Deputat Fazil Mustafa qaragüruhçu jurnalistlərə cavab verir

“Dünyada ən qəribə mühakimə tərzini yalnız bizdə, yəni Azərbaycanda tapa bilərsiniz. Son günlərimizin bir neçə dəyərləndirməsində ən yanlış mövqeni isə mətni oxumadan ittiham etmə vərdişini daşıyan sosial şəbəkə qaragüruhunu qızışdırmaqla məşğul olan bəzi ortabab jurnalistlər tuturlar”.

Deputat Fazil Mustafa bunu Laçın rayonundan Milli Məclisin deputatı Mahir Abbaszadəni və Qaçqınlarla İş üzrə Dövlət Komitəsinin mətbuat katibi İbrahim Mirzəyevi və digər rəsmi şəxsləri işğaldan azad edilmiş Laçın rayonundakı bulaq başında qonaqlıqda iştirak etməkdə ittiham etmiş sarı KİV-lərin “sensasiyalı araşdırmalarına” münasibət bildirdiyi məqaləsində yazıb. Sosial şəbəkələrdə bəzi jurnalistlər və hosterlər məmurların hərəkətlərini şəhidlərin xatirəsinə hörmətsizlik kimi qiymətləndiriblər.

Deputat jurnalistlərin hərəkətlərini açıq qaragüruhçuluq adlandırır: “Diqqətlə xəbərə baxın, guya bir millət vəkili və dövlət məmuru şəhidin adına olan bulaqda arağı soyudublar və sonra içiblər. Şəhid adına hörmətsizliyin elə birinci addımı bu cür xəbərləri yaymaqdan başlayır. Spirtli içkiyə mənfi münasibətim tanıyan hər kəsə bəllidir. Ancaq paylaşılan fotolardan bulaqda arağın soyudulması və içilməsi faktı aydın olmur.

Bəlkə də olub, ancaq xəbəri yayan bunun inandırıcı sübutunu ortaya qoymalıdır. Bu hələ məsələnin faktla bağlı tərəfi. Hüquqi tərəfinə baxanda, işğaldan azad olunmuş ərazilərə gedəndə, gələndə kiminsə içib-içməməsi barədə hansısa qadağa nəzərdə tutulubmu?

Bütövlükdə Şuşa şəhid qanları ilə azad olunmuş bir şəhərimizdir. Ötən günlərdə ora gedən qonaqların bəzisinin qarşısında pivə və ya başqa spirtli içki vardı. Paylaşılan fotolardan bu anlaşılırdı. Kimisi də məsciddə bayram namazı qılırdı. O halda yazacaqdınız ki, şəhid qanı ilə azad olunan bir şəhərdə filankəslər içki içdilər? Bu nə məntiq, bu nə şivən, bu nə şəhid adının ucuz manpulyasiyası?

İndi bir inanclı insan şəhidin adına olan bulaqda abdəst almaq üçün ayaqlarını yuyanda nə deyəcəksiniz? Bir nadana, bir qargüruhçuya bundan gözəl hansı manşet ola bilər ki: “Şəhidin adına olan bulaqda filan məmur abdəst alarkən ayaqlarını yudu”.

Demək ki, bir millət vəkilini və ya məmuru məsuliyyətsiz insanların hədəfinə çevirmək üçün ortabab jurnalistikamızın seçdiyi üsullardan biri məhz bu formada gerçəkləşdirilir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.