22 dekabr, 2020-ci il tarixində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin dəstəyi ilə VIII Azərbaycan-Rusiya Gənclər Forumu baş tutub.
Rusiya və Azərbaycan gənclərini birləşdirən Forumda Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının sədri Azər Əliyev, Sankt-Peterburq şəhərinin Azərbaycan Milli Mədəni Muxtariyyətinin yanında Azərbaycan gənclər təşkilatının sədri Elman Manafov, Rusiya və Azərbaycandan olan digər nümayəndələr, millət vəkilləri iştirak edib.
Forumda “Davam” Ümumrespublika Gənclər Hərəkatının İdarə heyətinin üzvü Sabir Rüstəmov təmsil edib. Sabir Rüstəmov öz çıxışında bildirib ki, Azərbaycanla Rusiya arasındakı münasibətlər xalqlarımız arasında əsrlər boyu davam edən dostluq, mehriban qonşuluq əlaqələri və qarşılıqlı hörmətə əsaslanır. Bu münasibətlərin nəticəsidir ki, hazırda Azərbaycan və Rusiya universitetləri arasında aktiv tələbə mübadiləsi aparılır, azərbaycanlı gənclərin rus dilinə böyük marağı var, bir çox Azərbaycan məktəb və universitetlərində rus dili tədris olunur.
S. Rüstəmov bildirib ki, xüsusilə iki ölkə Prezidentlərinin siyasi münasibətləri, birgə müdrik əməkdaşlığı, yaxın dostluq əlaqələri ölkələrimizi bir çox sahələrdə strateji tərəfdaşa çevirib. Mütəmadi keçirilən bu forumlar Azərbaycan və Rusiya arasındakı əlaqələrin bütün sahələrdə inkişafı, mədəni və dostluq münasibətlərinin gələcək nəsillər arasında da davam etdirilməsi prosesinə öz müsbət töhfəsini verir.
Sabir Rüstəmov çıxışında İkinci Qarabağ Müharibəsindən danışan zaman, bu müharibədə iştirak edən və Azərbaycan uğrunda canından keçən rus əsilli şəhidlərimizin olduğunu xüsusi vurğuladı. O qeyd etdi ki, 17 oktyabr tarixində Ermənistan Silahlı Qüvvələri tərəfindən Gəncə şəhərində yaşayış məntəqələrinin və mülki əhalinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində 13 yaşlı Rusiya vətəndaşı Mayakov Artur Vladimiroviçin həyatını itirməsi ilə bağlı ağrı və təəssüf hissi keçirir.
Sabir Rüstəmov həmçinin bir neçə ay əvvəl fəaliyyətinə başlamasına baxmayaraq, artıq xeyli sayda uğurlu addımlar atan, layihələr ərsəyə gətirən “Davam” Ümumrespublika Gənclər Hərəkatı barəsində də məlumat verib. Çıxışının sonunda Azərbaycan və Rusiya arasındakı münasibətlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinin siyasi iradəsi, eləcə də aralarındakı qarşılıqlı etimada əsaslanan dostluq münasibətləri sayəsində inkişaf edəcəyi qeyd olunub.