İrəvan kanallarında kənar sözlər işlədilmir, hətta söz yaradıcılığı onlarda olduqca yüksəkdir. “Reklam”sözü onlarda yoxdur və söz yaradıcılığından istifadə edib öz dillərinə keçiriblər və buna “qovaz” deyirlər”.
Bunu Moderator.az-a açıqlamasında sabiq deputat Maksim Musayev yazıçı Xeyrəddin Qocanın efirlərimizlə bağlı fikirlərinə münasibət bildirərkən deyib. M.Musayev erməni telekanallarının bizim telekanalları üstələdiyini bildirib:
“Xeyrəddin Qocanın telekanallarımızla bağlı fikirlərilə tanış olduqdan sonra mən də öz fikirlərimi bildirmək istəyirəm. Xeyərddin müəllimi otuz ildən çoxdur tanıyıram və hələ onda o, belə məşhurlaşmamışdı. Əvvəllər necə düşünürsə, indi də elə düşünüb danışır. Yəni milli ruhludur, ədəbiyyatımızın müdafiəçisidi, sözübütöv insandı, qarşısındakını özünə çəkən insandı, yeri gələndə anonim və sinonimlərdən yerində istifadə etməyi bacarır. Yazılarında deputatların çıxışlarına özünəməxsus fikirlərilə lağa qoyub, onları bu vasitə ilə sərbəst danışmağa çağıran, bununla yanaşı yumoru ilə digərlərindən fərqlənən insandı. Ona həm jurnalist, həm yazıçı, həm diplomat, həm də vətənsevər bir şəxs deyərdim. Çox təəssüf ki, indi onunla əlaqələrimiz bir az zəifləyib və bunun da günahı məndədi, çünki vaxt edə bilmirəm onunla görüşməyə.
Həqiqətən Azərbaycan telekanallarının çoxu pis gündədir, onların gününə ağlayan yoxdur. Müxtəlif dilləri bildiyimə görə digər ölkələrin telekanallarına da baxıram. Rusiya, Qazaxıstan, Çeçenistan kimi xalqların telekanallarıyla bərabər, Ermənistanın da dörd telekanalına baxıram. Buna görə də həmin telekanalları, bizim telekanallarla müqayisə etmək təsəvvürü yaranır. Bizim telekanallara candərdi baxıram ki, müqayisə üçün təsəvvürüm yaransın. Açığını deyim ki, bizim telekanallara baxanda vaxtıma hayfım gəlir və Xeyrəddinin diliylə desək, “əttökürəm”. Xeyrəddin müəllim olduqca bu haqda doğru fikirlər səsləndirir. Dilimizi zəif bilən insanlar efirlərdə “at oynadır”. Ancaq başqa ölkə telekanalarında cümlə quruluşlarına və sözlərə o qədər ciddi fikir verirlər ki, hətta həsəd aparırsan ki, niyə bizdə belə deyil. Məsələn, bizim telekanalları bütün xarici telekanllarla müqayisə edə bilərəm, ancaq İrəvan telekanallarıyla müqayisə edəcəm. İrəvan kanallarında kənar sözlər işlədilmir, hətta söz yaradıcılığı onlarda olduqca yüksəkdir. “Reklam”sözü onlarda yoxdur və söz yaradıcılığından istifadə edib öz dillərinə keçiriblər və buna “qovaz” deyirlər. “Qovaz” sözünü erməni dilindən Azərbaycan dilinə çevirəndə “təriflər” və ya “tərifnamələr” mənasını verir. Hətta onların televiziya sözü də erməni sözüylə adlanır. Televiziyanı onlar “perisdatus” adlandırırlar və bu isə bizim dildə “uzaq göstərən” və ya “uzaqları göstərən” mənasını verir. Belə faktlar haqqında çox danışa bilərəm. Bizdə isə belə söz yaradıcılığı yoxdur, telekanallar hamısı bir-birini təkrar edir.
Belarusiyanın da, Qazaxıstanın da telekanalları çox yüksək səviyədədir. Amma erməni telekanallarıyla bizim telekanalları müqayisə edəndə biz çox geridə qalırıq. Məsələn, onlar efir vaxtının 20-30 faizini gənc nəslin vətənpərvərlik ruhunun formalaşmasına sərf edirlər. Milli ruhlu mahnıların səsləndirilməsinə də xeyli vaxt ayırırlar. Bu cür mahnıları bəstələyən insanlar haqqında da tamaşaçılara məlumat verirlər və geniş verilişlər hazırlayırlar. Əsgər və zabit həyatından, əsgər ailələrinin dolanışığına, əsgər ailələrinə yerli icra hakimiyyəti tərəfindən göstərilən məsələlərə görə efirdə ayrıca yer verirlər. Yaxud da xidmətdə olan əsgər və zabitlərlə din xadimlərinin hərbi hissələrdə keçirdiyi mərasimləri də təqdim edirlər. Məsələn, iki il bundan öncəyə qədər ermənilərdə bütün hərbi hissələrdə keşiş ştatı var idi və onun 48-i çatmadığı üçün elan vermişdilər. Onlarda əsgər səhər yuxudan duranda keşiş ona dua oxuyur və bu olmadığına görə məsələni tragediya kimi qəbul edirdilər. Eyni zamanda görkəmli şair, yazıçı, rəssam və bir sözlə, tanınmış insanlar haqda geniş verilişlər təqdim edirlər. Yoxsa, bizimki kimi biabırçılıq yox. Bir də bacarıqlı, istedadlı insanların tanıdılması üçün efirdə onlara kifayət qədər vaxt ayırırlar və onu tanıdmağa çalışırlar. Bunları deməkdə məqsədimiz odur ki, düşmən olduğumuz, bəyənmədiyimiz, nifrət etdiyimiz ölkənin telekanalları lazımi məsələlər barədə əhaliyə xəbərdarlıq edir. Bizdə isə artistlərə və sair adamlara yer verilir. Bizim televiziya telekanallarımızın çoxu boşboğazlıqla məşğuldur. Aşağı mədəni səviyyələri və həyasızlıqlarıyla bizi utandırırlar. Sağ olsun Xeyrəddin müəllimi ki, ara-sıra bu sahənin işçilərinə “tikanlı” sözlərini deyir. Kaş onun sözlərinin müsbət təsirini görə bilək”.
Vasif Əlihüseyn