Gəncə Dövlət Universitetində tələbə şəhərciyinin yenidən qurulması işləri davam edir

Gəncə Dövlət Universitetinin şəhərin Dədə Qorqud küçəsində yerləşən hər biri 5 mərtəbədən ibarət 3 yataqxana binasında aparılan yenidənqurma və əsaslı təmir işləri davam edir. Qeyd etmək lazımdır ki, hər üç yataqxana binası 1967-ci ildə istifadəyə verilib və bu günə qədər bir dəfə də olsun cari təmir işləri aparılmayıb. Burada bütün işlər dövlət büdcəsindən ayrılmış 8 (səkkiz) milyon manatlıq vəsait hesabına aparılır.
Yataqxana ərazisində planlama və söküntü işləri artıq başa çatdırılıb. Hər 3 binanın dam örtüyü mansar şəklində tamamilə yenidən qurulub, fasadların suvanması işi tam yekunlaşıb. Hazırda binalarda istilik və su sistemləri, yanğın təhlükəsizliyi sistemi quraşdırılır. Eyni zamanda binalara estetik gözəllik vermək üçün pəncərələrin kənarında və binanın müxtəlif hissələrində aqlay tavalarla üzləmə işləri aparılır. Şəhərcikdə yerləşən yeməkxana binasında da işlər davam etdirilir. Ərazidə iri həcmli yeraltı su anbarı da inşa edilib. Bunlarla yanaşı şəhərcik ərazisinə daxil olmaq üçün yeni giriş qapısı hazırlanır. Girişdə yeni nəzarət-buraxılış məntəqəsi inşa edilib, suvaq işləri aparılır.
Bütün işlər Gəncə Dövlət Universiteti rəhbərliyinin nəzarəti altında tikinti norma və qaydalarına uyğun olaraq yüksək keyfiyyətlə və sürətlə həyata keçirilir. Tərtib olunmuş qrafikə uyğun işlərin vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub. Tikinti işlərinin dekabr ayında yekunlaşdırılması planlaşdırılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.