Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin və Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasının təşkilatçılığı ilə Azərbaycanda ilk dəfə Qəmbər Hüseynli adına I “Cücələrim” Uşaq Festivalı keçirilir. Festivalın ilk günü dahi bəstəkar Qəmbər Hüseynlinin abidəsi önündə uşaq mahnılarından ibarət konsert proqramı ilə təşkil olunub.
Konsert proqramında Gəncə şəhər Uşaq İncəsənət Məktəbinin, Gəncə şəhərində fəaliyyət göstərən Uşaq Musiqi Məktəblərinin, Daşkəsən Uşaq İncəsənət Məktəbi, Naftalan şəhər, Goranboy, Samux və Göygöl rayon Uşaq Musiqi Məktəblərinin şagirdləri iştirak ediblər.
Gənc musiqiçilərin ifasında Qəmbər Hüseynlinin “Cücələrim”, “Ay işığında”, “İlk məhəbbət”, Fikrət Əmirovun “Rəqs”, “Skertso”, Tofiq Quliyevin “Bağçamız”, “Əziz surət”, Arif Məlikovun “Lirik mahnı”, Polad Bülbüloğlunun “Şən Azərbaycan” mahnıları təqdim edilib.
Qeyd edək ki, festival 30, 31 may və 1 iyun tarixlərini əhatə edir.