İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun anadan olmasının 100 illiyinə həsr olunur!
Bu yaxınlarda yazıçı-jurnalist Ruhulla Zahidov Velikiy Novqorod şəhərinə olan işgüzar səfərdən qayıdıb. Publisistin bu səfərinin məqsədi – ilk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədovun, bizim həmyerlimizin, qəhrəmanlıq və şücaət göstərdiyi yerlərdə olmaq, onun qızlarını tapmaq, Velikiy Novqorod və Gəncə şəhərləri arasında dostluq əlaqələri yaratmaq idi. Axı, İsrafil Məmmədovun şəxsiyyəti qəhrəmanlıq rəmzi olan Gəncə və Velikiy Novqorod kimi əfsanəvi şəhərləri hal-hazırda da bir-birinə bağlamaqdadır. Bundan əlavə, həmyerlimizin göstərdiyi əsgəri şücaəti imkan daxilində gənc novqorodluların diqqətinə çatdırmaq üçün gözəl fürsət idi.
Rusiyaya səfərindən bir az öncə Ruhulla Zahidov müəllifi olduğu “İlk azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı İsrafil Məmmədov” adlı kitabını nəşr etdirmişdi, bu isə onun Rusiyaya səfərə hərtərəfli surətdə hazırlıqlı getdiyinə dəlalət edirdi. Bundan əlavə, o həm də “Qəhrəmanlar ölmür” sənədli filmin müəllifidir.
Kitabın və filmin müəllifi haqqında bəzi fikirlərimizi xüsusilə qeyd etmək istərdik. Baxmayaraq ki, Zahidov 1965-ci ildə anadan olub, o, Böyük Vətən müharibəsi mövzusu ilə çox maraqlanır. Bu mövzu onu tamamilə özünə cəlb etmişdir. O, tanınmış xarici və sovet yazıçılarının müəllifi olduğu yüzlərlə kitabları və onlarla sərkərdənin yazdığı xatirələri və memuarları oxuyub. Bu müharibədən bəhs edən yüzlərlə filmləri izləyib, demək olar ki, müharibə haqqında bütün mahnıları əzbər bilir. Ruhulla müəllim peşəkar jurnalist təhsilini Ukraynanın Lvov şəhərində və Bakı Dövlət Universitetində alıb. O, vətənpərvərlik, hərbi-vətənpərvərlik və müharibə mövzusu üstünlük təşkil edən 25-dən artıq kitabın müəllifidir.
Onu da qeyd edək ki, Ruhulla Zahidov bu səfərinin bütün xərclərini özü çəkmişdir. Hərçənd, o, qəti şəkildə bunun nəzərə çatdırılmağının əleyhinədir.
-İsrafil Məmmədovun öz adını əbədiləşdirdiyi və xalqımızın adına əbədi şöhrət gətirdiyi yerlərə, Velikiy Novqoroda getməsəydim, bunu özümə bağışlaya bilməzdim,- Ruhulla Zahidov deyir.
Mənə çox adamlar bu səfərlə bağlı kömək edəcəyinə söz vermişdi, lakin bir nəfərdən başqa (onun adının anonimliyini saxlamağı bizdən xahiş etdi) heç kim bu addımı atmadı. Lakin iş bunda deyil. Əsası odur ki, qəlbən görmək istədiyimiz bu işi həyata keçirə bildik.
28 iyulda Gəncədən Sankt-Peterburqa təyyarə reysi ilə uçduq, oradan isə avtobusla Velikiy Novqorod şəhərinə yollandıq. Bu şəhər həqiqətən də Velikiy (Böyük, ulu) adını daşımağa layiqdir. Bu şəhərin zəngin və şöhrətli keçmişi vardır. Və İsrafil Məmmədov da əsgəri rəşadəti məhz burada göstərmişdir.
Əvvəlcə, şəhərin Veteranlar Şurasını axtarıb tapdım. Onlarla bəxtim gətirdi.Şuranın sədri- Pilyavskaya Nina İvanovna çox səmimi insan idi. Bütün işlərdə o mənə ürəklə, səmimi qəlbdən kömək etdi. İsrafil Məmmədovu burada yaxşlı tanıyır, onun xatirəsini hörmətlə yad edirlər. Mən qəhrəmana həsr etdiyim kitabı veteranlara bağışladım.
Mən yerli azərbaycanlılardan ibarət diaspora üzvləri ilə də əlaqə yaratdım. Xüsusilə də diasporanın sədri Elşad Qurbanov ilə dostlaşdıq. O bütün işlərini bir kənara qoyub mənimlə axtarışa çıxdı. Diaspora sədri bu işdə həqiqətən də çox köməklik etdi. Məhz onun sayəsində mən qəhrəmanın qızı Qalinanı tapıb görüşə bildim.Ona və Novqorod veteranlarına “çox sağ olun”- deyirik!
Mənim əsas məqsədimdən biri- qəhrəmanın qızlarını tapmaq idi. Məndə onlar haqqında olan məlumatların az qala 40 illik tarixi vardı. Bu illər ərzində heç kim onunla əlaqə saxlamamışdı. İndi isə onların 76 yaşı olmalı idi. İndi sağdırlarmı, -ürəyimdən keçirtdim.Əkiz bacılardan biri-Qalinanın Riqa şəhərində yaşadığını bilirdim. Digəri – Svetlana, Novqorodda yaşayırdı. Çox çətinlikə də olsa, onun yaşadığı binanı axtarıb tapa bildik. Onun 2016-cı ildə həyatdan köçdüyünü öyrəndik. Bununla belə, başqa bir işdə bəxtimiz gətirdi. Demə, Qalina Riqadan bacısının evinə köçübmüş. Mənə qəhrəmanın qızı ilə görüşmək qismət oldu. Özümü təqdim edəndə Qalina bir azca təəccüb hissi keçirtdi. Axı, uzun illər ərzində vətəni Azərbaycandan heç kim onunla maraqlanmamışdı, qohumlarından da bir xəbər-ətər yox idi. Və birdən… kimsə qəhrəmanın qızlarının axtarışına çıxıb!
-Həə, heç diaspora da bu illər ərzində bizim varlığımızdan nədənsə xəbər tutmayıb, -onun səsində narazılıq və inciklik aydın sezilirdi.
Mən onun atasının xatirəsinin vətəndə əziz tutlduğunu və onun yadigarı olan qızlarının Gəncə şəhərində və doğma Qapanlı kəndində unudulmadığını sübut etmək zorunda qaldım. Sözlərimə sübut kimi yazdığım kitabı ona təqdim etdim. Bu kitabda atası haqqında geniş məlumatlar vardı, kitabda onun və ailə üzvlərinin çoxlu sayda şəkilləri yer almışdı. Dövlətimizin başçısının Böyük Vətən müharibəsi veteranları ilə görüşləri zamanı çəkilən şəkillərə baxdıqca, bu insanlara olan hörmət və izzəti , hər il 9 May Qələbə bayramının atasının məzarı yanında qeyd edildiyini bidikdə, onun sifətinin necə sevincə boyandığı aydın sezilirdi. O, atası ilə fəxr edirdi. Özünü, sözün əsl mənasında, neçə illər ərzində əlaqlərinin üzüldüyü xalqının bir sevimli övladı olduğunu hiss edirdi. Bu hissləri təsvir etməkdə acizəm.
Getdikcə Qalinanın bizə olan münasibəti dəyişdi, bizə daha doğma münasibət bəsləməyə başladı.Aramızda qarşılıqlı isti münasibət yarandı.”Bizimlə vətənə gedərsinizmi? Biz sizin bütün xərclərinizi ödəyərik, -sualına yox, cavabını verdi,- Yaş o yaş deyil!
-Əmim oğlu Qabildən sonra mənim Gəncə ilə olan bütün əlaqələrim qırılıb,- Qalina bildirdi…
Mən onun doğmalarının hələ də onları axtardığını bildirdim, zəng vurub bibisi oğlu Füzuli ilə danışdırdım. Qalina bu zəngə çox sevindi.
Biz Qalina ilə söhbət edərkən onun, bizdən gizlətməyə çalışsa da,həyacanlandığını, bu söhbətin onun qəlbində dərin iz buraxdığını, gözlərinin azca yaşardığını sezirdik. Biz dost kimi ayrıldıq və yenə də onun ziyarətinə gələcəyimizə söz verdik. O, bizi gözləyəcəyini bildirdi.Mən ona Gəncədə 9 May Qələbə gününün necə təntənəli keçirildiyini özündə əks etdirən və atası haqqında çəkilmiş sənədli filmin kompakt-diskini bağışladım. –Mümkünsə, bu filmi rus dilinə tərcümə edin ki, mən də atam haqqında deyilən o xoş sözləri eşidim, – Qalina bizdən xahiş etdi.
Missiyamın ikinci hissəsi qəhrəmanın rəşadət göstərdiyi Pustınka kəndini ziyarət etməkdən ibarət idi. Lakin nədənsə mənə bu səfəri təxirə salmağı məsləhət gördülər və müxtəlif səbəblər gətirdilər. Bunun əvəzində mən Novqorodda yerləşən Döyüş Şöhrəti Zalına baş çəkdim.Geniş zallardan ibarət böyük bir binada yerləşir.Novqorodluların öz tarixlərinə necə hörmətlə yanaşdığına hörmət hisslərim daha da artdı. Kaş bizdə də belə olaydı, -bir anlıq ürəyimdən keçdi. Burada Böyük Vətən müharibəsi ilə bağlı çoxlu sayda eksponatlar yerləşdirilib. O dövrün yadigarı olan silahlar-əsl toplar, avtomatlar, pulemyotlar!.. Novqorod uğrunda gedən döyüşlərdə qəhrəman adını almış insanların portretləri asılmış stendlər! Heyf, onların arasında İsrafil Məmmədovun bircə şəkili belə yoxdur! Bu məni və diaspora üzvlərini çox mütəəssir etdi. Azərbaycanlılar öz narazılığını gizlətmədilər.Muzey işçisi İsrafil Məmmədov haqqında heç bir informasiyalarının olmadığını, əgər belə məlumatlara malik olarlarsa, ayrıca guşənin yaradılacağına söz verdilər. Biz də öz növbəmizdə bu məlumatları mütləq onlara göndərəcəyimizə söz verdik. Onu da bildirim ki, mən İsrafil Məmmədov haqqında şəkillərdən və yazılı məlumatlardan ibarət informasiyanı diaspora sədrinə göndərsəm də, hələ də bu məlumatlar muzeyə təqdim olunmamışdır…
Muzeydə maraqlı bir mübahisə də yarandı. Muzeyin əməkdaşları İ. Məmmədov haqqında maraqlananda biz onun göstərdiyi qəhrəmanlığı ətraflı təsvir etməyə, tarixlər və faktlar gətirməyə çalışdıq. Muzeyin əməkdaşı olan qadın qeyd etdi: “Dostlar,sizin dedikərinizə düzəliş etməyə məcburam. Novqorod sentyabr ayında işğal edilib. Siz isə noyabrda gedən döyüşlər haqqında danışırsınız.” Mən cavabında dedim:- Şəhərin sentyabr ayında sol sahil hissəsi işğal olunmuşdu, sağ sahil hissəsində isə qanlı döyüşlər gedirdi. Bu aylarda şəhər uzun, qanlı döyüşlər aparırdı.” Bir az mübahisə etdik. Digərləri də qoşuldu.Onlardan biri dedi:-“Bilirsiniz, azərbaycanlı qonaqlar tam haqlıdırlar. Sadəcə, onlara afərin! Onlar bizim tariximizi biz mütəxəssislərdən də yaxşı bilir!”
Bizim missiyamız ilə maraqlanarkən onlar həqiqətən də ürəkdən təəccübləndilər.Onlar təəccübünü gizlətmədilər.-“Düşünürük ki, azərbaycanlılar bu işdə həqiqətən də bizə nümunə ola bilərlər, -onlardan biri qeyd etdi. Biz onların bu sözlərinə çox sevindik.
Müharibə haqqında yazdığım kitabı görəndə Novqorodlular bizə daha hörmətlə yanaşmağa başladılar.”Novosti Qyandji” qəzetinin 9 May 2016-cı il buraxılışını görəndə, onlar əvvəlcə əyalət şəhərində rus dilində çıxan dövlət qəzetinin fəaliyyət göstərdiyinə və Böyük Vətən müharibəsinin tarixinə belə maraq göstərdiyinə inanmadılar və düzü, təəccübləndilər. Mənim haqqımda orada məqalənin dərc edildiyini və kitablarım haqqında məlumatları oxuyanda , onlara nisbətən Azərbaycanda bu müharibənin daha çox öyrənildiyini qeyd etdilər.
Velikiy Novqorodda mən çox maraqlı görüşlər keçirtdim, yaxşı insanlar ilə tanış oldum.Rus xalqının geniş ürəyə, zəngin mənəviyyətə malik olduğuna bir daha şahid oldum.Çox mülayim, istiqanlı, sadə və ürəyiyumşaq xalqdır.Mənim buraya nə üçün səfər etdiyimi biləndə hər bir kəs əlindən gələn köməkliyi göstərməyə çalışırdı.Bu qəzet vasitəsilə mən rus xalqına öz təşəkkürümü bildirirəm! ( Bu qəzetdə çıxan müsahibəni Novqoroda göndərməyi planlaşdırıram).
Mənim Novqoroda olan səfərim diqqətdən kənarda qalmadı. Rusiya azərbaycanlıları ittifaqının mətbuat katibi Anar Həsənov mənim “Brest qalasının azərbaycanlı qəhrəmanları”, “Yaltanın azad edilməsi” və s. kimi layihələrimlə çox maraqlandı və İsrafil Məmmədov haqqında filmin yeni formatda çəkilməsi ideyası ortaya çıxdı. Maraq varsa, bircə, qərara gəlmək və işə başlamaq qalır.
Mənim qarşımda məqsəd var idi və mən bu məqsədləri həyata keçirmək üçün işə başlamışam. İstərdim ki, Gəncədə və Qapanlı kəndində İsrafil Məmmədovun adını daşıyan məktəblər Velikiy Novqorod şəhərindəki bir məktəblə dostlaşsın, xalqlarımız arasında sovetlər birliyində olduğu kimi dostluq dövlət səviyyəsində bərpa olunsun. Yaxşılıq heç vaxt yaddan çıxmır.Və istərdim ki, bizim gənclər, istərsə də rus və digər xalqları təmsil edən gənclər olsun, öz tarixlərini unutmasınlar.
(Məqalə rus dilindən tərcümə olunmuşdur.)
Mahir İsayev, “Novosti Qyandji” qəzeti, 1-17 sentyabr, 2019-cu il.
Şərhlər oxunmur. Xahiş edirik şərhləri yazarkən
saytın emailinə göndərəsiniz.
Salam,vaxtında toxunulmuş məsələdir