28 avqustda Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun şəhərimizə rəhbər təyin olunmasının 5 ili tamam oldu. Bu beş ildə Gəncə şəhərində böyük işlər və layihələr həyata keçirilib və hal- hazırda da keçirilməkdədir. Gəncə Dövlət Universitetinin müəllimi, texnika elmləri doktoru Elçin Cavadov özünün Facebook səhifəsində şəhər rəhbərliyinin 5 ildə gördüyü işlər haqqında geniş yazı yazıb. Gəncə şəhərinin tanınmış ziyalıları həmin yazının şərh bölümündə Niyazi Bayramovun fəaliyyətini yüksək qiymətləndirərək, görülmüş işlər barədə ağız dolusu danışaraq, belə bir yüksək mədəniyyətə, etikaya sahib olan, Heydər Əliyev ideyalarına və dövlətçiliyə sadiq bir şəxsi şəhərimizə icra başçısı təyin etdiyinə görə Cənab Prezidentə öz minnətdarlıqlsrını bildirmiş, Niyazi Bayramova isə Gəncəmizin inkişafı uğrunda böyük uğurlar arzu etmişlər. Sözü gedən yazını və şərhləri olduğu kimi təqdim edirik.
Bu gün Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramovun şəhərimizə rəhbər təyin edilməsinin 5 ili tamam olur. Bu beş ildə böyük işlər və layihələr həyata keçirilib. Gəncə şəhərinin kompleks inkişaf planı təsdiqlənərək uğurla icra edilməkdədir. Hazırda Gəncə şəhərində həyata keçirilən ən önəmli və geniş miqyaslı layihələrdən biri “Açıq Kommunal İnfrastruktur Proqramı II” layihəsidir. Gəncə şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulmasını hədəfləyən layihənin icrası uğurla davam edir. Gəncənin küçələrinin, qəsəbə və məhəllə daxili yollarının asfaltlanması da sözü gedən layihəyə paralel şəkildə aparılır. Gəncədə sovet dövründə belə asfalt üzü görməyən ara küçələr asfaltlanır. İçməli su və çirkab su xətlərinin çəkilişi və yenilənməsi tam yekunlaşan ərazilərdə asfaltlanma işləri aparılır. Gəncədə şəhər əhalisinin içməli suya olan tələbatının ödənilməsi, qaz təchizatının yaxşılaşdırılması, müasir küçə işıqlandırılması sisteminin qurulması, çoxmənzilli yaşayış binalarının fasadlarının və dam örtüklərinin yenilənməsi, lift təchizatının yaxşılaşdırılması, yolların təmiri, mədəniyyət, səhiyyə və təhsil ocaqlarının müasir tələblər səviyyəsində yenidən qurularaq sakinlərin istifadəsinə verilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. Bu işlər təkcə şəhər mərkəzini yox, ətraf küçə və yaşayış massivlərini də əhatə edir. Gəncə şəhərində icra olunan daha iri miqyaslı layihələrdən biri müasir küçə işıqlandırılması sistemlərinin qurulması ilə bağlıdır. Belə ki, Prezident İlham Əliyevin göstərişi ilə Gəncənin küçə işıqlandırılması sistemi yenidən qurulur. Son 5 ildə Prezident İlham Əliyevin iştirakı ilə Gəncə şəhərində bir sıra iqtisadi və sosial yönümlü obyektlər istifadəyə verilib. “NB Satınalma və Ticarət” MMC-nin süni mərmər və qranit istehsalı zavodu, 1 saylı Gəncə Şəhər Xəstəxanasının modul tipli infeksion xəstəliklər korpusu, “Şah Abbas” və “Uğurlu Xan” karvansara kompleksi, Azərbaycan Dövlət Aqrar Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Dram Teatrının yeni binası, 2 saylı Gəncə regional “ASAN xidmət” Mərkəzi, Azərbaycan Dəmir Yolları” QSC-nin lokomotiv deposu, Gəncə Dövlət Universitetinin yeni tədris korpusu, Gəncə Dövlət Universitetinin tələbə yataqxana kompleksi və s. bu qəbildən olan obyektlərdəndir. Bu istiqamətdə atılan addımlardan biri də Gəncədə “Ekoloji Park Kompleksi”nin yaradılmasıdır. Gəncə Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin Yaşıllaşdırma şöbəsinin gülçülük sahəsində 11 hektar ərazini əhatə edəcək parkda müxtəlif növ gül-çiçək, eləcə də ağac tingləri yetişdirilir. Gülçülük təsərrüfatında yetişdirilən ağac tingləri və digər dekorativ bitkilər tək Gəncə üçün deyil, paytaxt Bakıya, həmçinin Xan çinarlarının tingləri isə Qarabağ torpaqlarında əkilmək üçün göndərilir. Gəncə 2019-cu il üçün “Avropanın İdman Şəhəri” tituluna layiq görülmüş, UNESCO-nun Öyrənən Şəhərlər üzrə Qlobal Şəbəkəsinə üzv seçilmişdir. Nizami yurdu üçün ən uğurlu layihələrdən biri isə Gəncənin Avropa və Yenidənqurma İnkişaf Bankının “Yaşıl şəhərlər” layihəsinə qoşulmasıdır. Gəncə bu proqrama Prezident İlham Əliyevin təşəbbüsü ilə qoşulub. Gəncə Azərbaycanda AYİB-in Yaşıl Şəhərlər şəhər dayanıqlılıq proqramına qoşulan ilk şəhərdir. Görülən işlərin əhatə dairəsi o qədər genişdir ki, mən bunların bir qismini qeyd edə bildim. Niyazi müəllim bu beş ildə bir icra başçısı kimi şəhər əhalisinin böyük hörmətini qazanmışdır. Niyazi Bayramov Cənab Prezidentin tapşırıqlarına ləyaqətlə əməl edən bir icra başçısıdır və bu əqidədə olan komanda formalaşdırıb. Gəncədə 2018- ci ilin məlum hadisələri zamanı cənab Prezident Niyazi Bayramova etimad göstərib, məhz bu gün 28 avqustda onu şəhərimizə icra başçısı təyin etdi. Niyazi Bayramov gəlişi ilə şəhərdə sakitlik, stabillik yaratdı. Niyazi müəllim şəhərə icra başçısı təyin edilən gündən insanlar azaddır, hamı öz işi-gücü ilə məşğuldur. Gəncəyə raket zərbələri olanda, mən dərhal həmin əraziyə gedirdim, gecə vaxtları olmasına baxmayaraq, həmişə mən orda Niyazi Bayramovu, onun müavinlərini əhalinin arasında gördüm. Bu gün cənab Prezidentin göstərişlərinə uyğun olaraq Gəncədə şəhid ailələri, müharibə veteranları və Qarabağ qazilərinə böyük diqqət və qayğı göstərilir. Bəlkə də mən deyərdim ki, ən çox vətəndaş qəbulları məhz Gəncə şəhərində keçirilir. Prezidentin birbaşa tapşırığıdır ki, icra başçısı xalqın arasında olmalıdır. Cənab Prezidentin bu göstərişlərinə şəhər rəhbərliyi ləyaqətlə əməl edir. Belə müsbət keyfiyyətlərinə görə bütün Gəncəlilər Niyazi müəllimi sevir, ona hörmət və ehtiramla yanaşırlar. Dövlətçiliyimizə, Heydər Əliyev ideyalarına sadiq belə bir şəxsi şəhərimizə rəhbər təyin etdiyinə görə Cənab Prezidentə öz minnətdarlığımızı bildiririk Niyazi Bayramova da möhkəm cansağlığı, Gəncəmizin inkişafı uğrunda böyük uğurlar arzu edirik.
Şəhər ziyalılarının şərhlərini paylaşıma əlavə edirik:
İbrahim Cəfərov-Hörmətli Niyazi müəllimi ürəkdən təbrik edir, sağlam ömür arzulayıram, qədim Gəncənin idarə edilməsinfə göstərdiyiniz xidmətlər insanlar tərəfindən qəbul edilir, şəhərdə yüksək səviyyədə aparılan asfaltlaşma işləri hamımızın ürəyindəndir, şəhərin təmiz saxlanılması, abadlıq quruculuq işləri sürətlə davam etdirilir. Bütün bu işlərə və Gəncəyə göstərilən yüksək diqqətə görə möhtərəm cənab Prezidentə dərin təşəkkürlərimizi bildiririk.
Azad Bayramov-Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı hörmətli Niyazi Bayramov 5 illik fəaliyyətində şəxsi ləyaqəti, düzgün münasibəti ilə hamının nəzərində yüksəlmişdir. Niyazi müəllim maarifpərvərliyi, insanpərvərliyi ilə şəhər əhalisinin yüksək ehtiramını qazanaraq əhalini öz ətrafında toplamağı bacarmışdır. Bəli, şəhərimizdə abadlıq işlərinin görülməsi, müharibə iştirakçıları və şəhid ailələrinin daim ziyarət olunmasının diqqətdə saxlanılması, şəhər ziyalılarına yüksək diqqətin ayrılması, vətəndaş qəbullarının mütəmadi keçirilməsi və əhalinin problemlərinin yerində həllini tapması istiqamətində atılan addımlar da hər birimiz tərəfindən yüksək qiymətləndirilir. Əlbəttə ki, bütün bunlar sadalamaqla bitməz. Hörmətli Niyazi Bayramova fəaliyyətində daim uğurlar arzu edirəm!!!
Rizvan İmanov -Niyazi müəllimin Gəncə şəhərinə icra başçısı təyin olunmasının beş ili tamam olması münasibəti ilə biz də onu təbrik edir, ona can sağlığı arzu edirik. Niyazi müəllim bu vəzifəyə təyin olunandan bəri şəhərdə əmin amanlıq hökm sürür. Hər bir sahədə canlanma hiss olunur. Əlbəttə , Niyazi müəllimin irəlidə də daha böyük uğurlara imza atacağına əminik.
Etibar Musayev-Hörmətli Niyazi Bayramovun bir insan kimi və eləcə də bir İcra Başçısı kimi Gəncə şəhərinə İcra Hakimiyyətinin Başçısı təyin edildiyi gündən gördüyü işlərlə yanaşı, şəhər sakinləri ilə keçirdiyi görüşlər gəncəlilərin qəlbində böyük məhəbbət yaratmışdır. Qayğıkeş bir rəhbər kimi şəhər sakinlərinin bütün problemləri ilə yaxından tanış olmuş, onların qayğısını çəkib. Şəhərimizə Başçı təyin olunduğu gündən Gəncədə infrastrukturların qurulması və bərpa edilməsi sahəsində, şəhərdə aparılan ürəkaçan abadlıq işləri şəhər əhalisi tərəfindən rəğbətlə qarşılanır. Əlbəttə bütün bu işlər ölkə rəhbəri Cənab Prezidentimiz İlham Əliyevin göstərişləri əsasında həyata keçirilir. Şəhərdə aparılan asfaltlama işləri, işıqlandırma, su və kanalizasiya sistemlərinin yenidən qurulması, yaşıllaşdırma işləri ürəkaçandır. Şəhər müasir tələblərə cavab verən yenidənqurma proseslərində öz gözəlliyini getdikcə füsünkarlaşdırır. Bu sahədə Niyazi Bayramovun gördüyü fədakarlığı xüsusi vurğulamaq lazımdır. Fəal idarəçilik xətti və insanlığı ilə sakinlərin hörmətini qazanmış Niyazi Bayramova fəaliyyətində uğurlar arzulayıram. Ən əsası da yeni yaşında fəaliyyətində yorulmazlıq, can sağlığı diləyirəm. Bu beş il ərzində vətənə, şəhərimizə, dövlətimizə ləyaqətlə xidmət göstərmisiniz. Sədaqətli və vətənpərvər insan kimi hörmət qazanmısınız. Sizi bir daha təbrik edir və uğurlar arzulayıram.
Zaur Hüseynzadə-Hörmətli Niyazi müəllim işlədiyiniz 5 il ərzində Gəncəlilərın yüksək etimadını qazanmısınız. Gəncədə görülən quruculuq işləri buna sübutdur. Yolların asfaltlanması, su sistemlərinin təzələnməsi, küçələrin işıqlanması və digər abadlıq işləri Niyazi müəllimin fəaliyyəti dövründə geniş miqyasda aparılır.
Bu videoda gördüyünüz xanımlar Gəncədə yaşayan şəhid analarıdır. Gəncədə İmamzadədə şəhidlərimizin anım günü ilə bağlı açılan ehsan süfrəsində bu xanımlar Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Niyazi Bayramov haqqında xoş sözlər deyirlər. Qayğı göstərilir ki, bu analar da belə razılıq edirlər. Heç bir şəhid anası övladının qanı üzərindən yalan söyləməz. Mənim yaxın qohumum Əliyev Tunar 44 günlük müharıbə dövründə Gəncənin ilk şəhidlərindən olub. Mən onun timsalında gördüm ki, Niyazi müəllimin rəhbərliyi ilə Gəncədə qazilərə, müharibə veteranlarına, şəhid ailələrinə necə diqqət və qayğı göstərilir.
Ümumiyyətlə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov sadəcə həssas kateqoriyadan olan şəxslərə deyil, uşaqlara, gənclərə, yaşlılara, bir sözlə bütün şəhər sakinlərinə diqqətlə yanaşır. O, mütəmadi olaraq şəhər ağsaqqalları ilə görüşlər keçirir, Gəncə Uşaq Evinin sakinlərini ziyarət edir. Ölkə başçısının müvafiq tapşırıqlarına əsasən Gəncədə şəhər rəhbərliyi tərəfindən sakinlərlə mütəmadi görüşlər təşkil olunur, onların şikayət və təklifləri dinlənilir. “Açıq mikrofon” şəraitində keçən görüşlərdə sakinləri narahat edən məsələlərin qanuna müvafiq qaydada həllinə çalışılır. Şəhər rəhbəri asudə vaxtlarını da şəhər sakinləri ilə keçirməyi üstün tutur.