Gəncə məktəblərində Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı silsilə tədbirlər

Dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 880 illik yubileyi ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinin nəzdində fəaliyyət göstərən orta təhsil müəssisələrində geniş tədbirlər planı həyata keçirilmişdir.

Bu barədə Etmtv.news-ə Gəncə şəhər Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, müvafiq əmr ilə təsdiqlənmiş Tədbirlər Planına əsasən, şəhərin ümumi təhsil müəssisələrində Nizami Gəncəviyə həsr olunmuş poeziya gecələri, ədəbi-bədii kompozisiyalar, seminarlar və onlayn açıq dərslər keçirilib, ədəbiyyatçılar və nizamişünaslarla görüşlər təşkil olunub. Məktəb kitabxanalarında Nizami Gəncəvi irsinin təbliği və əsərlərinin müzakirəsi istiqamətində dəyirmi masa və debatlar, şairə həsr olunmuş elmi və bədii əsərlər, məqalə və kitablarla tanışlıq işi yüksək səviyyədə təşkil olunub.

Həmçinin “Sirlər xəzinəsi” adlı intellektual yarış, yuxarı sinif şagirdləri arasında “Nizami dünyası” və “Ən yaxşı təqdimat” adlı müsabiqələr həyata vəsiqə alıb.

Bundan başqa, “Nizami İli” nə həsr olunmuş “Xəmsə” festivalı, “Nizami Gəncəvi Muzeyi”nə virtual səyahət, müəllimlər arasında “Nizami Gəncəvi irsi” mövzusunda konfrans təşkil edilib.

Məktəblilər arasında “Nizami Gəncəvi İli”nə həsr olunmuş “Ən yaxşı şeir ifaçısı”, “Ən yaxşı mahnı ifaçısı”, “Ən yaxşı gənc yazar”, “Ən yaxşı rəsm müəllifi”, “Ən yaxşı əl işi” nominasiyaları üzrə müsabiqələr, həmçinin Nizami Gəncəvi irsinin şagirdlər arasında müasir texnoloji vasitələr, sosial media alətləri vasitəsilə təbliği məqsədilə layihələr keçirilib.

Qeyd edək ki, ilkin olaraq yubiley tədbirləri təhsil müəssisələrində karantin qaydalarına uyğun olaraq onlayn şəkildə, may ayının 17-dən iyun ayının 14-ə kimi təhsillə bağlı mövcud şərait nəzərə alınaraq təşkil edilmişdir.

Gəncə İdman Liseyi də dahi Azərbaycan şairi N.Gəncəvinin anadan olmasının 880 iliyinə həsr olunmuş silsilə tədbirlərə imza atmışdır. Bu məqsədlə, böyük şairin yaradıcılığı ilə bağlı sərgilər təşkil olunmuşdur. Bununla yanaşı “Nəsiminin dünyası və dünyanın Nizamisi” mövzusunda liseyin müəllimləri məruzə ilə çıxış etmişlər.

Liseydə eyni zamanda təhsil ilinin sonunda “Nizami dünyası” adlı intellektual müsabiqəyə də start verilmişdir. Müsabiqə liseyin IX-XI sinif şagirdləri arasında onlayn formada həyata keçirilmişdir.

Müsabiqənin əsas mövzusu N.Gəncəvinin həyatı, qəzəlləri, müdrik kəlamları, “Xəmsə”, görkəmli şəxslərin dahi şair haqqında söylədiyi fikirlər və Nizami yaradıcılığındakı məşhur obrazlardan ibarətdir. Qalib yer kimi 8 şagird müəyyənləşdirilmişdir. Onların arasında 2 nəfər-1 yer, 2 nəfər – 2 yer, 2 nəfər-3 yerə, 3 nəfər isə həvəsləndirici yerlərə layiq görülmüşlər. Qaliblər- Əliyev Məhəmməd, İbrahimzadə Aslan, Məmmədov Turqut XI sinif şagirdləri, Abbasova Günay, Əhmədova Özləm, Məmmədov Yusif, Quluzadə Zahidə, Rüstəmova Rəna və Əsgərov Səid isə IX sinif şagirdləridir.

Bu tədbirlər liseyin dərnək rəhbəri Gülnara Kazımova tərəfindən  hazırlanaraq həyata keçirilmişdir. Liseyin tərbiyə işləri üztə direktor müavini Baris Məsimovdan aldığımız məlumata görə keçirilən tədbirlərdə bütün müəllim və şagird kollektivi həvəslə iştirak etmişdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.