Gəncədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Gəncə Şəhər İcra Hakimiyyətinin, YAP Gəncə şəhər təşkilatının dəstəyi, “Kimsəsiz Uşaqların Sosial Müdafiəsi” İctimai Birliyinin təşkilatçılığı ilə “Dövlətimizin inkişafı və tərəqqisi naminə təhsildən yayınmayaq!” adlı üç aylıq layihənin yekun konfransı keçirilib.
Konfransda Milli Məclisin deputatı, professor Elman Nəsirov, millət vəkili Müşfiq Cəfərov, Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, professor İbrahim Cəfərov, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət, layihənin rəhbəri Lamiyə İsazadə, Gəncə Şəhər İcra Hakimiyyətinin nümayəndələri, idarə, müəssisə, təşkilat rəhbərləri, müəllim və tələbə kollektivi iştirak ediblər.
Konfransda layihə haqqında geniş məlumat verilib. Bildirilib ki, icra olunan üç aylıq layihə çərçivəsində Gəncə Uşaq Evində valideyn himayəsindən məhrum olan məktəbli qızların təhsil səviyyələrinin, psixoloji vəziyyətlərinin monitorinqi aparılıb.
Tədbirdə çıxış edən natiqlər təhsilin insan həyatındakı vacib rolu haqqında fikirlər söyləyiblər. Ölkəmizdə Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsil sahəsinə göstərdikləri xüsusi diqqət və qayğıdan bəhs ediblər.
Konfransdan sonra qonaqlar Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazı Bayramovla görüşüblər. Görüşdə millət vəkili Elman Nəsirov şəhər rəhbəri ilə keçirilən konfrans barədə təəssüratlarını bölüşüb. Söhbət zamanı erkən nikahların qarşısının vaxtında alınması, qızlarımızın təhsil almalarının vacibliyi haqqında geniş fikir mübadiləsi aparılıb.




