Gəncədə Peşə və sahə assosiasiyalarının yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib

Gəncə Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə YAP Gəncə şəhər təşkilatında “Peşə və sahə assosiasiyaları”nın yaradılmasının dəstəklənməsi ilə bağlı iclas keçirilib. İqtisadiyyat Nazirliyinin Gəncə-Qazax Regional bölməsinin, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialının, KOBİA-nın Gəncə nümayəndəliyinin və digər dövlət qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən iclasda Gəncə şəhərində fəaliyyət göstərən peşə məktəbləri, sənaye müəssisələri və ictimai birliklər də təmsil olunublar.
Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müavini Adil Tağıyev çıxış edərək, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla reallaşdırılan dövlət siyasətinin başlıca istiqamətinin əhalinin rifah səviyyəsinin yüksəldilməsi, məşğulluğunun təmin edilməsi olduğunu qeyd edib. O bildirib ki, bu baxımdan Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı” xüsusi əhəmiyyət kəsb edir.
İclasda çıxış edənlər ölkənin hər bir yerində olduğu kimi, Gəncə şəhərində də, məşğulluğun təmin olunması sahəsində bir sıra tədbirlərin həyata keçirildiyini bildiriblər. Qeyd olunub ki, əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə Gəncə şəhəri üzrə Məşğulluğa kömək göstərən əlaqələndirmə komitəsi, həmçinin Dövlət Məşğulluq Agentliyinin tabeliyində Gəncə Peşə Hazırlığı Mərkəzi PHŞ yaradılıb. Gəncə şəhəri üzrə “Dost İş Mərkəzi” tərəfindən işə qəbul zamanı aztəminatlı ailələrin, həssas qruplardan olan ailələrin, xüsusilə şəhid və müharibə əlillərinin ailə üzvlərinə üstünlük verilir.
Yekunda Peşə və sahə assosiasiyalarının yaradılmasının qeyri-formal məşğulluğun aradan qaldırılması, məşğulluğun təmin olunması sahəsində, eyni zamanda Gəncə şəhərinin sosial-iqtisadi cəhətdən inkişafına, əhalinin rifahının yüksəlməsinə təkan vercəyinə inam ifadə olunub.
Qeyd edək ki, iclas Azərbaycan Respublikası Prezidentinin 13 fevral 2020-ci il tarixli, 1816 nömrəli Sərəncamı ilə təsdiq olunmuş “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planı”nın 4.5-ci bəndinin (Peşə və sahə assosiasiyaları yaradılmasının dəstəklənməsi) icrasının təmin edilməsi məqsədi daşıyıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.