“Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri mükafatlandırıldı

Aprelin 30-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsi qaliblərinin mükafatlandırma mərasimi keçirilib.

Tədbirdə çıxış edən mədəniyyət nazirinin birinci müavini Vaqif Əliyev son illər ölkəmizdə teatr sahəsinin inkişafına göstərilən dövlət qayğısından danışıb. Vurğulayıb ki, Azərbaycan müstəqillik qazandıqdan sonra teatrlarımız yeni mərhələyə qədəm qoyub. Prezident İlham Əliyevin təşəbbüsü ilə son illərdə teatr sənətinin inkişafı ilə bağlı bir sıra fundamental dövlət sənədləri qəbul olunub. 2006-cı ildə “Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu qəbul edilib. Bu qədim yaradıcılıq sahəsinin çağdaş inkişaf mərhələsinə dair qanunda dövlətin teatr sənətinə xüsusi əhəmiyyət verməsi rəsmən bəyan olunub. 2007-ci ildə dövlət başçısı teatr sahəsi ilə bağlı daha bir mühüm sənəd – “Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında” sərəncam imzalayıb.

2009-cu il mayın 18-də isə Prezidentin sərəncamı ilə “Azərbaycan teatrı 2009-2019-cu illərdə Dövlət Proqramı”nı təsdiq edilib. Azərbaycan teatrının 10 illik inkişaf perspektivlərini müəyyənləşdirən Dövlət proqramı öz fəaliyyəti ilə milli-mədəni sərvətə çevrilən teatrımızın zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, Avropa mədəniyyətinə inteqrasiya olunması, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, teatr binalarının dünya standartlarına uyğun təmiri, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi və repertuarın günün tələblərinə uyğun formalaşdırılması məqsədlərinə xidmət edib.

Ölkəmizdə hər zaman mədəniyyət xadimlərinə, ziyalılara böyük diqqət və qayğı göstərildiyini söyləyən Vaqif Əliyev bu ilin martında Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünü ölkəmizin ictimai həyatında böyük əks-səda doğuran mühüm hadisələrdən biri kimi qiymətləndirib. Bildirib ki, Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında ölkə başçısının müvafiq sərəncamları ilə bütün dövlət teatrlarına vəsait ayrılıb. Eyni zamanda Azərbaycan Dövlət Musiqili və Azərbaycan Dövlət Rus Dram teatrlarına “akademik” statusu verilib.

Müsabiqə barədə ətraflı məlumat verən mədəniyyət nazirinin birinci müavini deyib ki, “Birpərdəli pyeslər” müsabiqəsi  Mədəniyyət Nazirliyi tərəfindən 2018-ci il sentyabrın 11-də elan olunub. Müsabiqənin təşkilində məqsəd xalq teatrlarının repertuarlarını kiçik həcmli tamaşalarla zənginləşdirmək, ədəbi-bədii və mövzu baxımından yüksək dəyərə malik dram əsərlərinin yazılmasına stimul vermək, yeni nəsil dramaturqların yaradıcılığını dəstəkləmək, tamaşaçıların mənəvi-estetik zövqünün formalaşması üçün birpərdəli pyeslər əsasında müasir tamaşaların hazırlanmasını təmin etməkdir. Müsabiqəyə təqdim edilən pyeslərin mövzusu vətənpərvərlik, 2016-cı ilin Aprel döyüşləri, multikulturalizm, mənəvi dəyərlər, dövrümüzün sosial-əxlaqi problemləri, sosial şəbəkələrin cəmiyyətə təsiri, dini radikalizmin fəsadları və digər aktual məsələləri əhatə edib.

Vaqif Əliyev bildirib ki, müsabiqəyə təqdim olunmuş əsərlər tanınmış mədəniyyət xadimlərindən ibarət müsabiqə komissiyası tərəfindən qiymətləndirilib. 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilib.

Müsabiqə komissiyasının gəldiyi ümumi nəticəyə müvafiq olaraq I yeri “Payız meşəsində vals” pyesi ilə Firuz Mustafa, II yeri “Ölümə gedən” pyesinə görə Cavid Zeynallı, “Al çobanyastığı ləçəkləri” pyesinə görə  Sevinc Nuruqızı III olub.  I yer üzrə qalibə 2000 (iki min), II yerin sahibinə 1500 (bir min beş yüz) və III yerin qalibinə isə 1000 (bir min) manat məbləğində pul mükafatı və Mədəniyyət Nazirliyinin diplomu nəzərdə tutulub.

Daha sonra Vaqif Əliyev qaliblərə mükafatları təqdim edib, onlara yeni yaradıcılıq uğurları arzulayıb. Qeyd edib ki, müsabiqədə uğur qazanmış əsərlər toplu şəklində çap olunacaq və xalq teatrlarında səhnələşdiriləcək.

Qalib müəlliflər çıxış edərək müsabiqənin təşkilinə görə Mədəniyyət Nazirliyinə minnətdarlıqlarını bildiriblər.

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.