Fəridə Əliyarbəyli – 95
Qədim Gəncə hər zaman Azərbaycana dahi sənətkarlar, böyük söz ustaları, əvəzsiz şəxsiyyətlər bəxş edən diyar olub. Bu gün Gəncənin adı çəkiləndə bəşəri ideyaları özündə cəmləyə bilən klassik Azərbaycan ədəbiyyatının nəhəng simaları, öz sözünü zaman-zaman təsdiqləmiş dühalar – Nizami Gəncəvi, Məhsəti Gəncəvi, Mirzə Şəfi Vazeh kimi fikri və ideyası hər an müasir olan şəxsiyyətlər göz önünə gəlir. Gəncə ədəbi mühiti öz qaynarlığı ilə daima seçilib. Azərbaycanda ilk ədəbi məclis – “Divani-hikmət” də Vazeh tərəfindən burada təşkil olunub…
Gəncə yetirdiyi elm adamları, incəsənət xadimləri ilə fəxr edir, amma söhbət ədəbi mühitdən gedirsə, bu şəhərdəki zəngin ədəbi mühitdən qaynaqlanan, öz sözü və dəst-xətti ilə hər zaman seçilməyi bacaran, məşhur rübai ustası Məhsəti Gəncəvi və Raziyə Gəncəvi kimi qadın şairlərimizin yaradıcılıq bulağından bəhrələnən şairə-dramaturq Fəridə Əliyarbəylinin yaradıcılığından danışmamaq mümkün deyil.
Fəridə Həsən qızı Əliyarbəyli 1924-cü il iyulun 2-də Gəncədə anadan olub. Burada orta məktəbi bitirdikdən sonra 1942-1947-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb. 1948-ci ildə Azərbaycan Elmlər Akademiyasının Gəncə bölməsində kiçik elmi işçi kimi fəaliyyətə başlayıb.
Mətbuatda dərc edilən bir sıra tarixi faktları vərəqlədikcə məlum olur ki, 1950-1952-ci illərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə filialının işi bir qədər zəifləyib. Bu zaman Bakıda yazıçılar bir araya gələrək filialın fəaliyyətini canlandırmaq üçün tədbirlər planı hazırlayıblar. Səməd Vurğun, Süleyman Rüstəm, Məmməd Rahim, Əli Vəliyev, Süleyman Rəhimov və Əhməd Cəmilin iştirakı ilə keçirilən iclasda Gəncə filialının Fəridə Əliyarbəyli, Nazim Axundov və Nəriman Həsənzadədən ibarət bürosu təsdiq edilib. Fəridə Əliyarbəyli filialın məsul katibi seçilib. O, 1953-1989-cu illərdə Azərbaycan Yazıçılar Birliyi Gəncə bölməsinin rəhbəri kimi də fəaliyyət göstərib.
Fəridə Əliyarbəyli ədəbi fəaliyyətə 1939-cu ildə “Kirovabad bolşeviki” qəzetində çap olunan “A dağlar” adlı şeiri ilə başlayıb. Elə həmin vaxtdan da mətbuatda bədii yazıları ilə çıxışlar edib. O, XX əsrin əvvəllərində Gəncədə yaşayıb-yaratmış Əkbərşah Ruhi barədə sanballı monoqrafiyanın da müəllifidir. 1955-ci ildə “Uşaqgəncnəşr” tərəfindən Fəridə Əliyarbəylinin “Arzular” adlı ilk kitabı çapdan çıxıb. Müxtəlif vaxtlarda “Yasəmən”, “Gəncəli qız”, “Qayğı”, “Sərv ağacı”, “Dünyaya insan gəlir”, “Novruz bayramı”, “Könül çırpıntıları”, “Cavad xan türbəsi”, “Ona xanım dedilər”, “Pürrəng çay”, “Sular bulananda”, “Dünya, nə qəmlisən” və başqa kitabları nəşr olunub. “Damlardan uca çinar” şeirlər toplusu Moskvada “Sovetski pisatel” nəşriyyatında rus dilində çapdan çıxıb.
Fəridə Əliyarbəylinin nəşr olunan hər bir kitabı geniş oxucu kütləsi və ədəbi ictimaiyyət tərəfindən hər zaman maraqla qarşılanıb. Filologiya elmləri namizədi Ruziyə Quliyeva “Dünya, nə qəmlisən” kitabı haqqında yazır: “Kitabda toplanmış müxtəlif səpkili şeirlər və poemalar bugünkü həyatımızın dolğun mənzərəsini verir, babalarımızın keçdiyi şərəfli həyat yolunu bir daha yada salır. Bu poetik lövhələr korşalmış yaddaşlarımızı təzələyir, ruhumuza sevinc nuru bəxş edir. Qəmli dünyanın qəmləri içərisində məhv olmuruq, aydınlığa, işığa doğru can atırıq”.
Fəridə Əliyarbəylinin ayrı-ayrı kitablarında toplanmış şeirləri və poemaları onu həm lirik, həm də ictimai məzmunlu əsərlər müəllifi kimi tanıda bilib. O, yaradıcılığının son illərində əsasən “səkkizliklər”in yazılmasına böyük əhəmiyyət verirdi. Bu şeirlər çox böyük maraqla qarşılanırdı. Fəridə Əliyarbəylinin “səkkizliklər”i hər zaman ümumbəşəri fikir və duyğularla əhatə olunmaqla səciyyəvi, dolğun idi.
Şairə Aləmzər Əlizadə xatirələrində yazır: “Mən Fəridə xanımın bütün yaradıcılığına bələdəm. O, sonradan şair olmamışdı. O, şair doğulmuşdu, şair yaranmışdı. Bütün varlığı ilə yaradıcılığa bağlı bir xanım kimi heç vaxt sənətinə biganə qalıb onu arxa plana keçirmədi. Onu hər yerdə, hər zaman və hər şeydən uca tutdu”. Filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi, şair-dramaturq Sahib İbrahimli isə Fəridə Əliyarbəylini xatırlayarkən onu “Gəncə yazarlarının anası” deyərək yad edir.
Fəridə Əliyarbəyli həmçinin bir neçə dram əsərinin müəllifidir. “Xan qızı”, “Qonşular”, “Günahkar qız”, “Özgə yeri” pyesləri onun yaradıcılığının mühüm bir qolunu təşkil edir. “Xan qızı” tarixi dramı 1972-ci ildə qələmə alınıb və elə həmin ildə də Gəncə Dövlət Dram Teatrının səhnəsində Xalq artisti, rejissor Vaqif Şərifovun quruluşunda tamaşaya qoyulub. Qeyd etməliyəm ki, Fəridə Əliyarbəyli ilk dəfə olaraq Azərbaycan teatrında xan qızı Xurşudbanu Natəvan haqqında tarixi bir dram əsərinin yazılmasına müvəffəq olub. Səhnədə hadisələr cərəyan etdikcə XIX əsrdə Şuşada yazıb-yaradan Xurşudbanu Natəvanı görür, onun həyatına və o illərdə bir insan olaraq gördüyü xoşməramlı işlərə valeh olmaya bilmirsən. Tamaşada bu obrazı Xalq artisti Sədayə Mustafayeva ifa edib. Aktrisanın ifasında Xurşudbanu Natəvan həssas qəlbli ana, lirik, romantik təbiətli şairə, həm də mürtəce qüvvələrə qarşı sərt və barışmazdır.
Fəridə Əliyarbəyli “Xan qızı” tarixi dramının yaranması haqqında öz xatirələrində yazırdı: “70-ci illərin əvvəllərində Xalq artisti Məhəmməd Burcəliyev mənim dram əsəri yazmağımın səbəbkarı oldu. Mən bu xeyirxahlığı heç zaman unutmaram. Biz ailəvi dost idik. Bir gün yenə bir yerə yığışıb söhbət edirdik ki, o, mənə Xurşudbanu Natəvan haqqında pyes yazmağımı məsləhət gördü. Elə bu söhbətdən sonra mən Natəvan haqqında axtarışlar etdim və “Xan qızı” adlı ilk pyesimi yazdım. Pyes üzərində işləyərkən nədənsə həmişə Xalq artisti Sədayə Mustafayevanın xoş siması gözlərimin önündən getmirdi. Sanki mən Xan qızı haqqında düşünərkən elə səhnədə artıq Sədayə xanımı görürdüm. Teatra təqdim etdim və bədii şurada oxuyub bəyəndilər. Tamaşanı hazırlamağı gənc rejissor Vaqif Şərifova həvalə etdilər. Rejissor rol bölgüsündə elə bil ki, qəlbimdən hər zaman keçənləri, duyğularımı oxumuşdu. O, ilk olaraq Xan qızı rolunu Sədayə Mustafayevaya verməyi planlaşdırırdı. Bundan sonra qəlbimdə heç də narahatçılıq qalmadı. Həm aktrisanın, həm də rejissorun gücünə yaxşı bələd idim. Əsərin uğurlu səhnə taleyi olacağına inanırdım və belə də oldu”.
Fəridə Əliyarbəylinin 80-ci illərdə qələmə aldığı “Qonşular” pyesi də maraqlı detalları ilə diqqətçəkən səhnə əsərlərindəndir. Sovet dövründə guya rüşvətxorluqla mübarizə pərdəsi altında əslində bir çox məsələlərin elə bu yolla həll olunduğunu göstərmək yazardan böyük cəsarət tələb edirdi. Fəridə Əliyarbəyli “Qonşular” pyesində korrupsiyaya qurşanan dövlət məmurlarına qarşı mübarizə aparılması yollarını göstərməyə nail olmuşdu. Tamaşanın quruluşçu rejissoru Hilal Həsənov müəllif fikirlərini öz rejissor traktovkasında səhnədə daha dolğun göstərilməsinə çalışırdı. “Qonşular” pyesi haqqında rejissor Vaqif Şərifov öz müsahibələrinin birində deyirdi: “Yadınıza gəlirsə, 1988-1990-cı illərdə meydanlarda mitinqlər gedirdi. O zamanlar sanki teatrın bir qismi meydana köçmüşdü. Bir dənə cəsarətli söz o dövr üçün kifayət idi. O dövrlərdə senzura vardı. Xatırlayıram, Fəridə Əliyarbəylinin “Qonşular” pyesini oynayırdıq. Bu pyes korrupsiya ilə mübarizəyə yönəlmişdi. Pyesdə fikir səslənirdi ki, uşaqlıqda oğurluq üstə yatan indi polis rəisidir və ya rüşvət alan təhsil şöbəsinin müdiridir. Bu kimi fikirlərə görə o dövrlərdə senzura bizə qan uddururdu”.
Bütün bunlarla yanaşı, xüsusi olaraq qeyd etməliyəm ki, Fəridə Əliyarbəyli poeziyada olduğu kimi, bütün səhnə əsərlərində də öz mövzularına daima sadiq qalırdı. Müəllif insanın daxili aləmi ilə yanaşı ictimai həyatda mövqeyinə də bir sənətkar münasibəti göstərirdi. Onun son illərdə qələmə aldığı bütün əsərlərində xüsusi olaraq Qarabağ hadisələri və baş verən olaylardakı faciələr, işğal altında olan torpaqlarımızda tökülən günahsız insan qanı, erməni vəhşilikləri bütün incəlikləri ilə göstərilməklə xatırlanır, yad edilirdi.
“Əzəldən qəm üstündə köklənmiş bu dünya kimsəni sona qədər sevmədi, ani, ötəri sevinclər qəmlə əvəzləndi. Gələn də, gedən də qəm odunda qovruldu” deyən Fəridə Əliyarbəyli 2011-ci ilin dekabr ayında Gəncədə əbədiyyətə qovuşdu. Öz misralarında deyildiyi kimi:
Dünya, nə qəmlisən yaranışından,
Gələn də peşiman, gedən peşiman.
Dünya, nə qəmlisən,
Nə qəmlisən sən.
Anar BURCƏLİYEV
teatrşünas