İyulun 24-də Gədəbəydə “Vətən! Ordu! Şərəf!” adlı vətənpərvərlik mövzusunda rəsm sərgisi açılıb. Sərgi Milli Yaylaq Festivalı, həmçinin Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin Şəmkir Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə keçirilən gənc mədəniyyət işçilərinin birinci beynəlxalq yay düşərgəsi çərçivəsində təşkil edilib.
Sərginin açılış mərasimində çıxış edənlər gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasını, onların istedadının üzə çıxarılması və dəstəklənməsini, ölkəmizdə təsviri sənətin inkişaf etdirilməsi və təbliğ olunmasını sərginin hədəfləri arasında yer aldığını vurğulayıblar. Həmçinin “Səni vətən çağırır”, “Mədəniyyət və silahlı qüvvələr” və “Əsgər salamı” adlı məruzələr dinlənilib.
Tədbirin bədii hissəsində Gədəbəy Aşıq musiqisi məktəbinin şagirdləri çıxış ediblər.
Sonra sərgiyə baxış olub və ən yaxşı əsərlərin müəllifləri mükafatlandırılıb.