Gəncə şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun maliyyə dəstəyi, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının ev sahibliyi, Gəncə şəhər Gənclər və İdman Baş İdarəsinin və Gəncə Beynəlxalq Xəstəxanasının tərəfdaşlığı ilə “Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsi” adlı layihənin açılış tədbiri baş tutub.
Region Gənclərinin 1-ci Tibb Məktəbi Layihəsinin rəhbəri, Odlar Yurdu Gənclər İctimai Birliyinin baş katibi Ruslan Vəliyev bildirib ki, layihənin keçirilməsində məqsəd region gənclərinin tibbi biliklərinin artırılması, layihənin ünvanlandığı gənclər qrupunun respublikamızda dövlətin tibbi sahəyə ayırdığı diqqətlə bağlı məlumatlandırılması, bu sahə üzrə kadr hazırlığının önəminin əyani yollarla çatdırılması, problemin həllində məhz gənclərin şəbəkələşməsinin zəruriliyini təmin etmək, onların bu problemlərin həllində təşəbbüslərinin artırılmasına nail olmaq və bu kimi məsələlərin həllində gənclərin rolunu artırmaqdan ibarətdir. Layihə tibb sahəsində dövlət sektorunun iştirakının tibb sənayəsinin inkişafı ilə bilavasitə şərtlənməsini ehtiva edəcək. Layihə çərçivəsində təlimlərin keçirilməsi, həmçinin, layihə iştirakçılarına praktiki təcrübə keçmək üçün şəraitin yaradılması layihənin əsas məqsədlərindəndir. Ölkəmizdə tibb sahəsinin beynəlxalq rəqabətə tab gətirməsi zərurətinin ortaya çıxdığı vaxtda, dövlətin bu sahədə rolunun əhəmiyyəti təlimlər vasitəsilə gənclərə çatdırılacaq. Cari layihə çərçivəsində tibbi sahəyə göstərilən dövlət qayğısı, səhiyyə sisteminin inkişafının səmərəliliyinin artırılması istiqamətində maarifləndirici təlimlər keçiriləcəkdir. Beş gün müddətində müxtəlif mövzularda təlimlər keçiriləcək, həmçinin, seçilən layihə iştirakçıları Gəncə Beynəlxalq Xəstəxanasında təcrübə proqramında iştirak edəcəklər. Layihənin sonunda iştirakçılar sertifikatlarla təltif olunacaqdır.
Qeyd edək ki, layihə çərçivəsində 24-28 fevral tarixlərində təlimlər həyata keçirilcək. Layihənin gedişatı haqqında mütəmadi olaraq mətbuat vasitəsilə ictimaiyyətə məlumat veriləcəkdir.
Ruslan Vəliyev, ADAU-nun 4-cü kurs tələbəsi.