Cəmiyyəti düşündürməyən yeganə sual-Biz niyə kitab oxumalıyıq?

Hər şeydən öncə kitabı bilik qazanmaq üçün oxuyurlar, kitabı həm də müxtəlif ideyalara sahib olmaq, dünyagörüşünü zənginləşdirmək üçün də oxuyurlar və bütün bunlar əslində sizin həyat tərzinizə təsirsiz ötüşmür.

Yaxşı bəs kitab oxumaq insana nə verir? Kitablarda kitabı yazanların böyük təcrübəsi, biliyi, ideyaları, metodları, strategiyaları olur.

Kitablar dünyagörüşünü formalaşdırır-düzgün kitab oxumaqla insan tədricən dünyagörüşünü formalaşdırır, dünyaya baxışını genişləndirir və dərinləşdirir, təfəkkürünü inkişaf etdirir, düşünmək və analiz etmək bacarığını artırır.

Kitab oxumaqla hansısa bir obrazın qismində özünə ideal tapa bilirsən, bu obrazı real həyatda yaşamağa çalışırsan.

Kitab oxumaqla siz bir çox suala cavab tapa bilərsiniz. Sizdən öncə yüzlərlə, minlərlə insan sizin yaşadığınızı təcrübədən keçirmiş ola bilər. Odur ki, kitablar onların həyat təcrübəsini öyrənmək sizin köməyinizə gələ bilər. Bu kitabları oxumamaq axmaqlıq olardı.

Kitab insana motivasiya verir, ruhlandırır, daha müsbət nəticələr əldə etməyə kömək edir. Kitablar bilmədiyimiz dünyaları bizə açır. Ağlının yeni tərəflərini sənə açır, əvvəl heç vaxt diqqət etmədiyin bacarıqlarını ortaya çıxarır.

Kitab səni düşündürən bir çox məsələlərə aydınlıq gətirir: doğrudanmı sən bu işlə məşğul olmaq üçün bu dünyaya gəlmisən?

Hər kəsə məlumdur ki, biz informasiya əsrində yaşayırıq və informasiyanın önəmi çox böyükdür, hər yandan məlumat alırıq. Beynimiz lazımlı, lazımsız hər cür informasiya ilə doludur. İnsan hansı məlumatın ona lazım, hansının isə lazım olmadığını bilməyə məcburdur.

Ən maraqlısı odur ki, siz az da olsa hər gün kitab oxuyursunuzsa, bu, vərdiş halına gəlir və öz müsbət nəticəsini verir. Hər gün az miqdarda aldığınız bilgi gün gələcək tam bilgiyə çevriləcəkdir.

Yaxşısı budur ki, lazımsız kompüter oyunları yerinə dahi insanların yazdıqları kitabları vərəqləyin, vaxtınızı düzgün dəyərləndirin, ani, keçici həvəslərə deyil, sizə çox şeyləri öyrədəcək kitablara sərf edin.

İndiki dövrdə insanlar qızıl vaxtlarının dəyərini bilmirlər, əvvəllər televizor, kompüter olmayan vaxtlarda insanlar daha çox kitab oxuyurdular. Ona görə də onlar daha maraqlı, təhsilli, savadlı və dərin olurdular.  Digər bir tərəfdən şəxsi həyat, fərdi inkişaf tərzi nöqteyi-nəzərindən kitablar  insana öz daxili aləmini tanımağa imkan yaradır.

Onu da əlavə etmək lazımdır ki, kitab oxumağı da bacarmaq lazımdır, beləki, kitablar çox müxtəlifdirlər. İnsan var çox şey bilir, oxuyur, amma real həyatda bunu göstərmir, tətbiq etmir. Odur ki, kitab oxuyan hər kəs passiv deyil, həm də aktiv olmalıdır. Hərəkət etməlidir, biliyini paylaşmalı, tətbiq etməlidir.

Kitab seçərkən bu gün sizə maraqlı olan, aktual olan kitabdan başlayın oxumağa. Əks halda oxumaq maraqlı olmayacaq. Misal üçün, siz daha çox pul qazanmaq istəyirsiniz, o zaman pul qazanmağın yollarından bəhs edən uğur hekayələri haqqında oxumaq sizə maraqlı gələr.

Sizcə, bu günümüzdə bu qədər seminarların, kursların, təlimlərin keçirilməsinə səbəb nədir? Çünki insanlar lazımlı biliyi almaq istəyir.

Kitab mağazalarında uğura aparan yollarla bağlı yüzlərlə kitab tapmaq olar, amma sadəcə kitab oxuyub, əli -qolu bağlı oturmaqla uğur qazanılmaz. Hərəkətə keçmək lazımdır. Əlbəttə, bu o demək deyil ki, tətbiq etmiyəcəksənsə kitab oxuma. Elə kitablar var ki, onlar sadəcə oxumaq üçündür. Onları oxuyub şəxsi münasibətlərdə düzgün davranıb-davranmadığını anlayırsan. Ətrafındakı insanların psixologiyasını daha yaxşı dərk etmiş olursan. Hansısa bir olayı daha yaxşı dəyərləndirmiş olursan.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.