Gəncə İdman Liseyinin şagirdləri Respublika turnirinin final mərhələsində

Bildiyimiz kimi Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş yeniyetmələr arasında respublika turnirinin proqramına daxil olan atletika idman növü üzrə final yarışı keçirilib.
Respublika Olimpiya Mərkəzində təşkil olunan yarışda hər zonadan I və II yer üzrə final mərhələsinə vəsiqə qazanan 12 komanda – Bərdə rayonu, Gəncə şəhəri, Balakən rayonu, Oğuz rayonu, Nərimanov rayonu, Xətai rayonu, Masallı rayonu, Salyan rayonu, Ucar rayonu, Sabirabad rayonu, Quba rayonu, Şabran rayonun məktəbliləri mübarizə aparıb.
Yarışda I yerə Bərdə rayonu, II yerə Balakən rayonu, III yerə Gəncə şəhərinin komandası layiq görülüb.
Olimpiya sistemi üzrə 6 zonada keçirilən turnirdə 4 idman növü üzrə ümumilikdə respublikanın bütün rayon və şəhərindən 2000-dən çox məktəbli iştirak edib.
Təhsil, Gənclər və İdman nazirlikləri, Milli Olimpiya Komitəsi, Azərbaycan Məktəb İdmanları Federasiyasının təşkilatçılığı ilə 2021-ci ilin may-iyun aylarında keçirilən yarışlarda Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən bütün rayon və şəhər ümumi təhsil müəssisələrinin şagirdləri mini futbol (13-14 yaş), atletika (13-14 yaş), voleybol (oğlanlar, 14-15 yaş), basketbol (oğlanlar,14-15 yaş) idman növləri üzrə iştirak edib.
Qeyd edək ki, turnirin keçirilməsində məqsəd şəhidlərimizin xatirəsini əbədiləşdirmək, onların xatirəsini yad etmək, yeniyetmələr arasında vətənpərvərlik hissini gücləndirmək, şagirdləri sağlam həyat tərzinə istiqamətləndirmək, onların asudə vaxtının səmərəli təşkili, idmana olan marağının artırılması, ümumtəhsil məktəblərinin idman sahəsində sinifdənxaric və məktəbdənkənar fəaliyyətlərinin qiymətləndirilməsindən ibarətdir.
Turnirdə Gəncə İdman Liseyinin komandası da fəal iştirak edərək qalib yerə imza atıb. Liseyin komandası Yeniyetmələr arasında Respublika turnirinin final mərhələsində Atletika idman növü üzrə üçüncü yeri tutduğuna görə Azərbaycan Respublikasının Təhsil nazirinin birinci müavini Firudin Qurbanov, Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə və Azərbaycan Məktəb İdmanları Federasiyası prezidenti Sevinc Hacıyeva tərəfindən Diplomla təltif edilib.
Qalib idmançılar Liseydə təntənəli şəkildə qarşılanıb. Liseyin direktoru Mehman Allahverdiyev və bütün kollektiv onlara öz təbriklərini çatdırıb, gənc idmançılara bundan sonra da uğurlar diləyib və dünya səviyyəsində iştirak etmələrini arzu edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.