31 iyul 2021-ci il tarixində Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü və Gəncə şəhər İcra Hakimiyyəti rəhbərliyinin dəstəyi ilə Azərbaycan Respublikasının “Əməkdar İncəsənət Xadimi”, “Şərəf Nişanı” ordenli, görkəmli bəstəkar Qənbər Hüseynlinin xatirə günü keçirildi.
Əvvəlcə Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, bəstəkarın qohumları İlyas Calaloğlu, İslam Hüseynli, Mədəniyyət Nazirliyi Yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Gəncə Regional İdarəsinin rəisi Həsən Mirzəyev, “Cavad xan” Tarix Mədəniyyət Fondunun direktoru Müzadil Həsənov, “Gəncə Maarif evi” İctimai Birliyinin sədri İmamverdi Vəliyev, Gəncə şəhər Gənclər evinin direktoru Amil Qurbanov, Gəncə Dövlət Filarmoniyasının direktor əvəzi Elçin Elçiyev, Gəncə Dövlət Dram Teatrının direktoru Əli Qasımov, Gəncə Dövlət Kukla Teatrının direktoru Fərmail Paşayev, Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin direktoru Ramail Atayev, Gəncə şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbinin direktoru Aynur Şixiyeva, şəhər ziyalılarının bir qrupu Qənbər Hüseynlinin qəbirüstü abidəsini ziyarət edərək, abidə önünə təzə-tər çiçəklər düzdülər.
Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov çıxış edərək Gəncənin milli mədəniyyət, elm, incəsənət mərkəzi olduğunu qeyd etdi və dahi bəstəkarın incəsənət sahəsində əldə etdiyi nailiyyətlərdən danışdı. Şəhər rəhbəri Qəmbər Hüseynlinin məzarının yerləşdiyi ərazinin yaxın gələcəkdə əsaslı şəkildə təmir olunacağını tədbir iştirakıçılarının diqqətinə çatdırıb.
Tədbirin aparıcısı, Gəncə Dövlət Dram Teatrının aktyoru Elvin Alnağıyev bəstəkarın həyatı və musiqi yaradıcılığı barədə qısa məlumat verdi. O qeyd etdi ki, ölməz bəstəkarımız Qənbər Hüseynli az yaşasa da zəngin irs qoyub getmişdir.
Onun xatirəsi xalqımız üçün, xüsusən qədirbilən gəncəlilər üçün həmişə əzizdir.
Sonra bəstəkarın “Tellər oynadı” mahnısını Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin şagirdi Sübhan Məmmədov və müəllim Müşfiq Abbasov (məktəbin müəllimi Gültəkin Orucovanın müşayiəti ilə) tarda ifa etdilər.
F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının Xalq çalğı alətləri orkestrinin (bədii rəhbər, Əməkdar artist Elçin Elçiyev) müşayiəti ilə Respublikanın Əməkdar artisti Kəmalə Tağızadə bəstəkarın “Ay işığında” mahnısını, Respublikanın Əməkdar Mədəniyyət İşçisi Mehparə Cəfərova isə “İlk məhəbbət” mahnısını təqdim etdilər.
Bəstəkarın qohumları İlyas Cəlaloğlu və İslam Hüseynli çıxış edərək xatirə gününün bütün iştirakçılarını salamladılar. Qəmbər Hüseynlinin yaradıcılığına göstərdikləri xüsusi diqqətə görə ölkə başçısı cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım təşəkkürlərini bildirdilər. Onlar həmçinin tədbirin keçirilməsinə dəstək olan Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramova, tədbirin təşəbbüsçüsü Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova, bütün təşkilatçılara və iştirakçılara öz səmimi təşəkkürlərini bildirdilər.
Qənbər Hüseynlinin xatirə gününə həsr olunmuş tədbir nümayiş üçün müxtəlif TV-lər vasitəsi ilə lentə alındı.