Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunan ədəbi-bədii xoreoqrafik musiqili gecə keçirilib. Tədbirdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Türkiyənin Gəncədəki Baş Konsulu Recep Öztop, YAP Gəncə şəhər təşkilatının sədri Bayram Aslanov, Aparatın məsul əməkdaşları və idarə, müəssisə, təşkilat rəhbərləri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Gəncə Dövlət Filarmoniyasının foyesində dahi şair Nizami Gəncəvinin həyat və yaradıcılığını əks etdirən fotosərgi, şairə həsr olunmuş kitablar, rəsm əsərləri ilə tanış olublar.
“Gəncə və gəncəlilər” layihəsi çərçivəsində dahi şair Nizami Gəncəviyə həsr olunmuş gecədə onun həyat və yaradıcılığına həsr edilmiş teatrlaşdırılmış səhnələr, Nizaminin sözlərinə bəstələnmiş romanslar yer alıb.
Ədəbi-bədii xoreoqrafik musiqili gecədə Gəncə Dövlət Dram Teatrının aktyorları, Gəncə Dövlət Filarmoniyasının Kamera Orkestri və solistləri, “Göygöl” Dövlət Mahnı və Rəqs ansamblı çıxış ediblər.
İlk dəfə “Gəncə və gəncəlilər” layihəsi çərçivəsində keçirilən gecə tamaşaçılar tərəfindən böyük maraq və alqışlarla qarşılanıb.