Xalq yazıçısı Çingiz Abdullayev son günlər sosial şəbəkələrdə Azərbaycanda rus dilli məktəblərin bağlanması ilə bağlı irəli sürülən fikirlərə münasibət bildirib.
Öz feysbuk hesabında bu təkliflə razılaşmadığını qeyd edib:
“Bir daha başa düşməyənlər üçün… ABŞ alimləri bütün fənlər üzrə nə qədər dərsliyə ehtiyac olduğunu hesablayıblar. Argentina pampalarından Yupiterin peyklərinə, nüvə fizikasından Yeni Zelandiyanın flora və faunasına qədər təxminən beş min orijinal dərslik və nəticə… Əhalisi 50 milyondan az olan millətlər heç vaxt bütün bu dərslikləri öz dillərində çap edə bilməyəcəklər. Kifayət qədər mütəxəssis, alim, müəllim və tərcüməçi olmayacaq. Burdan hansı nəticəyə gəlmək olar? Əhalisi 50 milyondan az olan millətlər, elmi potensiallarının, elm və texnologiyalarının inkişafı üçün dünya dillərindən istifadə etməlidirlər. Əks təqdirdə alınmayacaq.
Dostumuz Tofiq Məliklinin təklifi ilə dövlət dilini qeyd-şərtsiz bilməklə yanaşı əks-təbliğatımızın və xarici dilləri bilməyimizin əhəmiyyəti barədə yazdığım yazını əlavə rus məktəblərinin açılması ilə bağlı tezisə çevirdilər. Heç nə anlamamaq üçün bu qədər qeyri-adekvat olmalısan! Bu, bilərəkdən insanları bir-birinə qarşı qoymaq üçün edilir. Bu qədər! Kim anlamadısa, öz problemidir! Başa düşən hər kəsə təşəkkür edirəm!”.
Bundan əvvəl isə Xalq yazıçısı öz fasebook səhifəsində qeyd edərək, rus məktəblərinin bağlanmasını istəyənlərə sərt sözlər yazmış, ölkədəki rus məktəblərinin bağlanmasına çağıran yerli millətçiləri tənqid etmişdi.
O qeyd edib ki, Rusiya mediasında erməni soyadlı jurnalistlər üstünlük təşkil edir və bu, lobbi fəaliyyətinin nəticəsi deyil: “Onlar rus dilində səlis danışan ağıllı, intellektual və istedadlı insanlardır”.
Buna baxmayaraq, o, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanın rus və ingilis dillərindəki çıxışlarını nümunə gətirərək aralarında ölkə başçımızın xeyrinə olan böyük fərqi qeyd edib.
Ç. Abdullayev xarici kanallarda demək olar ki, heç bir azərbaycanlının olmadığını, varsa belə, rus və ya ingilis dilində yaxşı danışmadıqlarını da qeyd edib.
“Hörmətli yerli cahillər! Ana dilini bilmək əvvəlcədən vacibdir və bu, müzakirə edilə bilməz… Ancaq bizim kimi kiçik bir ölkənin ən azından rus, ingilis, fransız və ərəb dillərini bilən minlərlə insana ehtiyacı var.
Əcnəbi dildə danışan yalnız jurnalistlərə deyil, xarici texnologiyaya yiyələnmiş zabitlərə, dünyada mədəniyyəti və elmi təmsil edən sənət və elm işçilərinə, və nəhayət siyasətçilərə ehtiyacımız var. Lobbimiz yoxdur, ona görə yox ki kimsə bizə bunu yaratmaqda mane olur. Düşüncəsizliyimiz, geriliyimiz, həsədimiz, cəhalətimiz – budur bizim əsas düşmənlər. Həm Qarabağda, həm beynəlxalq məsələlərdə, həm də xarici və daxili siyasətdə.
Bir yerli “fəal” in dediyi kimi, “biz rus dilindən qurtulmağı xəyal edirdik, indi ingilis dilindən necə qurtulaq”, – xalq yazıçısı statusunda qeyd edib.
Çingiz Abdullayev fərqli dillərdə məktəblərin sayının artmasına və uşaqlara xarici dilləri öyrənmək imkanı yaratmağa çağırıb:
“Bəlkə o zaman bir anda iki azərbaycanlı televiziya ekranlarında görünəcək və biz başqalarının lobbisini yada salmayacağıq. Həqiqətən, xəyal qurmaq zərərli deyil”.