“Gəncə – Yaşıl Şəhər Proqramı” çərçivəsində həyata keçiriləcək küçələrin işıqlandırılması ilə bağlı layihəyə dair Qrant, Kredit və Layihə sazişləri imzalanıb.
Sənədləri Avropa Yenidənqurma və İnkişaf Bankının prezidenti xanım Odil Reno-Basso və Azərbaycan tərəfdən müvafiq olaraq, iqtisadiyyat naziri Mikayıl Cabbarov, maliyyə naziri Samir Şərifov və Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov imzalayıblar.
Məlumat üçün bildirək ki, küçələrin işıqlandırılması layihəsi çərçivəsində Gəncə şəhərinin 274 küçəsində 17,000 ədəd yüksək texniki göstəricələr və davamlılığa malik LED lampaların quraşdırılması nəzərdə tutulur. Həmçinin, layihə çərçivəsində əsaslı infrastruktur işlərinin görülməsi, yəni LED lampalar ilə bərabər, işıq dirəklərinin, çıraqların, 50 km-dən artıq kabel xəttinin və 371 elektrik kabinetlərinin quraşdırılması planlaşdırılır.
Layihə nəticəsində Gəncə şəhərində küçə işıqları üçün uzaqdan avtomatlaşdırılmış idarəetmə sistemləri qurulacaq. Belə ki, müasir avadanlıqların köməyi ilə günün saatı və küçələrdə hərəkətlilikdən asılı olaraq optimal işıqlandırma intensivliyi və qənaət rejimi tətbiq olunacaq. Küçə işıqları Avropa İttifaqının EN 13201 standartı əsasında quraşdırılacaq.
Görüləcək işlər nəticəsində elektrik enerjisinin sərfiyyatında 76 faizə qədər qənaət əldə edilməsi planlaşdırılır. Bundan əlavə, küçə işıqlarının idarəedilməsi və texniki sazlığının saxlanmasına tələb olunan xərclərin 14 faiz azalması gözlənilir. Müasir və dayanıqlı küçə işıqlarının Gəncə əhalisinin sosial və maddi rifahına təsiri bir il ərzində 1.2 milyon avro dəyərində hesablanılır.
Layihənin investisiya dəyəri 15 milyon avro məbləğindədir. Bunun 12.5 milyon avro AYİB-dən kredit və 2.5 milyon avro E5P Fondundan qrant şəkilində maliyyələşəcək.



