Bundan sonra Azərbaycan dövləti qalib dövlət kimi inkişaf edəcək

Bu gün Azərbaycan xalqı olaraq torpaqlarımızın işğaldan azad olunmasının sevincini və qürurunu yaşayırıq. 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Al iBaş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuz torpaqlarımızı işğaldan azad etdi, düşmənin hərbi birləşmələri darmadağın olundu. Bunun nəticəsində işğalçı Ermənistan məğlubiyyətini etiraf edərək kapitulyasiya aktına imza atmaq məcburiyyətində qaldı.

Hazırda qarşıda dayanan əsas vəzifəmiz azad olunmuş ərazilərimizdə quruculuq-bərpa işlərinin həyata keçirilməsidir. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin işğaldan azad olunmuş rayonlara mütəmadi səfərləri xalqımız tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılanır. Azad olunmuş ərazilərdə artıq böyük inkişafın təməlləri atılır. Məqsəd yalnız ölkə səviyyəsində deyil, həm də uğurlu inteqrasiyaya nail olmaqla, regional və beynəlxalq səviyyələrdə inkişafı təmin etməkdir. 30 ilə yaxın erməni vandalizminə məruz qalan torpaqlarımızda tezliklə canlanmanın və məskunlaşmanın şahidi olacağıq.

Azərbaycan Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın işğaldan azad edilmiş ərazilərə növbəti səfəri də bir sıra vacib layihələrə start verilməsi və əhəmiyyətli layihələrin reallaşması ilə yadda qaldı. Ağdam şəhərinin Baş Planı təsdiq edilərək onun əsasında şəhər planlı şəkildə bərpa olunacaqdır. Ağdam rayonunun tanınmış şəxsləri Baş Planla tanış olacaq və onların təklifləri də nəzərə alınacaqdır.
Ağdam şəhərinin infrastrukturunda da mühüm əhəmiyyətli dəyişikliklər olacaqdır. Prezidentimiz tərəfindən Ağdam şəhəri üçün çox önəmli və 140 illik tarixi olan 1 saylı məktəbin təməli qoyulmuşdur. Gələcəkdə iş yerlərinin yaradılması üçün Ağdam Sənaye Parkının təməli qoyulmuşdur. Bu parkın ərazisi təqribən 200 hektara yaxındır və orada yüzlərlə, bəlkə də minlərlə insan işlə təmin ediləcək.

Bərdə-Ağdam avtomobil yolunun təməli qoyulmuş və artıq yaxın gələcəkdə yol istismara veriləcəkdir. Eyni zamanda, Bərdə-Ağdam dəmir yolunun və dəmir yolu vağzalının tikintisi nəzərdə tutulur. İmarət kompleksinin bərpası ilə əlaqədar artıq işlərə start verilib. Ağdamda İşğal muzeyi və Zəfər muzeyi konsepsiyası artıq hazırlanıb. Bunlarla bərabər  böyük meşə sahəsinin təməli qoyulmuşdur. Şəhərin içində sahəsi 125 hektar olan böyük bir meşə zolağı, süni göllər, kanallar, körpülər yaradılacaq, bununla da bütün  Qarabağ zonası “yaşıl enerji” zonası olacaq. Bütün şəhərlər “ağıllı şəhər” konsepsiyası əsasında qurulacaq.

“Ağıllı” şəhər və kəndlərin fəaliyyəti smart cihazlardan əldə olunan məlumatlar üzərində qurulur. Bu cihazlar telefonlar və ya avtomobillərdəki sensorlar da ola bilər. Smart cihazlar vasitəsilə kifayət qədər məlumat əldə edildikdə isə məsul şəxslər şəhərin ehtiyaclarını müəyyənləşdirə və lazımi infrastruktur işlərinə start verə bilərlər. Hazırda bir çox “ağıllı şəhər”lərin bütün evlərində yalnız günəş enerjisindən istifadə olunur. Əsas nəqliyyat vasitələri isə elektriklə işləyən avtomobillərdir. Bu şəhərlərdə küçələr sensorlu işıqlandırma sistemləri ilə təchiz edilib. Bunların isə əhəmiyyəti böyükdür. Zamanla “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının bütün ölkə üzrə reallaşdırılması daha yüksək yaşam standartlarının tətbiqinə, kənd təsərrüfatında və istehsalatda yeni innovasiyalar sayəsində ciddi inkişafa, bütövlükdə isə enerji resurslarından səmərəli istifadəyə gətirib çıxara bilər. Bu məqsədlə Qarabağ bölgəsində həyata keçirilən faktiki layihələr gələcəkdə bütün ölkə üçün pilot layihə kimi baza rolunu oynaya bilər. Bütövlükdə, bu tipli layihələr bölgənin gələcək inkişafında mühüm rol oynayacaq.

 

Sabir Rzayev,

Masallı rayonunun gənc könüllüsü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.