Azərbaycan aviasiya tarixinə aid unikal bir sənədlə bağlı araşdırmalar aparılmışdır.
Muzeyin verdiyi məlumatda deyilir:“Bu vaxta qədər haqqında çox az məlumata malik olduğumuz Əli Verdiyevin şəxsi sənədləri arasında 1916-cı ildə Parisdə ona verilmiş təyyarəçi patenti xüsusi yer tutur.
Sənəddən məlum olur ki, 1891-ci il yanvarın 1-də Yelizavetpol şəhərində (indiki Gəncə) anadan olmuş Əli Verdiyev 1916-cı ildə Parisdə aviasiya məktəbini bitirmişdir. Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsi tərəfindən verilən aviasiya patentinə əsasən Əli Verdiyev 1916-cı il iyunun 22-də “pilot-aviator” normativlərini tam yerinə yetirərək bu ada layiq görülmüşdür.”
Aşkar olunmuş bu patent Azərbaycan aviasiya tarixinə yeni bir şəxsiyyətin adını yazmağa tam əsas verir.
Muzeydə qorunan digər sənədlərdən və fotoşəkillərdən aydın olur ki, 1912-ci ildə Varşavada təhsil alan Əli Verdiyev Parisə gedərək Beynəlxalq Aeronavtika Federasiyasının Paris bölməsində patent almışdır.
Birinci dünya müharibəsi dövründə Fransanın aviapilotaj məktəbində hazırlıq kursu keçmiş, sonra isə məzunu olduğu məktəbin müdavimlərinə uçuş dərsləri vermişdir. O, yeni təyyarələrin sınaq uçuşlarını tənzimləyən təlimatçı olmaqla yanaşı, həm də mühəndis-mexanik kimi, təyyarələrin sazlığına nəzarət etmişdir.
Tural Qaffarov