Dünyada yeni türk birliyinin yaradılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxstan da öz töhfəsini verəcəkdir

Müstəqil Azərbaycan, müstəqil Qazaxstan ulu əcdadlarımızın əslində diləklərinin çin olması, bugünkü nəsillər üçün qürur qaynağı, gələcək nəsillər üçün müqəddəs əmanətdir. Tariximizə nəzər salsaq, Qazaxstan-Azərbaycan münasibətləri əslində çox böyük dərin köklərə malikdir. Azərbaycan və qazax xalqı türkdilli xalqlar olmaqla etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə çox yaxındırlar. Xalqlarımız eyni etnik soykökə malik olmaqla yanaşı, həm çar Rusiyası, həm də Sovet dönəmində vahid mərkəzdən idarə ediliblər. Stalin rejimi bütün türk xalqları kimi qazax xalqının da mənəvi həyatına çox böyük zərbələr vurmuş, Sovet cəllad maşınının qurbanına çevirmişlər. Eyni zamanda Stalin rejimi zamanı minlərlə azərbaycanlı Qazaxıstana sürgün olunub. Qeyri-rəsmi məlumatlara görə, hazırda Qazaxıstanda üç yüz minə qədər azərbaycanlı yaşayır. Onlar bu ölkənin elm, incəsənət, kənd təsərrüfatı, biznes və digər sahələrində çalışır, ictimai-siyasi həyatda yaxından iştirak edirlər. Azərbaycan-Qazaxıstan münasibətləri Sovet İttifaqı dağıldıqdan sonra da yüksələn xətlə inkişaf edib. Hələ Sovet İttifaqı dövründə sıx dostluq münasibətlərinə malik olan Ulu öndər Heydər Əliyev və Qazaxıstanın sabiq Prezidenti – Elbası Nursultan Nazarbayev bu əlaqələri hər iki ölkə müstəqilliyini qazandıqdan sonra da davam və inkişaf etdiriblər.
Azərbaycan Respublikası ilə Qazaxstan Respublikası arasında diplomatik əlaqələr 30 avqust 1992-ci ildə yaradılmışdır. Ölkələrimiz bugünədək nəqliyyat, enerji və digər layihələr vasitəsilə regional əməkdaşlığı möhkəmləndirmək üçün çox işlər görmüşlər. Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq, ölkələrimizin əlverişli tranzit potensialı və logistika imkanları beynəlxalq yükdaşımalarda onların rolunun artmasına gətirib çıxarmışdır. İki ölkə arasında yaxın dostluq münasibətləri 1 mart 2004-cü ildə Astanada imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında dostluq münasibətləri və strateji tərəfdaşlıq haqqında Bəyannamə” və 24 may 2005-ci ildə Bakıda imzalanmış “Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri haqqında Müqavilə” ilə daha da möhkəmləndirilmişdir. Azərbaycan və Qazaxıstan arasında neft sahəsində də əlaqələrin böyük tarixi var. Azərbaycan və Qazaxıstan neftçiləri, alimləri, mühəndisləri Xəzər dənizi hövzəsinin araşdırılmasında da əməkdaşlıq ediblər və bu ənənə bu gün də davam edir.
Ölkələrimiz Birləşmiş Millətlər Təşkilatı, ATƏT, Avratlantik Tərəfdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, TÜRKPA, TÜRKSOY kimi beynəlxalq təşkilatlar çərçivəsində də əməkdaşlıq edir. Hər iki ölkə eyni zamanda Şərq-Qərb Beynəlxalq Transxəzər Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq edir. Aktau dəniz limanı xüsusi zonasında Azərbaycan sərmayəsi ilə inşa edilən “Aktau İstehsal və Logistika Mərkəzi” ölkələrimiz arasında ticari-iqtisadi əlaqələrin inkişafında əhəmiyyətli rol oynayır. Hazırda Azərbaycanda 165 Qazaxıstan şirkəti fəaliyyət göstərir. Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tamamlanması Qazaxıstan və Azərbaycanın Avropa və Asiyanın mühüm iqtisadi mərkəzlərinə çevrilməsinə çox böyük töhvədir desək heç də yanilmarıq. Belə ki, bu dəmir yolu vasitəsilə Çindən Türkiyəyə məhsullar cəmi 12 günə çatdırıla bilir. Hər iki ölkənin kənd təsərrüfatı sahəsində də əməkdaşlığının inkişafı üçün geniş potensialı var. Xüsusilə ərzaq təhlükəsizliyi qlobal miqyasda ən önəmli məsələlərdən birinə çevrildiyi indiki dövrdə bu əməkdaşlığın inkişaf etdirilməsi çox vacibdir. Artıq bu sahədə tərəflərin ehtiyaclarının hesablanması üçün yeni araşdırmalar aparılır, ticarət missiyaları təşkil olunur.
Xüsusilə qeyd etmək lazımdır ki, Qazaxıstan xalqı hər iki Qarabağ müharibəsi zamanı Azərbaycana dəstək nümayiş etdirib.Vətən müharibəsi dövründə isə Qazaxıstan dövləti, bütün qazax xalqı haqq-ədalətin yanında olub, ölkəmizin haqlı mübarizəsini dəstəkləyib. Bütün bunlar göstərir ki, etnik, dini və mədəni dəyərlər baxımından bir-birinə yaxın olan ölkələrimiz arasında zəngin tarixə malik münasibətlər bundan sonra da hər iki xalqın və dövlətin maraqlarına uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir. Artıq bir müddətdir ki, türkdilli dövlətlərin başçıları arasında təmasların yeni formatda davam etdiyini müşahidə edirik. Təmasların mütəmadi xarakter almasında Azərbaycan liderinin fəaliyyəti danılmazdır. Çünki Azərbaycan Prezidenti Cənab İlham Əliyev xarici siyasətdə türkdilli dövlətlərlə əlaqələrin inkişaf etdirilməsini prioritet məsələlərdən biri hesab edir. Qeyd edək ki, ötən gün Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayev Azərbaycana rəsmi səfər etmişdir. Bu səfər əslində iqtisadi, siyasi, humanitar və digər sahələr üzrə əməkdaşlığın genişləndirilməsi istiqamətində ardıcıl siyasətin davamıdır desək heç də yanılmarıq. Heç şübhəsiz ki, bizim əlaqələrimiz bundan sonra da artan sürətlə inkişaf edəcək. Cənab Prezident İlham Əliyevin Qazaxıstanın ən ali ordeni olan “Qızıl Qartal” ordeni ilə təltif olunması Qazaxıstan dövlətinin və qazax xalqının cənab Prezidentə məhəbbətinin və ona verdiyi qiymətin ifadəsidir.Bugün Qazaxıstanın inkişafında, onun dünya çapında mövqelərinin müdafiə olunmasında Azərbaycanın böyük rolu var. Bizlər hər birimiz əminik ki, gələcəkdə Türk dövlətləri bir-birinə daha sıx inteqrasiya edəcək, dünyada yeni türk birliyinin yaradılmasında Azərbaycan və Türkiyə ilə yanaşı, Qazaxstan da öz töhfəsini verəcəkdir.
Bir 1 nəfər, oturmalı və ayaqda şəkili ola bilər
Azad Bayramov,
ADAU-da kafedra müdiri,
Filosof, ADAU-nun professoru.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.