : Patriot News. az saytının baş redaktoru Ceyhun Əliyev



























Uğurlar arzulayıram! Ruhulla müəllim sizədə öz minnətdarlığımı bildirirəm ki, bizim tədbirdə iştirak edib, tədbirimizi işıqlandırıbsınız
İctimaiyyətə həmişə dəstək olmağa hazırıq.