Cəmiyyətin “müxbir sindromu”. ADAU-da rəhbər şəxsi necə şantaj etdilər

Sindrom –tibbi anlayış olub, eyni patogenezə malik simptomların məcmuəsi, xəstəlik əlamətlərində özünü göstərən uyğunluq, oxşarlıq mənasını verir. Lakin ədəbi dildə bu sözün müxtəlif yozumları da var. Bu, insan həyatının müxtəlif sferalarını – insanın həyat tərzini özündə əks etdirən xasiyyət, davranış, düşüncə və s.  də əhatə edə bilər.

Bu sindroma malik olduğunu özündə əks etdirən əlamətlər sırasında “reket” nəşrlərin, qəzet və saytların əməkdaşlarının ayrı-ayrı vətəndaşların və hətta dövlət məmurlarının etimadını qazanmaq, bununla da özlərinin maddi maraqlarını gerçəkləşdirmək yolu ilə törətdikləri cinayət əməllərini də daxil etmək olar. Ən yüksək ranqlı (onların içərisində ali təhsil ocaqlarının rəhbərləri də vardır) məmurların əksəriyyəti belə onların əməllərinin qarşısını almaqda  acizdirlər. Bəziləri isə bu …ciyəzləri öz şəxsi maraqları naminə həmişə “əl altında” saxlar, hansısa çirkli maraqlarını həyata keçirmək üçün onlardan bir alət kimi istifadə edər.

Hər hadisənin öz tarixçəsi var. Söyləyəcəyimiz bu tarixçənin də filmlərdəki kimi ssenaristi, quruluşçu rejissoru, sadə aktyorları var. Bu, müxbirlər tərəfindən həyata keçirilmiş bir ssenaridir və əgər qələmə alınsa, detektiv janrın incilərindən birinə çevrilə bilər.

Lakin əvvəlcə bu “müxbir”lərin məhz nə üçün xəstə adlandırıldığının fərqinə varaq. Onlar xəstədirmi?!. Bəlkə savadsız, mədəniyyətsiz, oğru-quldur qədər belə hörməti olmayan bu insanların da özünəməxsus bacarığı, qabiliyyəti var?

Onlar insan cildində bir kabus kimidirlər. Yaraşıq və görkəmdə də başqalarından geri qalmırlar. Hərçənd, cəmiyyət ilə onlar arasında görünməyən bir nifrət pərdəsi vardır. Hər iki tərəf bir-birinə nifrət etməkdə, mətbuat isə “cəmiyyətin aynası” rolunu itirməkdədir. Bəlkə, elə cəmiyyətin özü də ona həvalə olunan funksiyanı tam yerinə yetirə bilmir? Axı, bu insanlar da əslində mövcud cəmiyyətin bir hissəsi, onun yetişdirdiyi və öz nəzarətindən çıxartdığı xəstələrdir.

Əlbəttə ki, əsl sənət sahiblərinə qayğı olmadıqda, onların hüquqları qorunmadıqda , tədricən sıxışdırılıb cəmiyyətdən uzaqlaşdırılacaq və bu insanların yerini  əlbəttə ki, xəstə təfəkkürlü insanlar dolduracaqdır. Bir sözlə, jurnalist olmayan, heç bir savada, yazar qabiliyyətinə, etikaya, mədəniyyətə və bu kimi çoxlu sayda əlamətlərə malik olmayan insanların özünü jurnalist elan etməsini yalnız sağalmaz xəstəlik adlandırmaq olar. Bu səbəbdən müasir jurnalistika sağalmaz xəstəliyə düçar olmuş, məhvə doğru can atan xəstəyə bənzər. Bununla belə onlara münasibətdə təzadlar da vardır. Küçədə, hansısa məkanda heç salam verməyi belə özümüzə sığışdırmadığımız “müxbir”lər ən yüksək ranqlı məmurların ətrafındadır, onlara xüsusi qayğı ilə yanaşılır, çox vaxt isə onların hətta böyük adamların himayəsində olduğu belə ortaya çıxır. Təcrübədə isə biz çox az hallarda yaradıcı insanlara hansısa şəraitin yaradılmasının şahidi oluruq. Məmurlara istənilən mövzuda müraciət etsən, bu, ən aktual  məsələlərə aid olsa belə, “top-tüfəng”lə qarşılaşa bilərsən, səni cəmiyyətdə gözdən sala, həyatını belə məhv edə bilərlər. Çünki, onlar cəmiyyət üçün maraqlı  və həlli vacib olan bir çox məsələlərin həllində özləri maraqlı deyillər və bu məsələlərlə bağlı  onlara müraciət edən yazarlara da potensial təhlükə mənbəyi kimi baxırlar.

Azərbaycan jurnalistikası bütün dünya üçün yenilik sayılan bir növü ilə rastlaşıb. Bu yenilik, özünü jurnalist elan edən savadsız kütlənin qorxuzmaq, alçatmaq, aldatmaq və bu yolla pul qopartmaq üzrə “sənətkarlar”ın banditizmə verdiyi tövhədir. İblis xislətli insanlar hər yerdə var. Gəncə şəhəri də istisna deyil. Lakin, Gəncənin bir çox “müxbir”ləri  iblisin özünü belə mat qoyar. Onlar öz əməlləri ilə elə iblisin özünə xidmət edirlər.

Bəs onlar niyə həmişə cəzasız qalırlar? Cəmiyyətin onları cəzalandırmaq gücü yoxdur, yoxsa onlar …  elə cəmiyyətin sifarişi və maraqları çərçivəsində hərəkət edirlər?..

Qayıdaq Gəncə müxbirlərinin həyata keçirtdikləri unikal “əməliyyat”a. Yazının formatını nəzərə alaraq, uzun əhvalatın qısa təfsilatını  təsvir etməyə çalışaq. Beləliklə..

Bir ay öncə Gəncənin Xan bağı deyilən istirahət parkında Gəncənin məşhur “matryoşka”ları ilə yad planetli sayılacaq Bakı müxbirləri nin səs-küylü mübahisəsinin şahidi olduq. Diiqətlə qulaq asdıqda onları əsəbləşdirən obyektin kimliyi də məlum oldu. Bəs necə, əgər Xan bağında oturublarsa, demək ADAU-nun rektoru İbrahim Cəfərovu “güdür”lər. Qonşu  masada ayağında ayaqqabıdan başqa bütün ayaq geyim formalarını xatırladacaq bir sandal olan müxbir hirslə cənab rektorun arxasınca o ki, var döşədi (etika xətrinə bu sözlərin çoxunu  olduğu kimi verə bilmirik).Qudurub ə, bu! Bizi saymır day!..

Yanındakı Gəncəli müxbir onun sözlərinə düzəliş verdi:- Bir-iki müxbir var, o qədər tərifləyib ki, onu, neynir ki, bizi..

Gözləri  mənə doğru idırım çaxırdı. Soyuq tər alnımda buza döndü. Dəqiq məni nəzərdə tutur, – beynimdən keçdi.

Uzun sözün qısası, o İbrahim müəllimə dəfələrlə zəng elədi, dilə tutmağa çalışdı. Harasa getdi, gəldi, getdi, gəldi, axırda da zənginə cavab verilmədiyini gördükdə əsəbi halda yanındakılarla sağollaşıb onları Bakıda gözləyəcəyini bildirib, uzaqlaşdı. Yanımdakı həmkarım- bilirsən nə olub? –deyə məndən soruşdu. – Hardan bilim ki? – mən  cavab verdim. Və o, ADAU-nun rəhbərliyinin necə şantaj edildiyini təfsilatı ilə danışdı.

– Bunlar bir tələbə qızı ADAU-da bir dekanın üzünə durğuzublar. Daha doğrusu, təşkil ediblər. Onlara danos verən bu tələbənin semester imtahanlarının qiymətlərini yazdırmaqdan imtina etdiyi üçün dekanı “nakazat” ediblər…

-Bəs rektoru nə üçün axtarırlar ki?-sualımın nə qədər yersiz və mənasız olduğunu anlamaq heç mənə də çətin olmadı…

-Hardan gəlibsən sən, heç nə anlamırsan? Birinci rektorun yanına gediblər, “sənin universitetindi deyə açıb-ağarda bilmirik, bu məsələni  ört-basdır eləməyə kömək ol” deyiblər. O da çağırıb dekanı, bunları yola sal tapşırığı verib. Dekan ha giley edib ki, bu işdən onun xəbəri yoxdur, rektor böyük hörmətlə bunların ciblərinə pul basıb və qapıya kimi ötürüb, yola salıb. Hələ dekana tapşırıb ki, sən də ver, ağızlarını yumsunlar.

-Kimlərin ə, bu zibillərin?-təəccübümü gizlədə bilmədim.

– Onun bütün günü qarşılayıb yola saldığı adamlar elə bunlar kimilərdi də – dostum da öz növbəsində rişxəndini gizlətmədi. – Bu əməliyyatda rektorun ən inandığı müxbirlər də iştirak edir. Bax onu görürsən, o bir neçə gün öncə bizim yanımızda rektora telefonda ” bu işlə özünün məşğul olacağını” bildirirdi. Guya ki, onların qarşısını alıb, cəzalarını verəcək. Gördüyün kimi, bu dəstənin başçısı elə özüdü ki..

-Bəs rektor onların zənginə niyə cavab vermir? Qorxur onlardan? Ümumiyyətlə, rektor hara, bu tör-töküntü hara?

-Niyəsini bilmirəm, amma bu əhvalatdan sonra onun özü haqqında da belə bir şaiyə buraxıblar. Guya o da… Bir sözlə, canavar sürüsünün dişi qana batıb. Hər ay gəlirlər, gedirlər…

-Pay atonnan, həyasızlığın dərəcəsinə bax e- əsəbimi cilovlaya bilmədim- Bəs o dekanın adı-soyadı necədi, bilmirsən?..

-Sən onu tanımamış olmazsan. Aqrotexnologiya fakültəsinin dekanı Əfqan Hüseynovdu. – dostum dedi  və çayın pulunu masanın üstünə atıb fikirli halda bizdən uzaqlaşdı..

Ardı var

Ruhulla Zahidov, yazıçı-jurnalist

 

 

 

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.