Gəncə şəhər Məhsəti Gəncəvi Mərkəzində Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi, Gəncə Regional Mədəniyyət İdarəsinin təşəbbüsü, Regional idarənin və Azərbaycan Yazıçılar Birliyinin Gəncə Bölməsinin təşkilatçılığı ilə Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Respublikanın Əməkdar jurnalisti, yazıçı-dramaturq Qərib Mehdinin 85 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Ilk öncə Azərbaycan şəhidlərinin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edildi.
Tədbirdə Gəncə şəhər İcra Hakimiyyətinin Başçısı cənab Niyazi Bayramov, Türkiyə Respublikasının Gəncədəki Baş konsulu Zeki Öztürk, Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətov, Azərbaycan Milli Elmlər Akademiyasının Gəncə bölməsinin əməkdaşı Əlimuxtar Muxtarov, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədri Xəzangül Hüseynova, Əməkdar jurnalist Nüşabə Əsəd Məmmədli, teatrşünas, tənqidçi Anar Bürcəliyev Gəncə Dövlət Universitetinin prorektoru Gülsüm Fətəliyeva, heykəltəraş, Əməkdar rəssam Şərif Şərifov, uşaq yazıçısı Aləmzər Əlizadə və başqaları çıxış edərək Qərib Mehdi barədə öz ürək sözlərini və təbriklərini bildirdilər.
Yubiley tədbirinin bədii hissəsində Gəncə Dövlət Dram Teatrının aktyorları Günay Xanlarqızı, Sevinc Hüseynova, Elvin Əlnağıyev Qərib Mehdinin şeirlərini söylədilər.
Yubiley tədbirində F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasının “Göygöl” Dövlət Mahnı və Rəqs Ansamblının bədii rəhbəri Sahil Quliyevin rəhbərliyi ilə muğam üçlüyü (muğənnilər Xəyal Əliyev və Şirxan Cahangirov) musiqi nömrələrini təqdim etdilər.
Sonda yazıçı-dramaturq Qərib Mehdi çıxış edərək Gəncə şəhər İcra Hakimiyyətinin rəhbərliyinə, tədbirin təşkilatçısı və təşəbbüskarı Gəncə Regional Mədəniyyət İdarəsinin rəisi Vasif Cənnətova və bütün iştirakçılara öz səmimi təşəkkürünü bildirdi.


