***
İyunun 2-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) İmişli bölgəsi üzrə şöbəsi və Saatlı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə “İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi Qaydası”nın şərtləri ilə bağlı din xadimlərinin maarifləndirilməsi məqsədilə görüş keçirilib. Keçirilən tədbirdə DQİDK-nın şöbə müdiri Cavanşir Bəhrəmov və şöbənin əməkdaşları, Saatlı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elşən Əzizov, Saatlı rayonunda fəaliyyət göstərən din xadimləri və din xadimi olmaq istəyən şəxslər iştirak ediblər.
DQİDK-nın Bakı şəhər şöbəsinin əməkdaşı Amal Məlikov, Binəqədi Rayon İcra Hakimiyyəti baçşısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Elnur Məmmədov, dini icma sədrləri, imamlar və imam müavinlərinin iştirakı ilə görüş keçirilib.
Bu istiqamətdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin təşəbbüsü və Suraxanı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Əmircan qəsəbəsi “Murtuza Muxtar” məscidində keçirilən növbəti görüşdə DQİDK əməkdaşı Aqil Əlisoy, Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsi müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Azad Əzizov, rayonun din xadimləri və icma sədrləri iştirak ediblər.
Lənkəran rayonu Lüvəsər kənd məscidində təşkil edilmiş görüşdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran bölgəsi üzrə şöbəsinin əməkdaşı Emin Həmidli, din xadimləri, həmçinin din xadimi olmaq istəyən namizədlər iştirak ediblər.
Cəlilabad rayonunda keçirilən görüşdə isə Masallı bölgəsi üzrə şöbənin müdiri Elvin Hüseynli, din xadimləri və din xadimliyinə namizəd olan şəxslər iştirak ediblər.
Növbəti belə görüş Komitənin Zaqatala bölgəsi üzrə şöbəsi, Zaqatala rayon İcra Hakimiyyəti, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) nümayəndələrinin birgə təşkilatçılığı ilə keçirilib. Görüşdə DQİDK-nın şöbə müdiri İlqar Vəliyev, Zaqatala RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini – dini qurumlarla işin təşkilatçısı Ramin Həsənov, QMİ-nin Zaqatala rayonu üzrə qazısı Malik Bilalov, səlahiyyətli nümayəndəsi Rasim Musayev, dini icma sədrləri və din xadimləri iştirak ediblər.
Çıxışlarda İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyin olunması, attestasiyası və tutduğu vəzifədən azad edilməsi qaydaları, din xadiminin təyin edilməsi məqsədi ilə müsahibə elanının verilməsi ilə bağlı təşkilati məsələlər izah edilib, müsahibə komissiyasının tərkibinin formalaşdırılması, reqlamenti və müsahibənin keçirilməsi qaydası iştirakçıların diqqətinə çatdırılıb.