Gəncə Ağır Cinayətlər Məhkəməsində Gəncə Dövlət Universitetinin sabiq dekan müavini Yusifov Anar İdris oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
AzEdu.az-ın məlumatına görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Məhkəmənin hazırlıq iclasının davamı isə iyunun 3-nə təyin edilib.
Qeyd edək ki, Gəncə Dövlət Universitetin pedaqoji fakültəsinin dekan müavini Yusifov Anar İdris oğlu dələduzluqda və rüşvət vermədə təqsirləndirilir.
Onun barəsində Cinayət Məcəlləsinin 178-ci (dələduzluq), 312-ci (rüşvət vermə) maddələri ilə cinayət işi başlanılıb.
Gəncə Dövlət Universitetinin rektorunun müşaviri Asif Cavadov bildirib ki, A. Yusifov barəsində cinayət işi başlanandan sonra dekan müavinliyindən azad olunub: “O, hazırda universitetdə Bədən Tərbiyəsi kafedrasında müəllim kimi çalışır”. (apa)