101 saylı Göygöl-Daşkəsən seçki dairəsində deputatlığa namizədin vəkilinin ölməsi ilə bağlı hələlik kokret fikir bildirmək çətindir.
Bunu jurnalistərə açıqlamasında Mərkəzi Seçki Komissiyasının (MSK) sədr müavini Rövzət Qasımov deyib.
O bildirib ki, bu məsələ araşdırılacaq:
“Bu barədə məlumatlar da ilk növbədə məhz KİV-lərə çatdırılacaq”.
Sədr müavini onu da qeyd edib ki, ümumilikdə seçki prosesi rəvan, qanunvericiliyin tələblərinə uyğun şəkildə keçib:
“Ancaq neqativ hallar olmadan minlyonlarla insanın cəlb olunduğu prosesi təsəvvür etmək mümkün deyil. Ən vacibi hər hansı neqativ halın baş verib-verməməsi deyil. Ən vacibi odur ki, hər hansı xoşagəlməz hal olan zaman ona addektav cavab reaksiyası göstərilsin, müvafiq tədbir görülsün. MSK da bu addımları atacaq”.
Baş Prokurorluq da Göygöldə deputatlığa namizədin vəkilinin qətlə yetirilməsi barədə yayılan məlumatlara münasibət bildirib.
Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumatda qeyd olunur ki, fevralın 9-da saat 19 radələrində 101 saylı Göygöl-Daşkəsən Seçki dairəsindən deputatlığa namizədliyi qeydə alınmış Möhsüm Aslanovun vəkili, 1954-cü il təvəllüdlü Sübhan Hacıyevun həmin dairənin Göygöl rayonunun Mollacəlilli kəndində yerləşən 38 saylı seçki məntəqəsində 15-ə yaxın müşahidəçi və digər şəxslərin gözü qarşısında qəflətən vəfat etməsi ilə bağlı daxil olan məlumat əsasında dərhal hadisə yeri və meyitə prokurorluq və polis əməkdaşları tərəfindən məhkəmə-tibbi ekspetinin iştirakı ilə baxış keçirilib.
Sübhan Hacıyevin meyitinin müayinəsi zamanı bədəni üzərində hər hansı xəsarət və ya xəsarət izi aşkar olunmayıb.
İlkin araşdırma zamanı müəyyən edilmişdir ki, seçki qanunvericiliyinin tələblərinin pozulması ilə əlaqədar həmin seçki məntəqəsindən dairə seçki komissiyasına hər hansı müraciət daxil olmayıb, eləcə də münaqişə və sair qanunsuzluqlar qeydə alınmayıb.
Sübhan Hacıyev uzun müddət ürək xəstəliyindən əziyyət çəkirmiş, xəstəliyi ilə əlaqədar 2 dəfə infarkt keçirmiş və təxminən 6 ay bundan əvvəl koronaroqrafiya (anju) əməliyyatı olunub.
Hal-hazırda faktla bağlı Göygöl rayon prokurorluğunda araşdırmalar davam etdirilir.