Faydalı qazıntılarla zəngin Laçın rayonu

Azərbaycan dünyanın ən dilbər guşələrindən biridir. Azərbaycanın şəhər və rayonları da öz təbiətinə, iqliminə, strateji mövqeyinə, yeraltı və yerüstü sərvətlərinə görə fərqlənirlər. Azərbaycanın ən füsunkar bölgələrindən biri də Laçın rayonudur. Laçın Azərbaycanın cənub-qərbində, Kiçik Qafqazda yerləşir. Ərazisi şimaldan Kəlbəcər, cənubdan Qubadlı, şərqdən Xocalı, Şuşa və Xocavənd rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Bu rayonun 1 şəhər, 1 qəsəbə, 125 kəndi var.
Laçın tarixi keçmişi zəngin olan bir ərazidir. Laçın abidələri Qarabağda olan Azıx və Tağlar mağaraları qədər dəyərlidirAzərbaycanda xanlıqlar ləğv edildikdən sonra, Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə qatılıb, 1868-ci ildən isə indiki Laçın yeni yaradılan Zəngəzur qəzasına qatılır. 1905–1907 və 1914–1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. 1918-ci ildən 1922-ci ilədək isə Qarabağ quberniyasının tərkibində olmuşdur. Laçın rayonu – Azərbaycan SSR-də 1930-cu ildə inzibati bölgə kimi (keçmiş SSRİ zamanı) təşkil edilmişdir.
Laçın bölgəsinin səthi dağlıqdır və şimal hissəsi Qarabağ silsiləsinin cənub-qərb yamacında, cənub-qərbi Qarabağ yaylasındadır. Ən hündür nöqtəsi Qızılboğaz dağıdır (3594m). Çayları Həkəri və onun qollarıdır. Əsasən çimli, dağ-çəmən, qəhvəyi dağ-meşə və karbonatlı dağ qara torpaqlara malikdir. Bitki örtüyü kollu və seyrək meşəli çəmənliklərdən, enliyarpaqlı dağ meşələrindən (palıd, vələs, fıstıq), subalp və alp çəmənliklərindən ibarətdir. Heyvanat aləminə qayakeçisi, çölsiçanı, cüyür, çöldonuzu, sincab, süleysin və s. aiddirlər. Ərazinin çox yerində qışı quraq keçən mülayim isti və soyuq iqlim üstündür.
Zəngin yeraltı və yerüstü sərvətlərə malik olan rayonun ərazisi narzan, istisu, turşsu kimi mineral bulaqlar, həmçinin qızıl, civə, kükürd, qrafit, əhəng daşı, kəhrəba, vulkanik tuf daşları, mərmər, ipək daşı və s. kimi faydalı qazıntılar, eləcədə palıd, cökə, ağcaqayın, şam, göyrüş, qaraağac, akasiya, nadir və qiymətli ağac növü hesab olunan qırmızı palıd (qızıl palıd) və müxtəlif növ yabanı meyvə ağacları olan meşə örtüyünə malikdir. Həmçinin rayonun ərazisində cüyür, qaya keçisi, çöl donuzu, qonur ayı, bəbir, canavar, tülkü, dələ, dovşan, porsuq və s. heyvanlar, habelə qırqovul, kəklik, qartal, bülbül, turac, şanapipik, alabaxta, göyərçin, bildirçin və s. kimi quşlar yaşayır.
Rayondakı zəngin fauna və floranın mühafizəsi üçün 1961-ci ildə ərazidə Dövlət Təbiət Yasaqlığı və 1987-ci ildə Qaragöl Respublikalararası Dövlət Təbiət Qoruğu təşkil olunmuşdur.
Laçın rayonu 18 may 1992-ci ildə erməni silahlı qüvvələri tərəfindən işğal edilmişdi. Lakin Azərbaycan Respublikası, Rusiya Federasiyası Prezidentləri və Ermənistan Respublikası baş nazirinin imzaladığı üçtərəfli bəyanata əsasən 1 dekabr 2020-ci ildən etibarən Laçın rayonu 28 il sonra yenidən Azərbaycan Respublikasının nəzarəti altına keçmişdi.
 Sevinc Əsgərova,
Gəncə şəhər 8 nömrəli tam orta məktəbin tarix müəllimi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.