Niyazi Bayramov 2022-ci ildə Avropa və Dünya çempionatlarında fərqlənən idmançılarla görüşüb

Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasında beynəlxalq yarışlarda yüksək nəticələr qazanmış idmançılar və onların məşqçiləri ilə görüş keçirilib. Görüşdə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, başçısının 1-ci müavini Səməd Tomuyev, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, YAP Gəncə Şəhər Təşkilatının sədri Ramil Orucov, 2 nömrəli Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin direktoru Asif Həsənov və Gəncə İdman Liseyinin direktoru Mehman Allahverdiyev iştirak ediblər.

Görüş iştirakçılarını salamlayan Niyazi Bayramov ölkə Prezidenti, Milli Olimpiya Komitəsinin sədri cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə ölkədə idman sahəsində böyük inkişafa nail olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, idmanda qazandığımız nailiyyətlər, dünya və avropa çempionatlarında idmançılarımızın əldə etdiyi medallar və mükafatlar ölkəmizin beynəlxalq idman təşkilatlarında mövqeyinin xeyli güclənməsinə, Azərbaycanın dünyaya əsl idman ölkəsi kimi tanınmasına səbəb olub. Bu gün Gəncə şəhərinin yetirmələri olan idmançılarımızın beynəlxalq arenada yüksək nəticələr əldə etdiyini diqqətə çatdıran şəhər rəhbəri, bu münasibətlə onları təbrik edib və yeni nailiyyətlər arzulayıb.

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov görüşdə şəhərin idman sahəsində görülən işlərdən, həmçinin iştirak edən idmançıların nailiyyətlərindən bəhs edib. O, 2022-ci ilin ilk rübündə idmançılarımızın Gəncə şəhərinə ümumilikdə 91 medal gətirdiklərini bildirib.

Ramil Orucov da öz növbəsində idmançıları təbrik edərək bildirib ki, ölkə rəhbərliyinin idmançılara göstərdiyi xüsusi diqqət və qayğıdan ruhlanan idmançılarımızın respublika birinciliklərində və beynəlxalq yarışlarda yüksək nəticələr qazanması, ölkəmizin və şəhərimizin idman şərəfini ləyaqətlə qoruması, bayrağımızın yüksəldilməsi, himnimizin səsləndirməsi hər bir şəhər sakini üçün qürurverici anlar yaşadır.

İdmançılar və məşqçilər ölkədə idmanın inkişafına və idmançılara göstərilən əvəzsiz qayğıya görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Görüşün sonunda şəhər rəhbəri Niyazi Bayramov tərəfindən idmançılara mükafatlar təqdim olunub və xatirə şəkli çəkdirilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.