Gəncədə “100 ilin işığında” kitabının təqdimatı olub

Gəncə Şəhər İcra Hakimiyyətində “Gəncənin səsi” qəzetinin Baş redaktoru, “Qızıl qələm”, “Həsən bəy Zərdabi” Ali ədəbi və Ali media mükafatlarının laureatı, “Tərəqqi” medallı Rəfiqə Sadıqovanın müəllifi olduğu “100 ilin işığında” kitabının təqdimatı keçirilib . Təqdimatda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA Gəncə Regional Bölməsinin sədri Fuad Əliyev, Əməkdar müəllim, tarix elmləri doktoru, professor Həsənbala Sadıqov, AYB-nin Gəncə Bölməsinin sədri Xəzangül Hüseynova, “Novosti Gyandi” qəzetinin redaktoru İrina Kalaşnikova, struktur, müəssisə, təşkilat rəhbərləri və şəhərin ziyalıları iştirak ediblər.
Niyazi Bayramov çıxış edərək bildirib ki, kitab Gəncə Şəhər İcra Hakimiyyətinin mətbuat orqanı olan “Gəncənin səsi” qəzetinin 100 illik yubileyinə həsr olunub. Yeni nəşr sadəcə qəzetin deyil, eyni zamanda Gəncənin də bir əsrlik tarixinə işıq tutur. O qeyd edib ki, “100 ilin işığında” kitabı ensiklopedik xarakter daşıyır və gələcəkdə hər birimizin masaüstü kitabına çevriləcəkdir. Daha sonra şəhər rəhbəri Rəfiqə xanımı həm Baş redaktoru olduğu “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi, həm də müəllifi olduğu “100 ilin işığında” kitabının nəşri münasibətilə təbrik edib, yeni-yeni yaradıcılıq uğurları arzulayıb.
Daha sonra Rəfiqə Sadıqova tədbir iştirakçılarına kitab haqqında ətraflı məlumat verib. O bildirib ki, 360 səhifədən və 5 fəsildən ibarət olan kitab “Gəncənin səsi” qəzetinin bir əsrlik tarixini özündə əks etdirir. Gəncə kimi, qəzetin də adı ümumilikdə 7 dəfə dəyişdirilib. Qəzet 1920-ci ilin may ayının 5-də “Qırmızı Gəncə”, Zərbə” ,”Kirovabad bolşeviki”, “Kirovabad fəhləsi”, “Gəncə kommunisti”, “Kirovabad kommunisti” və nəhayət 1990-cı il yanvarın 1-dən etibarən “Gəncənin səsi” adı ilə oxuculra təqdim olunub.
Rəfiqə Sadqova: “100 yaş uluların yaşıdır. 100 yaş imtahandan şərəflə çıxanların yaşam pasportudur. 100 yaş özünütəsdiqin ən bariz nümunəsidir. 100 yaşlı “Gəncənin səsi” bu günə kimi keçən keşməkeşli fəaliyyət yolunun öhdəsindən şərəflə, qətiyyətlə, məsuliyyətlə gəlib və bu missiyasına daim sadiq qalacaqdır. Hər zaman doğma Gəncəmizin şərəf səlnaməsi funksiyasını bundan sonra da uğurla yerinə yetirəcək”.
Çıxışının sonunda müəllif ölkədə yazılı mətbuata göstərilən diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya və şəhər rəhbərinə öz minnətdarlığını bildirib.
Tədbirdə çıxış edənlər”Gəncənin səsi” qəzetinin 100 illik tarixinə nəzər salıb “100 ilin işığında” kitabını tarixi əhəmiyyətli əsər kimi dəyərləndiriblər. Rəfiqə xanım Sadıqovaya öz təşəkkürlərini bildirərək, ona yaradıcılıq fəaliyyətində uğurlar diləyiblər.
Sonda Rəfiqə Sadıqova “Gəncənin səsi” qəzetinin 100 illik yubileyi münasibətilə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyətinə görə, İrina Kalaşnikova isə Gəncə şəhərinin ictimai-siyasi və mədəni həyatında səmərəli fəaliyətinə görə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən “Təşəkkürnamə” ilə təltif olunublar.
Bununla yanaşı, “Gəncənin səsi” və “Novosti Gyandji” qəzetlərinin maddi-texniki bazasının möhkəmləndirilməsi məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti başçısının müvafiq Sərəncamı ilə maddi köməklik göstərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.