Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir

Soykökü, dil, mədəniyyət və digər bu kimi ortaq mənəvi dəyərlərlə bir-birinə bağlı olan Azərbaycan və Türkiyə arasındakı münasibətlər bu gün də öz axarı ilə inkişaf etməkdədir. Təməlində qırılmaz dostluq və qardaşlıq telləri dayanan Azərbaycan-Türkiyə əlaqələri bütün istiqamətlərdə strateji önəm daşıyır.
Azərbaycan Respublikası öz müstəqilliyini bərpa etdikdən sonra xarici siyasətinin əsas istiqamətlərindən biri türk dövlətləri, xüsusən də Türkiyə Cümhuriyyəti ilə çoxcəhətli sıx əlaqələrin qurulması olmuşdur. Ümumiyyətlə, Türkiyə rəsmi və işgüzar dairələrində Azərbaycana münasibətdə həmişə xüsusi yanaşma mövcud olmuş, dövlət və hökümət, həmçinin digər müxtəlif səviyyəli görüşlərdə bu münasibət dəfələrlə vurğulanmışdır.
Qeyd edək ki, keçmiş Sovetlər Birliyi məkanında müstəqillik qazanmış beş türk dövlətindən coğrafi cəhətdən Türkiyəyə ən yaxın və xarici siyasət fəaliyyətində ona daha çox önəm verəni də məhz Azərbaycan olmuşdur. Ölkəmizin qardaş Türkiyə ilə münasibətləri Ulu öndər Heydər Əliyevin xalqın tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdışından sonra sürətli inkişaf mərhələsinə qədəm qoydu. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin “Türkiyə və Azərbaycan bir millət, iki dövlətdir!”, Mustafa Kamal Atatürkün isə “Azərbaycanın kədəri bizim kədərimiz, sevinci bizim sevincimizdir!” kəlamlarına əsaslanan Azərbaycan-Türkiyə əməkdaşlığı Prezident İlham Əliyevin ölkəmizə rəhbərliyi dövründə də yeni inkişaf mərhələsinə qədəm qoymuş, Türkiyə ilə münasibətlərimizdə ikinci nəfəs açılmışdır. Prezident İlham Əliyev 2003-cü ildən bu yana daim türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinin, eləcə də Türkiyə ilə münasibətlərin ən yüksək səviyyəyə çatmasının təşəbbüskarı kimi çıxış etmiş, bu istiqamətdə müsbət nəticələri olan bir sıra konkret addımlar atmışdır. Məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə Bakıda keçirilən Azərbaycan və Türk diaspor təşkilatlarının Bakı Forumu ümumtürk birliyinin daha da möhkəmlənməsinə mühüm təkan vermişdir. Bu gün hər iki ölkə rəhbərliyinin qarşılıqlı münasibətlərin prinsiplərini uğurla müəyyənləşdirmələri dövlətlərimizin və ümumən türk dünyasının birliyinin, həmrəyliyinin qırılmazlığını şərtləndirmişdir. Siyasi, iqtisadi, mədəni, humanitar, eyni zamanda hərbi sahələrdə əlaqələrimizin analoquna dünyada rast gəlmək mümkün deyil.
Türkiyə ilə Azərbaycanın bir-birinə qırılmaz tellərlə bağlandığını, bütün məsələlərdə eyni mövqedən çıxış etməsini təsdiqləyən faktorlardan biri də rəsmi Ankaranın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyidir. Belə ki, rəsmi Ankara Azərbaycan torpaqları işğaldan azad olmayınca, Ermənistan Türkiyə sərhədlərinin açılmasından söz gedə bilməz mövqeyi, daim saxlanılmış və hər zaman bu mövqe ön plana çəkilmişdir. Prezident İlham Əliyevin Avropa İttifaqının “Şərq tərəfdaşlığı” Proqramının sammitindəki çıxışı zamanı “Bu masa arxasında Türkiyə nümayəndələri yoxdur. Ancaq mən buradayam” deməsi, eyni zamanda dünyanın əksər ölkələrinin planetimizin ən böyük ədalətsizliklərindən birinə – erməni işğalına reaksiya vermədiyi dövrlərdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Qarabağ Azərbaycan qədər bizim də məsələmizdir” bəyanatı Azərbaycan-Türkiyə qardaşlığının sarsılmazlığının bariz nümunələridir. Dövlətlərimizin və xalqlarımızın bir-birini dəstəklədiyi belə məqamlar saysız-hesabsızdır və onları sadalamaqla bitməz.
Məlum olduğu kimi, Azərbaycan tarixinə qızıl hərflərlə yazılan 2020-ci ildə müdrik rəhbər, qətiyyətli sərkərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə mübariz xalqımız və rəşadətli ordumuz düşmən üzərində parlaq qələbə qazandı. Əslində Vətən Müharibəsi Azərbaycan ilə Türkiyə arasında əlaqələrin ən yüksək səviyyədə olmasının bütün dünyaya göstəricisi idi. Qırx dörd günlük qürur dolu tarixin ilk günlərindən qardaş Türkiyə Azərbaycana siyasi-mənəvi dəstək verdi. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açıq və birmənalı bəyanatlar səsləndirərək, bu müharibədə Azərbaycanın tək olmadığını, Türkiyənin hər zaman dövlətimizin və xalqımızın yanında olduğunu bildirdi. Bu da təbii olaraq gücümüzə güc qatmaqla əldə etdiyimiz möhtəşəm tarixi qələbədə mühüm rol oynadı. İyunun 15-də Şuşada imzalanmış “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” isə iki dövlət və onların xalqları arasındakı birliyin, doğmalığın, dostluğun və qardaşlığın növbəti təzahürü oldu. Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 2021-ci il 15 İyun – Milli Qurtuluş Günündə imzaladıqları “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi” ilə bu yaxınlığın, birliyin, doğmalığın, dostluğun və qardaşlığın yeni – qızıl dövrü başladı. Həmin sənəddə birgə milli mənafelər baxımından siyasi, hərbi və təhlükəsizlik sahələrində əlaqələndirilmiş ortaq fəaliyyətin təşviq edilməsi də xüsusi yer tutur.
Şanlı Qələbənin şərəfinə dekabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Bakının ən böyük meydanı olan “Azadlıq meydanı”nda möhtəşəm Zəfər Paradı keçirildi. Xüsusi vurğulamaq lazımdır ki, Rəcəb Tayyib Ərdoğanın Bakıda Azadlıq meydanında keçirilən Zəfər Paradında Prezident İlham Əliyev ilə çiyin-çiyinə dayanması ölkələrimizin birliyini, xalqlarımızın qardaşlığını bir daha bütün dünyaya nümayiş etdirdi. Eyni zamanda bir il sonra “Azərbaycan – Türkiyə strateji müttəfiqlik münasibətləri Qafqaz və region üçün sülh və sabitlik mənbəyidir” mövzusunda Şuşada keçirilən beynəlxalq konfransı əslində mövcüd dostluğun və əməkdaşlığın davamıdır desək, heç də yanılmarıq. Tarixən Azərbaycanı daim Türkiyədən ayrı salmaq, əlaqələrinin tamamilə kəsmək mövqeyində dayananlar yenə də öz istəyinə nail ola bilmədilər.Çünki artıq reallaşma astanasında olan Zəgəzur yolu Arazboyunu kəsib depoya çevirənlərə, bizi doğma Naxçıvanımızda ayrı salan və Türkiyə ilə möhkəm telləri qoparmağa çalışan qüvvələrə tarixi cavab və minillərlə ata babalarımızın qurduğu nizama tarixi qayıdışdır. Sözsüz ki bu qayıdışın təməl sütünü Türkiyə Azərbaycan qardaşlığı və birliyidir.
Bu günlərdə aqustun 9-u Konya şəhərində keçirilən V İslam Həmrəyliyi Oyunları dünyaya mesaj anlamına gələn birliyimizin bir simvoluna çevrildi . Belə ki, oyunlar üçün xüsusi olaraq lalə formasında hazırlanmış Loqoda ərəb dilində “qardaş” sözünü bildirən “ أ خ” sözünün yer alması, əl-ələ verib hər iki ölkə liderinin səmimi görüntüləri əslində qardaşlığın bütün dünyaya nümayişidir desək, heç də yanılmarıq. Bugün Türkiyə ilə Azərbaycanı nəinki tarixi köklər, adət və ənənələr, həm də dövlətlərimizin müstəqilliyi və suverenliyinin möhkəmləndirilməsi, regionumuzda sülhün və sabitliyin bərqərar edilməsi kimi ümummilli mənafelər birləşdirir. Bu iki türk dövlətinin sıx, bərabərhüquqlu və səmərəli əməkdaşlığı zamanın hökmüdür, tariximizdən irəli gələn obyektiv zərurətdir.
Yaşasın Türkiyə-Azərbaycan qardaşlığı və birliyi!
Azad Bayramov, ADAU-da kafedra müdiri,
Filosof, Professor.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.