Ehtiyyatlı olun, bu Çexovdur! Mingəçevir Dövlət Dram Teatrının tamaşası haqqında

Dünya ədəbiyyatının görkəmli nümayəndəsi kimi tanınan Lev Tоlstоy öz söhbətlərinin birində Antоn Pavloviç Çeхоvun yaradıcılığı haqqında belə deyib: “Əgər bütün rus ədəbiyyatı təsadüf ucbatından yохa çıхsaydı və təkcə Çeхоvun hekayələri qalsaydı, bunlar əsl rus həyatı barədə bütün dünya хalqlarında aydın təsəvvür yaratmaq üçün kifayət edərdi”.

Elə bu təsəvvürün aydınlığında onu duymaq üçün bu günlərdə Mingəçevir Dövlət Dram Teatrının səhnəsində rejissor Nicat Alatoranın (Mirzəzadə) quruluşunda  Antоn Pavloviç Çeхоvun  “Ayı”  vodovilinə – xəfifcə gülüşünə baxmaq qərarına gəldim. İlk öncə deyim ki, bir pərdəli zarafat müəllif tərəfindən N. N. Solovtsovaya ithaf olunub. Əsasən vodovilin üç iştirakçısı olan və 50 dəqiqə davam edən tamaşa rejissor Nicat Alatoran tərəfindən bir məkan çərçivəsində cərəyan etməklə, altı iştirakçı ilə quruluş verilib. Yəni rejissor səhnəyə əlavə üç köməkçi obraz əlavə edib. İlk öncə deyim ki, bu əlavə olunan obrazlar heç də rejissor təxəyyülünün yeni təqdimatı deyil. Elə əslində bu obrazlar Çeхоvun digər pyeslərindən götürülən, onun öz düşüncələrinin məhsuludur. Ancaq bu əlavələr heç də vodovilin tam olaraq açılmasına xidmət etmir. Əksinə, səhnədə daha çox əsas obrazların əl-ayağına dolaşır.

Çeхоv özünün 1888-ci ildə qələmə aldığı “Ayı” vodevilində ciddi sosial-əxlaqi problemlər qaldıraraq, onun yığcam, konkret bədii şərhini verir. Belə ki, “Ayı”nın süjeti çox sadədir. Sadə olduğu qədər də çətindir. Pərdə açılar-açılmaz ilk andaca böyük coşqu və sevgi ehtirasları ilə dolu olan qadının taleyi ilə qarşılaşırıq. Yelena İvanovna Popova adlı gənc mülkədar dul qadın vəfat edən ərinin hələ də yasını saxlamaqda davam edərək bir ilə yaxındır ki, evindən kənara çıxmır. Nökəri yaşlı Luka – aktyor Asim Məmmədov isə gənc qadının bu cür həyat tərzi keçirməsinə görə onu məzəmmət edir, yas saxlamaqdan qurtarıb, yeni həyata atılması üçün dilə tutmağa cəhd göstərir. Lakin ərinə vəfalı olan xanım bu mövzuda heç nə eşitmək istəmir, həyat tərzini dəyişmək, yeni həyata başlamaq üçün ona təzyiq göstərən xidmətçinin təkliflərini qətiyyətlə rədd edərək, həyatla vidalaşan əri üçün yas tutmaqda davam edir.

Müəllifin təsvirindən və vodovildə yaşlı xidmətçi Lukanın sözlərindən bəlli olur ki, o, qəşəng, cavan, enerjili, “xəmiri südlə qandan yoğrulan” və ərinin sevgisinə son dərəcə vəfalı, sədaqətli olan güclü bir qadındır. Hərçənd ki, sağlığında əri ona heç də qiymət verməyən, dəfələrlə xəyanət edən, ona istənilən diqqəti göstərməyən bir tip olaraq təsvir edilir. Bu inciklik uzun müddətdir ki, onun qəlbinə hakim kəsilib. Gənc qadın bununla ərinə həyatda həqiqi məhəbbət və sədaqətin mövcud olduğunu  sübut etməyə çalışır. Onun sözlərinin bir qismində də matəm, tabut, kölgə, məzar kimi ölüm sematikası ilə əlaqəli olan bir sıra ifadələrə rast gəlmək mümkündür.  Bütün bunlar göstərir ki, həyat onun üçün artıq tükənib. O, melanxoniyaya məruz qalaraq, ətraf çevrəsinə son dərəcə biganə və laqeyddir.

Butün bu sadalananlara baxmayaraq səhnəni seyr etdikcə elə ilk andanca hadisələrin nə qədər sönük başlaması və aktyor ifalarının göstərmə xarakterli olması məndə böyük təəssüf hissi oyatdı. Halbuki Çeхоv yaradıcılığı əsasən səhnədə hadisələrin vəziyyətlər halına uyğun olaraq yaşama məktəbi ideyalarına əsaslanır. Ən əsası da müəllif ideya və fikrlərinə zidd olan rol bölgüsünün düzgün aparılmaması da tamaşaya olan baxışlarımı tamamilə dəyişdi. Belə ki, vodovilin əsas obrazı olan Popova müəllif Çeхоv tərəfindən yanaxları zənəxdanlı gənc dul qadın, mülkədar olaraq 30-35 yaşlarında təsvir edilsə də, səhnədə respublikanın xalq artisti 73 yaşlı görkəmli sənətkar olan Ella Yaqubovanın görünməsi gülünc doğuracaq hisslərdən başqa bir şey deyildir. Həmçinin qeyd etməliyəm ki, aktrisanın səhnədə dırnaqarası məharətli ifası daha çox vəziyyətlər halından cıxma prinsipini əsas götürməklə göstərmə xarakterini özündə ehtiva edirdi.

Əslində qeyd etməliyəm ki, Çexovun yaradıcılığı XIX əsrin 80-ci illərindən başlayır. Bu dövrdə Avropa incəsənəti və ədəbiyyatında mühüm dəyişikliklər baş verib. Yazıçılar və yaradıcı şəxslər bu dövrdə klassik realizmdən imtina edərək yeni təsviri üsul və metodlarına üz tutublar. Məhz bu baxımdan da Çexov yaradıcılığının ilkin mərhələsində həyatın dramatik tərəflərini canlı və bədii əks etdirmək üçün həcmcə kiçik, yığcam vodevil janrını seçib. Lakin o, seçdiyi janrı əvvəlki ənənələrdən uzaqlaşdıraraq, keyfiyyət baxımından əhəmiyyətli dərəcədə zənginləşdirərək əsasən yüngül mövzularda yazaraq, mənasız gülüş doğuran özünəqədərki rus vodevilini məzmunca ciddi, əhəmiyyətli janrlara – komediya və drama yaxınlaşdırıb. Daha doğrusu, Çexov komediya yaxud dramla vodevilin fərqini yalnız onların həcmində görüb. Məhz bu prinsipdən çıxış edən yazar vodevili ənənəvi mənada deyil, birpərdəli dram, yaxud komediya kimi dəyərləndirib.

Bildiyimiz kimi Ayı – slavyanların bir qayda olaraq mühafizə edən, arxa, havadarı kimi ehtiram mücəssəməsi olan totemi sayılır. Eyni zamanda o, rusların  xalq nağıllarında ağırtərpənən, astagəl, lakin güclü, əzəmətli ənənəvi bir obraz olaraq əksini tapır. Adətən cəmiyyət içərisində özünü apara bilməyən, qanmaz, kobud, ağına-bozuna baxmayan, tərbiyəsiz adamlar bir qayda olaraq ayı adlandırılırlar. Vodovilə nəzər salarkən bütün bu sematik cəhətlərin hamısı bir küll halında mülkədar Qriqori Stepanoviç Smirnovda xarakter olaraq cəmlənib. O, əvvəlcə Yelena İvanovnanı kobud, “yontalanmayan” qadın kimi qəbul edir və onun incə, həssas duyğularını əri üçün keçirdiyi hüzn və xiffəti dərk etməkdə çətinlik çəksə də, axırda həqiqi, qüvvəli bir fərd kimi qadının təxəyyülündə olan kişiyə çevrilir.

Popovanın evinə öz borcunu almağa gələn mülkədar Smirnov həmçinin bir xarakter olmaq etibarı ilə bu qadın qəhrəmanla müqayisədə tam onun əks bir versiyasıdır. Əslində o, gündəlik, zəruri qayğılarla yüklənən, romantik hisslərə yad, coşqun, əzmli və qətiyyətli addımlar atmağa qadir olan bir şəxsdir.İlk anlarda onun nitqi kobud, acı, tikanlıdır və qadının iztirablarına süni bir tərz kimi baxır. Amma qadının temperamenti oyanıb baş qaldırdığı və kişiyə meydan oxuduğu zaman mülkədar başa düşür ki, qarşısında heç də səfeh və aciz olmayan, yüngül xasiyyət, başıboş bir dul qadın deyil, əksinə güclü, həyatsevər bir xanım əfəndi dayanmışdır.

O, qadına valeh olaraq bir neçə dəfə “İlahi, bu necə qadındır!” – deyə təkrar edir. Beləliklə, Çexov burada təbii və sadə bir yüngüllüklə məhəbbətin, gözəlliyin, gəncliyin, coşqunluğun və həyat eşqinin insan üçün nə qədər vacib olduğunu vurğulamağa çalışır.Smirnov obrazını respublikanın əməkdar artisti Şıxı Yaqubov ifa edir. O, səhnədə hər zaman müəllif ideyasına sadiqliyini peşəkar aktyor ifası ilə təqdim etməyə calışır.

Hadisələr dul qadından Smirnovun borc pullarının tələb edilməsi ilə daha da gərginləşir. Ancaq qadın pulları yalniz “birisigün” ödəyə biləcəyini bildirsə də, israrlı və inadlı olan Smirnov adlı bu mülkədarın özü də borclu olduğu üçün və borcunu ödəyə bilməzsə əmlakının müsadirə olunacağını bildirib təkidlə pullarını elə bu gün almaq istədiyini bəyan edir. Mübahisə uzanır və son anda məsələ daha da ciddiləşərək duel vəziyyətinə çatır.

Qadın bu dueli qəbul edir. Qadının qorxmazlığını, cəsarətini və heç bir şeydən çəkinmədiyini görən mülkədar bu qadında olan temperamentə, coşğuya və orijinallığa valeh olur. Başa düşür ki, həyatda axtardığı qadına rast gəlib və ona aşiq olub. Bütün bu səhnələr daha çılğın və həssas coşğu ilə davam etməli olduğu halda obrazlar sükut içində bir süstlüklə hadisələrin inkişaf mexanizminə belə daxil ola bilmir, əksinə hər iki obraz sanki səhnədə bir-birinə yad xarakterik xüsusiyyətləri ilə sezilir.

Qeyd etmək lazımdır ki, vodovilin süjeti nə qədər sadə olsa da burada o bir neçə ənənəvi sxemi özündə cəmləşdirir. Hələ Şekspir dönəmindən bizə çox yaxşı tanış olan “inadcılın əhilləşdirilməsi” motivi bu vodovildə də özünü büruzə verir. Əlbəttə ki, vəfalı və ya dul qadını ovsunlamaq, şirnikləndirmək kimi tovlamağın və başdan çıxarmanın ustası olan Don Juandan gələn səsləşmələr də Çexovun vodovilində onun ideyasına məyyən mənada təsirini göstərib.

Vodovilin kulminasiya nöqtəsi olan duel səhnəsi də parodiya və ənənəvi motiv oyunları zəminində qələmə alınıb. Burada döyüşə kişi və qadın cəlb edilir və elə buna görə də duel səhnəsi özünün həqiqi mənasından başqa bir də məcazi məna daşımaqla məhəbbət, eşq uğrunda gedən mübarizə simvoluna çevrilməyə başlayır.

Rejissor Nicat Alatoran məhz bu ideyanı əsas götürərək vodovilin səhnə traktofkasında sevginin əbədi bir məşəl olaraq yandığını təqdim etməyə calışır.

60-80-ci illərdə fəaliyyət göstərən fransız rəssamları belə bir nəzəriyyə ortaya çıxarıblar ki, fotoşəkil icad olunandan sonra dəqiq təsvirə ehtiyac yoxdur və təsvir görüntüylə yanaşı, təsvir edənin, yəni yaradıcı şəxsin təfəkkürünü də özündə ehtiva etməlidir. Yəni rəssam, yazıçı gördüyündən başqa necə gördüyünü də təsvir etməyi bacarmalıdır. Elə bu əsasla da ona görə təsvir olunan obyekt və onu müşahidə edən subyekt üst-üstə düşür. Məhz Çexov da impressionistlər kimi yəni 60-80-ci illərin nümayəndələrindən olaraqhəyatı daim hərəkətdə təsvir edib.  Bu düşüncə tərzinə görə həyat hər bir an inkişaf edərək və dəyişilərək onu donmuş, statik, tamamlanan bir halda olan hadisə kimi təsvir etməkdə yanlış olardı. Məhz ona görə elə bir təsvir yaratmağa çalışırdılar ki, guya bu hadisə hal-hazırda gözümüzün önündə, biz orda iştirak edərək baş verir. Bunun üçün də onlar müəyyən sözlər seçirdilər ki, o dərhallığı, dəqiqliyi, bu dəqiqə baş verəni bizə çatdıra bilsinlər. Məhz rejissor Nicat Alatoran bu ideyanı əsas götürməklə vodovilin forma və inkişaf traktofkasını Popovanın vəfat edən həyat yoldaşının evdə asılan portretini canlı obraz formasında təqdim etməsi ideyası ilə heç də bu məqsədə xidmət etmirdi. Əksinə səhnədə aktyor Aydın Quliyevin Nikolas obrazında müxtəlif səpkili jest və hərəkətləri göstərməsi müəllif ideyasının təqdimindən çox uzaqdır. Beləliklə, təəssüf ki, rejissor traktofkasında bu ideya quruluş mexanizmində öz həllini tapa bilməyib. Bununla yanaşı iki qulluqcu xanım surətlərinin aktrisalar Nargilə Abdullayeva və Fəridə Məmmədovanın da səhnədə köməkçi obraz olaraq göstərilməsi vodovilin ideya və bədii cəhətdən daha dolğun bir formada Çexov yaradıcılığına uyğunlaşması ideyasından çox uzaqdır.

Əslində vodovilin əsas ideyası bütün insanlar heç də eyni ola bilməzlər, həm kişilərin, həm də qadınların içində elə fərdlər tapılır ki, onların dünyagörüşü heç də eyniyyət təşkil edə bilmir, eyni bir sosial probleməonlar tamamilə əks bir mövqedən baxmağa qadir olsalar belə, yenə də ümumi dil tapıb bir yerdə yaşamağa məhkum ola bilirlər fikrindən qaynaqlanır. Təəssüf ki, yeni səhnə quruluşu bu ideyanın Çexov baxış və görüşlərilə eyni bir formada təqdim olunması ehtivasını tamaşaçıya təqdim edə bilmir.

Tamaşanın quruluşçu rəssamı, respublikanın əməkdar rəssamı Rafael Həşimov və musiqi tərtibatçısı isə Elnur Rəsulovdur. Quruluşçu rəssam Rafael Həşimov yenə də səhnədə öz işini yüngülləşdirmək xatirinə bir necə tamaşanın dekorlarından istifadə etməklə səhnə tərtibatını verib. Bu da Çexov yaradıcılığına və onun vodovilinin ideya bədii formasının açılmasına ziddir. Görünür rəssam vodivili oxumadan səhnədə hadisələrin vəziyyətinə uyğun olaraq tərtibat verməyi daha üstün tutub. Bununla da tərtibat sönük və rejissor işinin daha da cətinləşməsinə xidmət edib.

Sonda hörmətli rejissorumuz olan Nicat Alatoran icazənizlə, soruşum ki, teatrın hansı səbəbdən, hansısa metodlara ehtiyacı var? İlk baxışdan, teatr normal inkişaf edir və aktyorun işini çətinləşdirə biləcək metodlara lüzum yoxdur. Bəli, teatr bu minvalla uzun inkişaf yolu keçə bilər, amma elə bir zaman yetişəcək ki, özümüzü aktyor kimi çox aciz hiss edəcəyik. Aktyorluq texnikası baxımından peşəkarlığın çatışmadığı aydın olacaq.

Aktyorluq yeganə sənətdir ki, özünəməxsus texnikası, bəlli metodu yoxdur. Bəlkə də, bir gün bunu anlayacağıq. Rəssam, musiqiçi, rəqqas və digər sənət adamlarının texnika baxımından peşəkarlığı olmalıdır və onlar bunu daim cilalamağa can atmalıdırlar. Amma nədənsə, aktyorlar bu prosesdən kənarda qalmaqla – səhnəyə yalnız ona görə çıxırlar ki, tamaşada rol almaq arzusu onlara rahatlıq vermir, rolu ürəkləri necə istəyir, elə də ifa edirlər. Razılaşın ki, burda bir xəta var. “Aktyorluq sənətinin texnikası yoxdur və ola da bilməz” deyənlər, əslində, qəlbimə toxunur, belə sözləri eşidəndə bədbinləşirəm. Ona görə də oyun texnikası növlərindən hansının aktyorluğa daha çox uyğun gəldiyini araşdırmağa çalışıram. Sənətimiz incəsənətin digər növləri ilə müqayisədə çox mürəkkəbdir, ideyaları, hissləri tamaşaçıya çatdıra biləcək yeganə alət – bədənimizdir. Həqiqət də elə bundan ibarətdir.Bədən aktyorun alətidir.Rejissorumuz məhz bu xüsusiyyətləri tamaşanı hazırlayarkən dərindən duymalıydı.Unutmayaq ki, Çexov yaradıcılığı eksprementə uyğun gəlmir. Hər bir teatr isə “Yuğ”çuluq demək deyil. Ehtiyyatlı olun, bu Çexovdur!

Anar Burcəliyev

Teatrşünas

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.