Bir müəllimin uğuru bir məktəbin uğurudur

Beşikdən başlayan bir sevgidir Vətən sevgisi.Ta qədimdən nənələrimiz körpələri yatızdıranda  laylalarla birgə şifahi xalq ədəbiyyatının ən geniş yayılmış növlərindən hesab olunan bayatılara da müraciət edərmiş. Bu bayatılar ən çox vətənpərvərlik ruhunda deyilən bayatılar idi:
Burda yolum oldu tən,
Varmı bu yoldan ötən?
Bu dünyaya şirin şey,
Bir anadır, bir Vətən.
Və yaxud:
Yetdi arxa dolandı,
Sular çarxa dolandı.
Düşmən elin gücündən,
Qorxa-qorxa dolandı.
      Bu bayatılar Vətən sevgisinin, el vəhdətinin təzahürüdür. Əlbəttə ki,  bu bayatılarla böyüyən körpələr əsl vətənpərvər ruhunda tərbiyə almış bir vətəndaş kimi addım atır gələcəyə doğru.
     Ailə ilə yanaşı ən böyük vətənpərvərliyin aşılanması isə tədris müəssisələrində müəllimlər tərəfindən həyata keçirilir. Hər bir peşəsinin vurğunu olan müəllim sabahın vətənpərvər gəncini yetişdirilməsində müstəsna rol oynayır. Əsl müəllim kəlmələrlə izah etdiyi vətənpərvərlik dərsini əməli ilə də göstərməlidir!
    44 günlük haqq savaşımızda ön cəbhədə əlində qələm yox silah tutub vətənin azadlığı naminə döyüşüb vətənpərvərlik sevgisini təkcə sözdə yox, eyni zamanda əməlində  göstərən müəllimlərimiz kifayət qədər idi. Hətta onların sırasında şəhid olanlar Gəncə şəhər 14 saylı tam orta məktəbin müəllimi Rabil İsmayilov və 16 saylı tam orta məktəbin müəllimi Rəşad Məmmədov dərslə yanaşı şagirdlərinə və gələcək nəsillərə öz əməlləri ilə vətənpərvərliyi aşıladılar.
    26 saylı fizika-riyaziyyat və informatika təmayüllü məktəb-liseyin ibtidai sinif müəllimi Ramilə Əhmədova  haqqında bir neçə dəfə məqalələrim dərc olunub. Bu özü gənc ancaq elmi, təfəkkürü yaşlı olan müəllim eyni zamanda yüksək vətənpərvərliyi və təşkilatçılığı ilə seçilir və məktəbin direktor əvəzi Səbahi Nəsibovanı hər zaman heyrətləndirməyi bacarır. Mütamadi şəkildə  fidan balalara Vətən sevgisini təşkil etdiyi tədbirlədə təcəssüm etdirən müəllim zəfər bayramında da yepyeni bir ideya ilə müəllimlər arasında seçilib şagirdlərin sevgisini qazandı. Məhz Ramilə Əhmədovanın atdığı bu məqsədyönlü addımların nəticəsidir ki, 2020-2021-ci tədris ilində uğurla başa çatdırdığı sinif şagirdləri mütamadi şəkildə müəllimləri ilə əlaqə saxlayaraq öz dərslərində qazandıqları nailiyyətləri ilk onunla bölürlər. Budur müəllim sevgisi, budur şagirdlərinə qayğı ilə yanaşmaq. Əgər bir müəllim şagirdləri arasında sevilərsə demək onun dərsləri sevilib. Bu isə müəllimin uğurudur. Bir müəllimin uğuru bir məktəbin uğurudur, bir məktəbin uğuru isə bir xalqın uğuru hesab olunur. Yolun daim uğurlu olsun, müəllim!
Eltun Türkel,
şair-publisist.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.